Xəbər lenti


Bir çoxlarımızda belə bir təsəvvür var ki, 1918-ci ildə Bakını rus-erməni işğalından xilas edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa 1949-cu ildə erməni daşnakları tərəfindən öldürülüb. Beynimizə bu qənaətin yerləşməsi, yəqin ki, təsadüfi deyil. 1918-1920-ci illərdə Azərbaycanın istiqlaliyyəti üçün böyük mübarizə aparmış əksər tarixi şəxsiyyətlərimiz həqiqətən də erməni terrorunun qurbanı olublar. Görünür, Nuru Paşanın da ermənilər tərəfindən qətlə yetirilməsi düşüncəsi məhz bu səbəbdən ortaya çıxıb. 

 

Açığını deyim, mən də belə düşünənlərdən idim. Fəqət dünən ölümünün 75-ci ildönümündə Nuru Paşanın necə şəhadətə qovuşmasını araşdırmaq istədim. Məlum oldu ki, Nuru Paşa digər tarixi şəxsiyyətlərimiz kimi Tiflisdə erməni gülləsinə tuş gəlməyib. O, İstanbulda qurduğu silah fabrikinin 1949-cu ilin 2 fevralında partlaması nəticəsində dünyasını dəyişib.

 

Uzun sözün qısası, ermənilər dəfələrlə ona qarşı sui-qəsd düzənləməyə çalışsalar da, Nuru Paşanı qətlə yetirə bilməyiblər. O, 1920-ci ildən sonra çox ağır və məşəqqətli həyat sürməyə məhkum olunsa da, ömrünün qalan hissəsini Türk hərbi qüdrətinin gücləndirilməsinə adamış və sonunda 1938-ci ildə öz arzusunu reallaşdırmaq imkanı əldə etmişdir. Qurduğu Sütlü silah fabriki ilə II Dünya müharibəsində Türkiyə Ordusunun əsas silah təchizatçılarından birinə çevrilmişdi. 50 illik qısa ömrünü də bu fabrikdə iş başında tamamlamışdır. 

 

Nuru Paşanın ölümünə səbəb olan həmin partlayış barədə qaynaqlar yazır:

 

1949-cu il mart ayının 2-də Nuru paşa sahibi olduğu Sütlücə hərbi fabrikində baş vermiş partlayış nəticəsində həlak oldu. Partlayış kapsulların saxlandığı otaqda texniki normalara əməl edilməməsi nəticəsində baş vermişdi. Kapsullar saxlanılan otaqda havanın temperaturu 80 dərəcəyə qədər qalxsa da, heç kim bu yüksək dərəcənin partladıcı maddələr üçün təhlükəli olduğuna diqqət yetirməmişdi. 

 

İlk partlayış baş verəndə Nuru paşa fabrikin dəftərxanasında idi. Partlayış baş verən kimi özünü hadisə yerinə çatdırır və sexlərdə olan işçilərdən tələb edir ki, dərhal təhlükəsiz yerə çəkilsinlər. Özü isə minaatan mərmilərinin saxlandığı anbarın təhlükəsizliyini yoxlamaq üçün oraya yollanır. Bu anbarda Suriyanın sifarişi ilə istehsal edilmiş 2 min ədəd mina saxlanılırdı.

 

Kimyəvi və partladıcı maddələrin partlaması baş verən otağın zirzəmisi də tezalışan maddələrin, o cümlədən barıt və trotilin saxlandığı anbarı idi. Kimyəvi maddələrin partlayışından sonra otağın döşəməsi çökmüş və zirzəmidə olan maddələr də partlamışdı. Bu partlayış son dərəcə güclü bir idi və hətta baş verən yanğının söndürülməsi üçün gəlmiş yanğınsöndürənlər partlayışın zərbəsindən həlak oldular. Nuru paşa da bu partlayış zamanı dünyasını dəyişdi. 

 

Sütlücə fabrikinin işçilərindən olan İsmayıl Saylav baş verən partlayışı belə xatırlayırdı:

 

“Paşa bombaların yerini sordu. Cavab alır-almaz da o tərəfə getdi. Bir yandan da “buraya kimsə gəlməsin”, - deyə göstəriş verdi. Bu sırada kimyaxananın altında partlayıcı maddə bulunduğundan xəbərsiz olan itfaiyyə ərləri (yanğınsöndürənlər) nərdivanlarla saçaqlara dırmanmışlar, içəriyə su sıxırlardı. Kəndilərinə - “pək soxulmayın, içəridə məvadi-infilağiyyə var” - deyə söylədim. Fəqət duymadılar belə...Birdən sanki yer-göy qarışdı, ayağım altındakı torpaq sarsıldı və kəndimi bir kənara savrulmuş buldum. İtfaiyyə ərləri paramparça halda havada uçurlardı. Toz, torpaq, göy üzünə fırlamış divar parçaları. İştə o əsnada gördüklərim bunlar oldu”.

 

Məlumata görə, partlayış zamanı dünyasını dəyişən 10 nəfərdən 3-nün kimliyini müəyyən etmək mümkün olmayıb. Kimliyi müəyyən edilə bilməyənlərdən biri də Nuru Paşa idi. Hadisə yerində sonradan aparılan axtarışlar nəticəsində paşanın ayaqqabısının bir tayı, paltarından qopmuş parçalar və yaddaş dəftəri tapılıb. Bununla da onun partlayışda öldüyü qənaətinə gəlinib.

 

Paşanın yaxın qohumu Xəlil Kut bu faciəvi ölüm barədə yazırdı: “Mərhum ağabəyisi Ənvər paşa kimi qəbri olmayan bir şəhiddir”.

 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 766          Tarix: 3-03-2024, 10:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma