Xəbər lenti

Tərcüməçi və redaktorlar kitab bazarında qonorarın aşağı olmasından giley-güzar edirlər. Naşirlərin isə öz arqumentləri var. Onlar təcrübəli, peşəkar əməkdaşlara daha çox qonorar ödədiklərini deyirlər. Yəni qonorar təyin etmək üçün konkret meyarlar mövcud deyil.

Bütün yaradıcı adamlar üçün çox şirin, möcüzəvi, ürəkaçan bir söz var. Hansıdır? Əlbəttə ki, qonorar! Qonorar azad peşə sahiblərinin, yaradıcı adamların, məsələn, yazıçı, şair, rəssam, tərcüməçi, redaktor, musiqiçi, bəstəkar və digərlərinin zəhmətinin əvəzində aldıqları mükafat, daha doğrusu, əmək haqqıdır. Elə bir yaradıcı adam olmaz ki, qonorarın onun üçün böyük motivasiya olduğunu boynuna almasın. Azərbaycanda da nəşriyyatlar yaradıcı adamlara qonorar verirlər. Bəs görəsən bizdə qonorar hansı meyarlarla hesablanır?

“Kaspi” qəzeti bununla bağlı araşdırma aparıb və geniş yazı yayımlayıb. 

Minimum və maksimum qonorar anlayışı

“Qanun” nəşriyyatının müdiri Şahbaz Xuduoğlu deyir ki, tərcüməçi, korrektor, redaktor və digərlər işçilərlə razılaşma yolu ilə əməkdaşlıq edirlər:

“Yəni qonorarlar fərdi münasibət, fərdi anlaşma və fərdi yanaşma ilə təyin olunur. Ümumi normalar – minimum və maksimum qonorar deyilən bir anlayış yoxdur. Bunun təyin olunması da mümkün deyil. Çalışırıq uzun müddət birlikdə işlədiyimiz tərcüməçilərə, redaktorlara, keyfiyyətinə inandığımız, əmin olduğumuz tərcüməçilərə daha yüksək qonorar verək. Yeni başlayanlar, əlbəttə ki, daha az qonorar alırlar. Amma tədricən onların da qonorarı artır. O ki qaldı bu işin necə tənzimlənməsinə, hər iki tərəf arasında görüləcək iş üçün ödəniləcək qonorarın məbləği əvvəlcədən razılaşdırılır. Bu, düzgün işdir. Düzgünlük o vaxt pozulur ki, tərəflərdən biri razılaşmanı pozur”.

Peşəkarlıqdan asılı olaraq qiymət dəyişir

“XAN Nəşriyyatı"nın baş redaktoru Cavid Qədir də bu işdə konkret bir meyarın olmadığını deyir:

“Amma qonorar işarə sayına görə hesablanır. Əgər tərcümə işini götürsək, deyə bilərəm ki, yeni başlamış tərcüməçi ilə peşəkar tərcüməçinin qonorarı eyni deyil. Yəni işarə sayına uyğun olaraq qonorar ödənilsə də, məbləğ tərcümənin keyfiyyətinə, tərcüməçinin istedadına və bacarığına əsasən hesablanır. Redaktorların işi də işarə sayına görə hesablanır. Amma yenə də redaktorun peşəkarlığından asılı olaraq qiymət dəyişir. Müəlliflərə verilən qonorar isə bir başqadır. Onlar da müəyyən şərtlər əsasında verilir. Yenə də burda müəllifin adı böyük rol oynayır. Məsələn, kitabının satışına əmin olduğumuz müəllifə ilk nəşrdə də müəyyən qədər qonorar veririk. Amma digər, məsələn, gənc müəlliflərə ilk nəşrdən qonorar ödənilmir. Amma ikinci nəşrdən alınan gəlirdən müəyyən faiz veririk. Yəni bu işlər bazara görə təyin olunur. Biz də nəşriyyat olaraq istəyərik ki, hər bir müəllifə qonorar verək. Amma bir məsələ var ki, nəşriyyat da kitab çap edəndə xərclərini ödəməlidir”.

Mətnlərə fərq qoyulmur

Şair-tərcüməçi Rəbiqə Nazimqızı deyir ki, bir neçə nəşriyyatla əməkdaşlıq edir və həmçinin də fərdi qaydada fəaliyyət göstərir:

“Hər iki versiyada tərcümə işinə görə bir səhifə üçün 5 manatdan artıq vermirlər. Ən yaxşı halda, bu məbləğ 6-7 manata qədər arta bilər. Mən rus dilindən Azərbaycan dilinə tərcüməni nəzərdə tuturam. Bəzən olur ki, nəşriyyatlar 5 manatı da çox görür, 2-3 manat təklif edirlər. Bu, tərcüməçiyə qarşı haqsızlıqdır. “Xəzər” və “Dünya ədəbiyyatı” jurnalları nisbətən daha yüksək qonorar verir. O jurnallarla da işləmişəm. Əslində, nəşriyyatların (həmçinin də fərdi qaydada) qonorarı hansı meyarlarla hesabladığı mənim üçün də bir o qədər də aydın deyil. 1800 işarə bir A4 səhifə hesab olunur və bu, ara məsafələrlə bir yerdə götürülməlidir. Amma çox vaxt 2000 işarəni, üstəgəl də, ara məsafəni işarə sayı kimi nəzərə almadan bir səhifə kimi hesablayır və qiymət çıxarırlar. Yəni bu işdə konkretlik, dəqiq meyarlar yoxdur. Bundan başqa, mətnlər də fərqlidir. Mətn var ki, tərcüməsi çox qəlizdir. Məsələn, elmi mətnlər var – fəlsəfi, texniki, tibbi, siyasi və s. Bu cür mətnləri tərcümə etmək üçün çox zaman və zəhmət sərf olunur. Amma belə ağır mətnlərin qonorarı ilə bəsit, sadə mətnlərin qonorarı eynidir. Yəni mətnlərə fərq qoyulmur. Belə olanda, istər-istəməz keyfiyyət aşağı düşə bilər. Tərcüməçi də çalışır ki, daha çox sifariş götürsün ki, daha çox pul qazansın. Redaktor da elə onun kimi. Ona görə də, ümumi mənada bazarda keyfiyyət aşağı düşür. Tutalım biri-ikisi vicdanla işləyir. Amma ümumilikdə götürəndə vəziyyət ürəkaçan deyil. Və mən, əsasən tərcümə və redaktənin keyfiyyətindən razı deyiləm. Düşünürəm ki, qonorar yüksəlməyənə qədər tərcümə keyfiyyəti də düzələn deyil”.

Acınacaqlı vəziyyət Rəbiqə xanım fikirlərinə əlavə olaraq redaktə işlərindən də danışdı:

“Redaktə işlərindən danışsaq, yenə də həm fərdi qaydada işləyirəm, eyni zamanda da Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıram. Fərdi qaydada bir çox kitabların redaktoruyam. Deyə bilərəm ki, kitab bazarında redaktor üçün normal qonorar yoxdur. Yəni həm redaktə, həm də tərcümə sahəsində qonorar kifayət qədər aşağıdır. Necə olur ki, ölkədə maaşlar qalxır, hər şeyin qiyməti yüksəlir, amma tərcümənin orta statistik qiyməti 5 manatdan yuxarı qalxmır? Bir az yuxarı məbləğ deyəndə gedib qeyri-peşəkarla əməkdaşlıq edirlər. Ona görə deyirəm ki, ölkədə istər tərcümə, istərsə də, redaktə baxımından vəziyyət acınacaqlıdır”.




Ana səhifəyə qayıt        Baxış: 3 880          Tarix: 23-07-2022, 21:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma