“Pirr qələbəsi” kimin olacaq?
Rusiya-Ukrayna müharibəsi daha amansız fazaya daxil olub. Bu, o deməkdir ki, böyük sülh yaxında deyil. Bunun üçün hansısa minimum şərtlər belə gözə dəymir. Çünki tərəflərin yanaşmaları diametral zidd olaraq qalır. Çox şey isə əlbəttə ki, ABŞ-ın öncüllük etdiyi kollektiv Qərbin mövqeyindən asılı olacaq.
“Düşünürəm ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini, hərbi və mülki obyektlərə hücumlarını dayandırmağın yeganə yolu Kiyevə yeni hərbi imkanlar verməkdən keçir. Rusiya ancaq üstün gücdən anlayır”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a Ukraynaya Qərb silahlarından Rusiya ərazisində istifadəyə razılığın verilməsi haqqında danışan ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib.
O, Rusiyanın NATO ölkələrinə hücum etmək cəsarətində olmadığını bildirib: “Dünyanın bu cür aşkar təcavüzün qarşısını almaq üçün məsuliyyəti var. Rusiya Ukraynanın ərazisinə mümkün hücumlara cavab olaraq London kimi şəhərlərə nüvə zərbəsi endirməyə hazır olduğunu bildirib. Rəsmi Moskva başa düşməlidir ki, əgər nə vaxtsa NATO ölkələrinə hücum etməklə dəhşətli səhvə yol verərsə, ABŞ və onun NATO müttəfiqləri cavab zərbəsi endirəcək. Lakin Rusiya bu səhvi etməyəcək. Rusiya liderləri dəli deyillər. Onlar Ukraynaya qarşı təcavüzkar olduqlarını, səhv etdiklərini başa düşürlər, Avropa və ABŞ hədəflərinə ilk nüvə zərbəsinə cavab olaraq daha güclü Qərb dövlətlərinin Rusiyanı viran qoymasını istəmirlər”.
Diplomat Ukraynanın Rusiya ərazisindəki hədəfləri vurmaq hüququna sahib olduğunu vurğulayıb: “Qərb ölkələrinin Ukraynaya Rusiya ərazisini vurmaq üçün “yaşıl işıq" yandırması Moskvanın cavab zərbəsi endirməsinə səbəb olmayacaq. Rusiya Ukraynanı bir ölkə kimi sıradan çıxarmaq üçün bu müharibəni seçib və istənilən vaxt gərginliyi azaltmaq qərarına gələ bilər. Ukraynanın özünümüdafiə məqsədilə istənilən qeyri-nüvə silahından istifadə etməsi beynəlxalq hüquqa tam uyğundur və əslində öz vətəndaşlarını və ölkənin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün ölkə rəhbərliyinin məsuliyyətidir. Rusiya heç vaxt ona təhlükə yaratmayacaq dinc qonşusunu işğal edərək çox dəhşətli qərar verdi. Üstəlik, Rusiya Ukraynanın nüvə silahından imtinası müqabilində Budapeşt Memorandumuna uyğun olaraq bu ölkənin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına söz vermişdi".
Sonrası məlumdur...
Bu arada Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, müharibənin bütün “qırmızı xətləri” artıq keçilib və yeni eskalasiyası başlayıb. “Dünənki bütün qırmızı xətlər yoxa çıxdı. Dünənədək ağlasığmaz görünən hər şey artıq reallıqdır. Eskalasiya? Bəli”, - deyə o əlavə edib.
ABŞ prezidenti Co Bayden isə hesab edir ki, Ukrayna ordusu müharibə zamanı rus qoşunlarını faktiki məhv etməkdədir. “Qəribədir, heç kim bu barədə, [Ukraynadakı müharibə zamanı] baş verənlər haqqında yazmır. Rus ordusu məhv edilir”, - dövlət başçısı “Time” jurnalına müsahibəsində bildirib.
Həqiqətən də belədirmi? Təhlillər nə deyir, Rusiya ordusu müharibə gedişatında zəifləyir, yoxsa? Bu minvalla “Pirr qələbəsi” kimin olacaq?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında Rusiyanın nüvə silahları ilə NATO ölkələrinə hücum edəcəyinə inanmır: “Bu ilk növbədə Rusiyanın özü üçün ölümcül olar. Bilirsiniz ki, ABŞ-ın hava hücumundan çoxqatlı müdafiə sistemləri var. Bu sistemlərin təyinatı ABŞ-a və ya müttəfiqinə atılmış ballistik raketləri göydə zərərsizləşdirməkdir. ABŞ-ın HHM sistemlərini əsasən bu cür təsnif etmək olar:
1) Uzaqmənzilli HHM sistemləri (məsələn, THAAD);
2) Ortamənzilli HHM sistemləri (məsələn, AEGIS);
3) Qısamənzilli HHM sistemləri (məsələn, Patriot);
4) Yaxın məsafədən müdafiə (digər çoxlüləli silahlar).
Çoxqatlı hava hücumundan müdafiə sistemlərinin məqsədi hədəfi ən yüksək hündürlükdə sıradan çıxarmaqdır. Səhv etmirəmsə, THAAD məhz bu səbəbdən 3000 km-ə qədər mənzilə sahibdir. Mütəxəssislərin fikrincə, bu müdafiə sistemi atılan raketlərin hardasa 90%-i zərərsizləşdirmək imkanına malikdir. Onun gözündən yayınanları isə digər qata hesablanmış AEGIS sistemləri zərərsizləşdirir. Əgər atılan raket ondan da yayınmağı bacarsa, o zaman Patriorlar dövriyyə girir və 300 km məsafədə hədəfi sıradan çıxarır".
Şəkildə: İsrailin çoxqatlı hava hücumundan müdafiə sistemləri (ABŞ-ın HHM sistemləri də eyni prinsiplərə əsaslanır)
Heydər Oğuzun fikrincə, ABŞ bu HHM dünyanın müxtəlif coğrafiyalarında qurub və onları öz hava məkanına girmədən başqa dövlətlərin səmasında vurmağı planlaşdırır: “Bu səbəbdən də Rusiyanın nüvə hücumundan çəkinmir. Çünki arxayındır ki, onun zərərləri ABŞ-a çox toxunmayacaq. Görünür, buna görə də Rusiya liderlərinin nüvə təhdidlərinə əhəmiyyət vermir”.
Xüsusilə İranın İsrailə 300-dən çox ballistik və seyr raketləri, həmçinin dron həmlələrindən sonra ABŞ-ın Rusiya əleyhinə tövrünü daha da kəskinləşdirdiyini diqqətə çatdıran siyasi şərhçi bunun təsadüf olmadığına inanır: “Mənim fikrimcə, İranın İsrailə hücumu həm ABŞ, həm də Rusiya üçün bir test yoxlaması idi. Zira Rusiya üzərində nüvə başlığı daşıyan eyni və ya bənzər raketlərlə Qərb dünyasını təhdid edirdi. İsrail isə o raketlərin 90%-ni göydə zərərsizləşdirərək əslində həm də Rusiyaya bir göz dağı verdi. Aydın oldu ki, Rusiyanın Qərb ölkələrinə qarşı tətbiq edəcəyi raket zərbələri də eyni qaydada zərərləşdirilə bilər. Məhz bundan sonra ABŞ-ın Ukraynaya daha güclü silahlar verməsinin önü açıldı. NATO ölkələri bununla da kifayətlənmədilər və Ukraynaya Rusiyanın daxilinə zərbələr endirməyə izn verdilər.
Fikir vermisinizsə, İsrail-İran gərginliyindən sonra Rusiya da nüvə təhdidlərini xeyli yığışdırıb. Sonuncu dəfə Putin Sankt-Peterburq açıqlamasında belə nüvə təhdidini xeyli ehtiyatlı şəkildə dilə gətirdi. Üstəlik, açıq şəkildə dedi ki, Qərb bizim nüvə hücumu edəcəyimizi ciddiyə almır, buna inanmır. Putin həmin çıxışında daha çox rus silahlarını Qərbə düşmən qüvvələrə verə biləcəklərindən və assimetrik savaşdan danışdı. Açığı, bu da ciddi təhdid deyildi. Çünki Qərbə düşmən olan həmin qüvvələrin kim olduğu bəlli deyil. Əgər söhbət Afrikadakı və Asiyadakı ölkələrdən gedirsə, onlara veriləcək rus silahları atılacağı təqdirdə Avropaya, yaxud ABŞ-a çata bilməz. Yox əgər Avropanın içindəki hansısa terror təşkilatını silahlandırmaqdan söhbət gedirsə, bu da Qərb üçün həyati təhdid ehtiva etmir".
Şəkildə: ABŞ-ın Yer kürəsinin müxtəlif məkanlarına yerləşdirdiyi HHM sistemləri
Heydər Oğuzun fikrincə, Rusiya liderinin bu mövqeyi əslində öz təhdidkar mövqeyindən bir addım geri çəkilməsi demək idi: “Eyni zamanda biz ABŞ prezidenti Co Baydenin ”Time" nəşrinə verdiyi müsahibəsində təhdidkar ritorikasını qismən azaltdığının şahidi oluruq. Baxmayaraq ki, o, Rusiyanın “əsla, əsla və əsla” Ukraynanı işğal edə bilməyəcəyini desə də, həm də Ukraynanın NATO-ya üzv olmayacağını da vurğuladı. Nəzərə alsaq ki, Rusiyanın Ukraynaya hücumunda əsas bəhanəsi bu ölkənin NATO-ya üzvlük perspektivi idi, o zaman Baydenin sözügedən açıqlamasının gərginliyi azaltmağa hesablandığını anlaya bilərik. Açığı, mənə gəlir ki, ABŞ bu sözlərlə Rusiyaya Ukraynadan üzüsulu çıxması üçün bir fürsət verir. Putinin bu addımı atarkən söykənəcəyi qələbə istinadgahı isə “Ukraynanın NATO-ya üzvlüyünün qarşısını aldım” arqumenti olacaq. Amma bu Rusiyanın işinə nə qədər yaradı, bu da mübahisəlidir. Çünki Ukrayna NATO-ya girməsə belə, Finlandiya kimi daha strateji əhəmiyyətli ölkə bu ittifaqa üzv oldu. Bununla belə, hesab edirəm ki, Putin Ukraynada qazandığı bu təsəlli qələbəsini üzünə tutub rus xalqının qarşısına çıxa və öz yenilməzliyi ilə öyünə bilər. Buna görə də şəxsən mən Ukrayna cəbhəsində eskalasiya şiddətinin daha da artacağına inanmıram".
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Paylaş: