ABŞ Dövlət Departamentinin yüksək səlahiyyətli diplomatlarından olan Viktoriya Nulandın təqaüdə çıxacağı açıqlandı.
Ovqat.com-un məlumatına görə, Dövlət katibi Antoni Blinken tərəfindən yazılı açıqlama ilə bu fakt ictimaiyyətə duyurulub.
ABŞ xarici siyasətinin formalaşmasında müstəsna rolu olan Nuland, son olaraq nazir müavini vəzifəsini icra edirdi, lakin ötən ayın əvvəllərində onun yerinə Kurt adlı birisi gətirildi. Amerika mediasına inansaq, Dövlət Departamentinin külislərində gəzən söz-söhbətə görə, Nulandın istefa ərizəsi yazmasının əsas səbəbi də bu təyinat idi.
Bəzi ekspertlər isə Nulandın təqaüdə ayrılmaq barədə ərizə yazmasının daha dərin səbəbi olacağına inanırlar. iddialara görə, Nuland hazırkı ABŞ Dövlət Departamentində 2-cü şəxs kimi görünsə də, Vaşinqtonun xarici siyasətinin müəyyənləşdirilməsindəki rolu dövlət katibi Antoni Blinkendən az deyildi. Blinken daha çox kabinet nəzəriyyəçisi kimi tanınsa da, Nuland birbaşa sahələrdə işləməyi xoşlayırdı. Dünya onu xüsusilə Ukraynada 2014-cü ildə baş verən Maydan hərəkatında aksiyaçılara peçenye paylaması ilə tanımışdı. Faktiki olaraq ABŞ-ın Maydan hərəkatını açıq şəkildə dəstəkləməsi mənasına gələn bu “lütfkarlıq” Moskva ilə Vaşinqton arasında ciddi gərginliyə yol açmışdı.
ABŞ-ın Ukrayna, Rusiya və NATO siyasətinin müəyyənləşdirilməsində müstəsna rol oynayan Nuland bu keyfiyyətlərinə görə Dövlət katibi vəzifəsinə Blinkendən daha şanlı namizəd kimi tanınırdı. Onun yeganə “qüsuru” siyasi təfəkkür baxımından “neokon”çulara yaxınlığı və respublikaçılara meylliyidir. Bu da səbəbsiz deyil. Karyera yüksəlişində mühüm rol oynayan həyat yoldaşı Robert Kagan respublikaçı idi. Lakin “öncə Amerika” siyasətini dəstəkləyən Trampın bu partiyada yüksəlişindən sonra Kagan Demokrat partiyası ilə yollarını ayırmışdı. Bu baxımdan Nulandın da növbəti prezident seçkilərində qazanacağı şübhə doğurmayan Tramp hakimiyyəti dövründə də arzuladığı Dövlət katibi vəzifəsinə yüksəlmə ehtimalı aşağıdır.
Şəkillərdə: Nuland 2014-cü ildə Maydanda peçenye paylayır
Təsadüfi deyil ki, o, 2017-ci ildə Tramp prezident seçiləndə Dövlət Departamentindəki vəzifəsindən istefa edən ABŞ diplomatlarından biri idi. Nuland istefa etməklə qalmamış, bir sıra ABŞ mətbuatına verdiyi açıqlamasında Trampın təcridçi xarici siyasətini sərt etmişdi. 2018-ci il yanvarın 24-də “The Washington Post” qəzetinə verdiyi müsahibəsində prezident Donald Tramp və dövlət katibi Reks Tillersonla bağlı tənqidi fikirlərini dilə gətirən diplomatın ən çox üzərində dayandığı məsələ hakimiyyətinin Qərb ölkələri ilə bağlı təcridçi mövqe tutması idi. "Biz geri çəkilib hər bir millətin özü üçün olduğunu söylədikdə, ərazi üstünlüyündən, beynəlxalq sistemdəki təsirindən və ya sistemin özündən narazı olan ölkələr üçün qapını açırıq", - deyən Nuland hərbi güclə diplomatiyanın birgə hərəkət etməsinin vacibliyinə toxunurdu: “Hərbi liderlər təkbaşına hərbi həll yollarının getdikcə daha uzun qarışmalarla nəticələndiyini deyən ilk şəxslər olacaqlar. Amerika diplomatları və siyasi liderləri ordu ilə bir yerdə əlimizdəki bütün siyasi alətlərdən istifadə edərək işləməlidir”.
Bu baxımdan növbəti prezident seçkilərinin qalibi olacağı düşünülən Trampın siyasi düşüncələri Nulandın karyera yüksəlişi boyunca formalaşmış təcrübəsi ilə tərs-mütənasibdir. Tramp Ukrayna savaşında maraqlı deyil, Rusiya ilə münasibətlərdə daha ılımlı mövqe tutur, NATO müttəfiqləri ilə məsafəli davanır. Nulandın 35 illik karyerası isə məhz bu siyasətlərlə bağlı olub. O, 2003-2005-ci illərdə, prezident Corrc Buş administrasiyası zamanında ABŞ-ın NATO-dakı səfiri vəzifəsini icra edib, peşəkar diplomat kimi tanınmasını bu illərə borcludur. Həmin illərdə ABŞ-ın Əfqanıstana müdaxiləsi zamanı NATO dəstəyinin alınmasında Nulandın diplomatik fəaliyyətinin də önəmli rolu vardı.
Nuland həm də ABŞ-ın Rusiya ilə bağlı siyasətinin formalaşmasında böyük xidməti olan diplomatlardandır. Şərqi Avropalı yəhudi ailəsində böyüyən Viktoriya 1983-cü ildə Braun Universitetində rus ədəbiyyatı, politologiya və tarix təhsili alın. Rus və fransız dillərində sərbəst danışır.
Onun Rusiya ilə bağlı fəaliyyəti əsasən Ukraynanın Moskvanın boyunduruğundan çıxmağa çalışması illərinə təsadüf edir. 2014-cü ildə Maydan hərəkatı zamanı Ukraynada yeni hakimiyyətin müəyyənləşdirilməsində o dövrün Kiyevdəki ABŞ səfiri Cefri Pyatt ilə Nulandın böyük xidmətləri var. Bunu həmin ABŞ diplomatlarının 4 fevral 2014-cü ildə “YouTube”da yayımlanan səs yazısı da təsdiqləyir. Səs yazısında Pyatt ilə Nuland Ukraynanın sabiq prezidenti Yanukoviçin 2014-cü il yanvarın 25-də Maydan etirazlarını sakitləşdirmək üçün müxalifətə hökumətin tərkibinə salmaq üçün biri Baş nazir olmaqla iki namizəd verməsi təklifi müzakirə olunurdu. Nuland və Pyatt müzakirə zamanı xüsusilə baş nazir postuna kimin təyin olunması barədə fikir mübadiləsi aparmışdılar. Nuland Arseni Yatsenyuk bu vəzifəyə ən yaxşı namizəd olacağını bildirmişdi.
Təbii ki, ABŞ-ın post-sovet məkanında siyasi hakimiyyətləri müəyyənləşdirəcək qədər güclü diplomatı olan Nulandın təqaüdə çıxmaq barədə ərizə verməsi post-sovet ölkələri üçün də ciddi mesaj ehtiva edir. Çünki bu vəzifədən uzaqlaşma Nulandın 2017-ci ildəki istefasına bənzəmir. 2017-ci ildə o, Trampın xarici siyasətinə qarşı çıxaraq Dövlət Departamenti vəzifəsindən istefa vermişdi. İndi isə ümumiyyətlə diplomatiyadan birdəfəlik gedir.
Sözsüz ki, təqaüdə ayrılmaq qərarı ilk baxışdan Nulandın yaşı ilə bağlı görünə bilər. 1961-ci ildə anadan olan Nuland hazırda 63 yaşındadır. Trampın möhtəməl növbəti prezidentliyi başa çatanda o, 67-68 yaşında olacaq. Təbii ki, “bu yaşından sonra nə diplomatiya?”, - deyə düşünməkdə haqlı ola bilərsiniz. O məsələdə də haqlısınız ki, 2017-ci ildə cəmi 56 yaşı olan Nuland diplomatik karyerasını hələ bitirmədiyini düşünürdü və Trampdan sonra yenidən Dövlət Departamentinə daha yüksək vəzifəyə qayıda bilərdi. Həqiqətən də Co Bayden hakimiyyətə gəldikdən sonra Nulandın karyerasında yeni yüksəliş də başladı; o, dövlət katibinin birinci müavini vəzifəsinə yüksəldi. Böyük ehtimalla, gözü daha yüksək kürsüdə idi. Amma müavinliyi belə ona çox gördülər və yerinə Kurt Kempbell gətirdilər. Beləcə, Nuland yenidən dövlət katibinin siyasi məsələlər üzrə müşaviri vəzifəsinə qayıtdı. Doğrudan da, bu fakt Nulandın istefası üçün yetərli səbəb idi, amma təqaüdə ayrılması üçün yox.
Zənnimizcə, Nulandın təqaüdə ayrımasının əsas səbəbi ABŞ-ın bu zamanadək yürütdüyü xarici siyasətdə kurs dəyişikliyinə getməsidir və əslində Dövlət Departamentində aparılan kadr islahatları da bununla bağlıdır. Belə ki, indiyədək ABŞ Rusiya ilə kəskin qarşıdurma siyasəti yürüdürdü. İndi isə bu siyasəti Avropanın ixtiyarına buraxıb, tamamilə başqa kurs tutmaq yolunu seçir. Yəqin ki, bundan sonra ABŞ Hind-Sakit Okean bölgəsinə daha çox əhəmiyyət verəcək. Əgər bu ehtimal doğrudursa, məntiqlə, ABŞ-ın yeni xarici siyasət kursunda həqiqətən Nulandın əhəmiyyətli yeri olmayacaq.
Fevralın əvvəlində ABŞ Senatının Nulandın yerinə Dövlət Departamenti katibinin I müavini təyin etdiyi Kempbellin siyasi karyerası da bu ehtimalı gücləndirir. Belə ki, bu təyinatdan əvvəl Kempbell Ağ Evin Milli Təhlükəsizlik Şurasında Hind-Sakit Okean ölkələri üzrə koordinator vəzifəsində çalışıb. Əvvəllər strategiya məsləhətləri və kapitalın idarə edilməsi qrupu kimi fəaliyyət göstərən “Asia Group”-unu yaradan və idarə edən Kempbellin diplomatik təcrübəsi yoxdur. O, bu zamanadək Dövlət Departamentində ümumiyyətlə işləməyib. Bununla belə, Kempbellin qurumun 2-cü şəxsi vəzifəsinə gətirilməsi ABŞ-ın xarici siyasətində mühüm dəyişikliklərə gedəcəyindən xəbər verir. Üstəlik, bütün bu dəyişikliklər Rusiyadan çox Çinə və İrana qarşı mövqeyi ilə seçilən Trampın hakimiyyətə gətirilməsi ərəfəsində baş verir.
Yuxarıda sadaladığımız faktlar ona dəlalət edir ki, ABŞ-ın yeni xarici siyasətində əsas hədəf Rusiyanı Avropanın ixtiytarına buraxmaqla Çin və İran olacaq. Bu isə böyük ehtimalla, Ukrayna ilə Rusiya arasında müharibənin sonlandırılması ilə nəticələnəcək.
Ukraynanın ərazi güzəşti ilə bağlanacağı düşünülən sülh sazişinə isə ən çox Zelenskinin qarşı çıxacağı gözlənilir. Belə olacağı təqdirdə Zelenskinin başqası ilə əvəz etmək perspektivi doğa bilər. Hazırkı dövrdə Zelenskinin ən yaxşı alternativi kimi bir neçə ay əvvələ qədər Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı kimi fəaliyyət göstərən Valeri Zalujnı görünür.
Şəkildə: Nulandın Ukrayna Prezidenti Ofisinin rəhbəri Anrey Yermakla səmimi görüşü
Maraqlıdır ki, Ukraynanın sosioloji araşdırma mərkəzi SOCIS-in bu gün açıqladığı rəy sorğusuna əsasən, 2024-ci ildə ölkədə prezident seçkiləri keçirilərsə, Zalujnı Zelenskini uda bilər. Rəy sorğusuna görə, ilk turda Zalujnı 41,4%, Zelenski 23,7%, Ukraynanın keçmiş prezidenti Poroşenko 6,4%, Ali Radanın eks-spikeri, deputat Razumkov 5,6% səs toplayar. İkinci turda isə Zalujnı 67,5% səs toplayaraq seçilə bilər. Bundan əlavə, şərti “Zalujnı bloku”nun 46,4% səslə parlament seçkilərində qalib gəlməsi istisna deyil.
Qeyd edək ki, SOCIS sosioloji sorğu mərkəzi 1994-cü ildən ABŞ-ın məşhur The Gallup Organization təşkilatının üzvüdür və bu sorğunun nəticələri də böyük ehtimalla, Vaşinqtonun istəklərini ifadə edir.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: