Çin, Rusiya və İran Oman körfəzində birgə hərbi təliminə başlayıb. Məlumata görə, “Dəniz təhlükəsizlik kəməri 2024” adlanan təlimin iştirakçıları təyin olunmuş yerüstü hədəflərə atəş açmaq məharətlərini sınayırlar.
2018-ci ildən başlayaraq hər il keçirilən birgə təlimlərin bu dəfə qeyri-ənənəvi iştirakçısı da var: İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH). SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin gəmiləri 6 ildə ilk dəfədir ki, birgə təlimlərdə iştirak edir və əməliyyatlar aparır.
Ovqat.com-un məlumatına görə, Azərbaycan da təlimlərdə müşahidəçi qismində iştirak edir. Bizdən başqa Pakistan, Qazaxıstan, Oman, Hindistan və Cənubi Afrikanın hərbi dəniz qüvvələrinin də müşahidəçi qismində qatıldığı təlimlərə ümumilikdə 20-dən çox gəmi, və döyüş katerləri cəlb olunub. Təlimin əsas məqsədinin dəniz təsərrüfat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi üzrə təcrübə keçmək olduğu bildirilir. Gəmilər birgə manevrlər keçirəcək və yerüstü və hava hədəflərinə atəş açacaq, həmçinin dəniz quldurları tərəfindən tutulan gəminin azad olunması elementlərini məşq edəcəklər.
Əlbəttə, bütün bunlar rəsmi məlumatlardır. Rəsmi məlumatlar bəzən əsl həqiqətləri gizlətmək üçün yayılır. Həqiqətlər isə başqa mətləblərdən xəbər verir. Belə ki, Rusiya ötən il birgə təlimlərə dünyanın ilk hipersəs raket silahlarının daşıyıcısı olan “Qorşkov” freqatı ilə qatılmışdı. Hipersəs raket daşıyıcılarının hərbi təlimlərdə iştirakı onu göstərir ki, tədbirin başlıca şərti hədəfi dəniz quldurları deyil. Prinsipcə, SEPAH-ın təlimlərdə iştirakı da bu mülahizəni gücləndirir. Belə ki, 6 il ərzində yalnız indi təlimlərə qoşulan SEPAH İranın əsas hərbi qüdrəti sayılır və ölkəsi tərəfindən xaricdəki bütün hərbi əməliyyatları o aparır. Bu isə o deməkdir ki, təlim iştirakçıları ortaq xarici düşmənlərinə qarşı birgə apara biləcəkləri mübarizəni məşq edir və ya güc nümayişi keçirirlər. Həm Çinin, həm İranın, həm də Rusiyanın əsas düşməni, sözsüz ki, ABŞ və onun hərbi müttəfiqlərinin toplandığı NATO alyansıdır. Deməli, məntiqlə, Şərqin 3 nəhənginin göz dağı verib çəkindirməyə çalışdığı güc də elə Avro-Atlantika Alyansıdır.
Təlimlərin Oman körfəzində keçirilməsi Şərq müttəfiqlərinin qoruma çətiri altına almaq istədikləri ölkənin İran olduğunu göstərir. Zira bu 3 ölkədən yalnız İran həmin körfəzdə yerləşir. Əslində isə ABŞ-ın son zamanlar atdıqları addımlara nəzərə salanda onun İrandan çox, Çinə qarşı səfərbər olunduğunu görə bilərik. Bilirsiniz ki, bu yaxınlarda Dövlət Departamentində mühüm kadr islahatları aparan Vaşinqton Avropa və Rusiya məsələləri üzrə ixtisaslaşmış Viktoriya Nulandı dövlət katibinin müavini vəzifəsindən uşaqlaşdırmış, onun yerinə Sakit və Hind Okeanı üzrə strateji layihələrin müəllifi Kurt Kempbelli gətirmişdi. Üstəlik, bu kadr dəyişiklikləri Ukrayna savaşına hərbi dəstəyin kəsilməsi fonunda baş vermişdi. Mütəxəssislər bu iki hadisə arasında üzvi əlaqələr qurur və ABŞ-ın Avropa sahəsindən uzaqlaşıb, Çin və Şərqi Asiya məsələlərinə yönəldiyi nəticəsini çıxarmışdılar.
İnsafən, bu nəticəyə gələnlər haqsız deyildilər və əslində ABŞ-ın xarici siyasətində strategiya dəyişikliyi yeni baş verməyib. Vaşinqton hələ 2013-cü ildə Çin lideri Si Cinpin Qazaxıstana səfəri zamanı “Bir Yol, Bir Kəmər” projesini dilə gətirdiyi gündən Uşaq Şərqdə güclü bir rəqibinin ortaya çıxdığını düşünmüş və onun yüksəlişinin qarşısını almağa çalışmışdı. Üzərindən 4 il keçəndən sonra ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında (2017) Çin "uzunmüddətli strateji düşmən" kimi təsvir edilir və onun Avropada yüksəlişinin strateji təsirləri barədə narahatlıq ifadə olunurdu. Məhz bu səbəbdən də həm Tramp, həm də Bayden administrasiyaları ABŞ-ın Çinlə bağlı siyasətinə Avropanın da dəstəyini gücləndirmək, Çinin böyüməsi nəticəsində yaranan iqtisadi, siyasi və strateji problemlərin həlli üçün transatlantik əməkdaşlığı genişləndirmək planı üzərində işləmişlər. Bir sözlə, ABŞ Çinlə təkbaşına mübarizə aparmaqla da qalmamış, digər müttəfiqlərini də bu mübarizəyə cəlb etməyə səy göstərmişdi.
ABŞ tərəfindən Çin təhlükəsinin NATO külislərinə daşınması ilk dəfə 2019-cu ildə Londonda keçirilən sammitdə baş vermişdi. ABŞ və İngiltərənin tələbi ilə NATO sammitində müzakirəyə çıxarılan Çin mövzusuna müttəfiqlərin münasibəti birmənalı olmamışdı. Şimali Atlantika İttifaqının dövlət və hökumət başçıları "Pekinin artan təsiri və beynəlxalq siyasətinin bir ittifaq olaraq birlikdə həll etməli olduqları imkanlar və problemlər yaratdığını" müzakirə etməyə başladıqdan sonra Çin Alyansın rəsmi hədəflərindən birinə çevrilsə də, o zamandan bəri bu məsələ Avropa ilə ABŞ liderlərinin üzərində çətin anlaşdıqları mövzu halına gəlmişdir. Bəzi NATO müttəfiqləri Pekin ilə siyasi və iqtisadi əməkdaşlığın kəsilə biləcəyindən çəkinərək Çin problemini sorğulamağa başlamışlar. Onlar Şimali Atlantika İttifaqının əsas məsuliyyət sahəsinə - Avroatlantik təhlükəsizliyə diqqət yetirməsini, coğrafi və funksional vəzifələrini genişləndirməkdən çəkinməsini və xüsusilə Şərqi Avropa üçün prioritetlərin müəyyənləşdirilməsinin vacibliyini nəzərə alınmasını israr etmişlər.
2019-cu il London bəyanatını daha sonra "NATO 2030" strategiyası izlədi. “NATO-2030” layihəsi alyansın baş katibinin Şimali Atlantika İttifaqının gələcək istiqamətini dərindən nəzərdən keçirmək üçün başlatdığı bir məsləhətləşmə projesi idi və müstəqil mütəxəssislər qrupu tərəfindən hazırlanan bir hesabat xarakteri daşıyırdı. Məhz bu səbəbdən də Avropalı müttəfiqlər həmin sənədi sərt tənqid etmir, necə olsa qeyri-rəsmi mövqe olduğunu düşünürdülər. Halbuki ABŞ-ın məqsədi öz yeni strateji hədəfini tədricən müttəfiqlərinə həzm etdirmək idi və bu cür yarı-rəsmi hesabatlarla buna nail olurdu.
“NATO-2030” layihəsi alyansın rəsmi strategiyası olmadığından onun müəlliflərinə Çin də daxil olmaqla geniş mövzularda daha sərbəst fikir bildirmək imkanı vermişdir. Layihədə müttəfiqlərə "Rusiya və Çinin yaratdığı eyni vaxtda geosiyasi və ideoloji problemlər" barədə xüsusi xəbərdarlıq edilir və NATO "Şimali Atlantika İttifaqının həqiqətən qlobal çağırışlar dövründə təşkil olunduğu platforma kimi qalmasına" çağırılırdı. Sanki bununla ABŞ öz müttəfiqlərinə deyirdi ki, əgər masada Çin məsələsi olmayacaqsa, mən Avropanı rus təhlükəsinə qarşı təkbaşına buracağam, 2022-ci ildə Ukrayna savaşını çıxarmaqla və onu Avropanın qucağına ataraq geri çəkilməklə eyham vurduğunu reallaşdırdı da. Baxmayaraq ki, Ukrayna savaşından bir il əvvəl 2021-ci il Brüssel sammitində NATO liderləri faktiki olaraq ABŞ-ın tələblərinə boyun əymiş və rəsmi bəyanatın iki səhifəsini Çinə həsr etmişdilər. "Çinin bəyan edilmiş məqsədləri və iddialı davranışı beynəlxalq qaydalara əsaslanan nizam və Şimali Atlantika İttifaqının təhlükəsizliyi ilə bağlı sahələr baxımından sistemli problemlər yaradır", - deyə vurğulanan bəyanatda Pekin nüvə arsenalını genişləndirməməyə, Rusiya ilə hərbi əməkdaşlığı kəsməyə çağırılır, iki ölkənin mülki və hərbi potensialını birləşdirmə strategiyası tənqid olunur, kosmosda, kiberməkanda birgə fəaliyyətdə, dezinformasiyaların qəsdən yayılması kimi bir sıra əməllərdə ittiham olunurdu. Bəyanatda Çinlə açıq dialoqun qorunmasının vacibliyi də vurğulanaraq, ona bir növ “yaşıl muncuq” göstərilirdi.
2022-ci il Madrid sammitində müttəfiqlər tərəfindən qəbul edilən yeni strateji konsepsiyada Çinin fəaliyyətinin NATO-nun əsas dəyərlərinə və maraqlarına necə meydan oxuduğunun ətraflı təhlil edilir, onun strateji asılılıqlar yaratmaq üçün iqtisadi rıçaqlardan istifadəyə baş vurması pislənilirdi. Çin və Rusiyanın NATO dəyərlərinə və maraqlarına xələl gətirən beynəlxalq qaydalara əsaslanan nizamı pozmaqda bir-birini dəstəkləməsindən və Alyansı parçalama səylərindən qorunmağın" vacibliyindən bəhs olunurdu.
2023-cü il Vilnüs sammitində isə NATO liderləri Madrid prinsiplərini təsdiqləyir və Çini "Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibəni pisləməyə, onun hərbi fəaliyyətini dəstəkləməkdən imtina etməyə, bu müharibənin günahkarlarının Ukrayna və NATO olduğuna dair uydurma hekayələri şişirtməyi dayandırmağa və NATO Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl etməyə" çağırırdılar.
Bir sözlə, 2017-ci ildən etibarən ABŞ və onun NATO müttəfiqlərinin əsas hədəfi Rusiya qədər, bəlkə də ondan çox Çin idi və bu, alyansın rəsmi sənədlərində də öz əksini tapmışdır. Görünür, məhz bu səbəbdən kiçik düşmən olan Rusiyanı Avropa müttəfiqlərinin və Ukraynanın ixtiyarına buraxan ABŞ özü “böyük şeytan”a – Çinə qarşı mübarizəyə girməyə hazırlaşır. Onun bu coğrafiyada yeni müttəfiqləri də az deyil: Yaponiya, Cənubi Koreya, Avstraliya, Tayvan, Filippinlər və s. kimi Çin yüksəlişindən çəkinən bir sıra Sakit-Hind okeanı ölkələri. ABŞ Hindistanı və Pakistanı da öz cərgəsinə qoşmağa ümid edir. Görünür, bu səbəbdən də Rusiya, Çin və İran ABŞ-ın yeni strategiyasına birgə hərbi təlim keçirərək cavab vermək istəyir.
Sual oluna bilər: Çin və İran ABŞ-ın Sakit və Hind Okeanı strategiyasının hədəflədiyi coğrafiyada yer alır, bəs başı onsuz da Ukraynada böyük cəngələ girən Rusiya niyə onlara qoşulub?
Məsələ burasındadır ki, ABŞ və Sakit okean müttəfiqlərinin əsas hədəflərindən biri də Rusiya ola bilər. Söhbət təbii ki, hazırda Rusiyanın əlində olan Kuril və Saxalin adalarına haqq iddia edən Yaponiyanın da bu ittifaqında yer almasından gedir.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: