Türkiyə və Azərbaycanın həyata keçirməyə çalışdığı Ermənistan üzərindən ekstraterritorial dəhlizin yaradılmasının qarşısını Rusiya ilə İran birgə ala bilər.
Ovqat.com rus mediasına istinadən xəbər verir ki, rusiyalı politoloq Vladimir Evseyev bu fikirdədir.
Ekspert bu fikirləri “Rossiya Seqodnya” media qrupunun beynəlxalq multimedia mətbuat mərkəzində “İran matəmdən sonra: daxili və xarici siyasət, regional təhlükəsizlik məsələləri” adlı dəyirmi masada səsləndirib.
Moskva ilə Tehran arasında sıx hərbi-siyasi əməkdaşlıq qurduğunu xatırladan Evseyev qeyd edib ki, Rusiyanın Ermənistanda təkcə şəxsi heyəti və texnikası yox, həm də müvafiq infrastrukturu özündə birləşdirən hərbi bazası var və lazım gələrsə, Moskva Bakı, Ankara, ya Qərb ölkələrinin planlarına müdaxilə edə bilər.
“Və hipotetik olaraq Gürcüstanın hava məkanını bağladığını fərz etsək belə, Rusiya Ermənistandakı bazasını İran ərazisindən keçirə bilər. Və belə bir presedent var idi - 44 günlük müharibə zamanı”, - Evseyev bildirib.
Rusiyanın İrandakı keçmiş səfiri Aleksandr Maryasov da ekspertin fikirlərini təsdiqləyib. O, qeyd edib ki, İran Bakı ilə Təl-Əviv arasında sıx əlaqələrdən son dərəcə narahatdır. Maryasov hesab edir ki, İran Azərbaycanın riskləri anlayacağına, ehtiyatlı davranacağına ümid edir və Azərbaycanla İsrailin bu yaxınlaşma tendensiyasını zəiflətməyə çalışacaq.
Maryasov həmçinin vurğulayıb ki, İran Türkiyənin bölgədə təsirinin genişlənməsindən də narahatdır. Onun sözlərinə görə, İranla Türkiyə arasında hələ də davam edən ciddi ideoloji fərqlər var.
Paylaş: