Xəbər lenti


Azərbaycanla İranın dünən Naxçıvan və Urmiyyə bölgəsində başlatdıqları hərbi təlim ölkəmizin bir sıra siyasi düşüncə mərkəzlərində dərin narahatlıqla qarşılandı. Xüsusilə xaricdən yayımlanan media qurumları Azərbaycanın İranla ortaq hərbi təlimlər keçirməsinin səbəbini anlamaqda çətinlik çəkdiklərini açıq şəkildə etiraf etdilər. Onların mülahizələrinə görə, Azərbaycan bu zamanadək İsrail lobbisindən dəstək alaraq bir sıra uğurlara imza atmışdı. Birdən-birə nə oldu ki, Prezident İlham Əliyev Misirə getdi və orada İsrailin yumşaq qarnı sayılan Fələstinin müstəqilliyi və paytaxtının Şərqi Qüds olmasının vacibliyi barədə bəyanatlar verdi? Ardınca da İranla sərhəddə birgə hərbi təlimlər başladı. Bu addımlar Azərbaycanı xarici siyasət sahəsində yalnızlaşdırmazmı? 

 

Dünən müxalif media qurumları tərəfindən irəli sürülən bu müəmmaların həqiqətən də vətəndaşlıq nigaranlığından doğduğunu düşünüb bir sıra suallara cavab vermək istəyirik. Bəri başdan vurğulamaq yerinə düşərdi ki, bu yazıda irəli sürəcəyimiz mülahizələr rəsmi Bakının mövqeyini ifadə etmir, sadəcə bizim analizlərimiz və düşüncələrimizdir. Səhv də, doğru da ola bilər.

 

Beləliklə, ilk sual:

 

-Azərbaycan və İran arasındakı birgə hərbi təlimlər hansı zərurətdən doğdu? Rəsmi Bakı birdən-birə Təl-əvivdə birmənalı qarşılanmayacaq bu addımları atır?

 

Cavab:

 

-Əvvəla, onu deyək ki, istər Azərbaycan prezidentinin Misirə səfəri, istərsə də Ordumuzun İranla birgə hərbi təlimlərə başlaması qərarı bizim tərəfimizdən atılmış ilk addımlar deyil. Rəsmi Bakını bu addımı atmağa vadar edən önəmli səbəblər var və bu səbəblər heç də digər strateji müttəfiqlərimizin istək və tələblərindən irəli gəlmir. Əksinə, İsrailin Azərbaycanla bağlı bəzi xoşagəlməz addımlarına verilmiş adekvat mesaj xüsusiyyəti daşıyır. 

 

Bilirsiniz ki, İlham Əliyevin Misirə səfərindən bir həftə əvvəl İsrail Baş nazirinin oğlu Yair Netanyahu qondarma “Kürdüstan xəritəsi” yayımlamış və Azərbaycanın ərazilərini də bu xəritəyə daxil etmişdi. Bununla da qalmamış, “xəritə”nin mühtəvasına bu sözlərlə aydınlıq gətirmişdi: “Bütün gözlər Kürdüstandadır. Türkiyənin kürd xalqına qarşı soyqırımını dayandırın. Kürdüstanın Türkiyə, İran, İraq və Suriya tərəfindən işğalına və zülmünə son qoyulsun. Azad Kürdüstan”. Göründüyü kimi, strateji müttəfiqimiz Türkiyə bu xəritədə soyqırımçı tərəf kimi təqdim olunmuş və açıq şəkildə onun torpaqlarının parçalanması ideyası irəli sürülmüşdü. Xəritədə bölünən ölkələrdən biri də Azərbaycan idi. Üstəlik, təkcə Şimali Azərbaycanın Laçın və Kəlbəcər əraziləri yox, həm də Cənubi Azərbaycanın Umriyyə vilayəti də hədəfə alınmışdı. Azərbaycan prezidenti İlham Əliyev ölkəmizə arxadan endirilmiş bu “dost zərbəsi”ndən sonra Misirə getmiş və məlum açıqlamaları verərək Netanyahu hökumətinə əsl soyqırımçının kim olduğunu xatırlatmışdı. Bir sözlə, Azərbaycan iki müttəfiq ölkə arasındakı gərginliyi başlatan tərəf deyil, sionizm təxribatına cavab verən tərəfdir.

 

Digər tərəfdən, İsrailin ötən ilin oktyabr ayından indiyədək Fələstin xalqına qarşı sürdürdüyü qətliamlar davam edir, nəinki müsəlman aləminin, hətta bütün dünyanın mütərrəqi qüvvələrinin sərt təpkisi ilə qarşılaşır. Hətta yəhudi xalqının nümayəndələri belə, Netanyahu hakimiyyətini bu amansız siyasətə görə qınayır, bəzi siyasi xadimlər onun qurduğu savaş hökumətindən istefa verirlər. Azərbaycan isə son günlərə qədər canını dişinə tutaraq, baş verən hadisələrə başardığı qədər təmkinlə yanaşırdı. Fəqət bu təmkinin də bir həddi-hüdudu olmalı idi. Əks təqdirdə, səbrimiz ilk növbədə İslam dünyası tərəfindən şübhə ilə qarşılana bilərdi. İlham Əliyev də məhz bu amilləri nəzərə alıb İsrailin ən yaxın strateji müttəfiqlərinin hazırladığı “iki dövlətli çözüm” təklifinə dəstəyini nümayiş etdirmişdi. Hesab edirəm ki, Təl-əvivin bu məsələdə bizdən inciməyə haqqı yoxdur.

 

-Bəs, İranla birgə hərbi təlimlərlə hansı mesaj verilirdi?

 

-Fikrimcə, bu suala obyektiv cavab tapmaq üçün hərbi təlimlərin keçirildiyi məkana və keçirilmə tərzinə diqqət yetirmək gərəklidir. Bilirsiniz ki, təlimlər Naxçıvan ərazisində və onun pararelində yerləşən İran torpaqlarında keçirilir. Yəni Urmiyyə ərazisində. Nəzərə alsaq ki, sözügedən “Kürdüstan” xəritəsinə həm də Urmiyyə əraziləri daxil edilib, verilmək istənilən mesajın anlamı bəllidir. Rəsmi Bakı və Tehran bununla kimlərinsə diqqətinə çatdırmaq istəyir ki, regionda həyata keçirməyə çalışdığınız layihələri bir yerdə məhv edəcəyik.

 

Ən əsası isə, Azərbaycan da, İran da bu təlimləri birlikdə yox, hər kəs öz ərazisində keçirir. Əslində bununla da dərin müttəfiqlik əlaqələrində olmadıqlarını göstərir və “lazım gələrsə bir araya gəlib ortaq təhlükəyə qarşı birləşə bilərik” mesajını verir.

 

-Gəlin, razılaşaq ki, İsrail-Türkiyə-Azərbaycan arasındakı münasibətlər əsasən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın İsrail əleyhinə səsləndirdiyi kəskin ritorikaları ilə pozulmağa başladı. Azərbaycan bu gərginlikdə hansısa tərəfin yanında yer almaq əvəzinə, iki dövlət arasında vasitəçilik edə bilməzdimi?

 

-Məncə, Azərbaycan həmişə İsraillə Türkiyə arasında münasibətlərin normallaşmasında əlindən gələni edib. Son Qəzza qətliamından qabaq bu iki ölkə arasındakı gərginliyin azaldılmasında Azərbaycanın böyük rolu olduğunu İsrail mediası da təsdiqləyirdi. Bilirsiniz ki, məhz bu çalışmalar nəticəsində İsrail prezidenti İsaak Hersoq 2022-ci ildə Türkiyəyə gəlmiş və Ərdoğanla mühüm görüş keçirmişdi. 2023-cü ildə Ərdoğanın da İsrailə səfəri gözlənilirdi. Türkiyədə həmin il keçirilən seçkilər və ardınca da İsrail-Fələstin savaşının çıxması bu səfərin ertələnməsinə yol açmışdı. Yəqin ki, Qəzza gərginliyi başa çatdıqdan sonra İsraillə Türkiyə liderlərinin bir araya gəlməsi yenidən gündəm mövzusuna çevriləcək və Azərbaycan bu istiqamətdə öz dəstəyini əsirgəməyəcək. 

 

Məncə, diplomatik münasibətlərdə hətta ən yaxın strateji müttəfiqlər arasında da bu cür insidentlər çıxa bilər və onu böyütməyə dəyməz. Bəzən dostuna, qardaşına, strateji müttəfiqinə də layiq olduğu yeri göstətməkdən çəkinməməlisən və bu, sənin ciddiliyini daha da artırar, qarşı tərəfi səninlə münasibətdə daha diqqətli olmağa dəvət edər.

 

Üstəlik, bir çoxlarımız İsrailin Azərbaycana təktərəfli dəstəyindən danışır. Halbuki, böyük siyasətlərdə təktərəfli dəstək anlayışı olmur. İsrail Azərbaycana nə qədər dəstək veribsə, Azərbaycandan bir o qədər yararlanıbdır. Məsələn, biz bu ölkədən silahları pulsuz almamışıq. Digər tərəfdən İsraillə regionun ən önəmli güclərindən sayılan Türkiyənin arasını düzəltməyə çalışmışıq və böyük ölçüdə buna nail də olmuşuq. Qeyd edim ki, rəsmi Bakının bu dəstəyi İsrail üçün də həyati əhəmiyyət daşıyıb. Ətrafındakı bütün qonşularla düşmən olmaqla öz evində rahat yaşaya bilməzsən. Dünyanın super gücləri nə qədər səni dəstəkləyir, dəstəkləsin, səndən qat-qat zəif olan düşmənlərinin assimtrik mübarizəsi nəticəsində rahatlığın  pozular, vətəndaşların başqa diyarlarda rifah axtarışına çıxarlar. Nəticədə dövlət kimi zəifləyər və sonunda həm qonşularını, həm də özünü məhv etmiş olarsan. Bu gün İsrail də məhz haqqında danışdığımız sindromu yaşayır. Belə bir vəziyyətdə Azərbaycanın təqdim etdiyi sülh üçün vasitəçilik missiyası İsrailin axtardığı və ya ağlı başına gələndən sonra axtaracağı ən dəyərli töhfədir. Son Qəzza savaşında da bu təsdiqləndi. Ümid edirəm ki, savaşdan sonra yaralar qaysaq bağladıqca Azərbaycanın vasitəçilik missiyasının qiyməti daha rahat anlaşılacaq və regional sülhün əsası rəsmi Bakının köməkliyi ilə qoyulacaq.

 

-Sizcə, indiki halda bəhs etdiyiniz vasitəçilik və əməkdaşlıq imkanlarından niyə istifadə olunmur?

 

-Fikrimcə, sizi narahat edən bütün problemlərin cavabı verdiyiniz bu sualın altında yatır. Məsələ burasındadır ki, İsrail sülh istəmir. Əksinə, Misirdən tutmuş Azərbaycana qədər böyük coğrafiyada amansız savaşların çıxması sionizmin əsas hədəflərindən biridir. Sionizm əsası qoyulduğu ilk gündən indiyədək Yaxın Şərqdə baş verən savaşları özünün varoluş səbəbi sayıb və elə bu üzdən də Yaxın Şərqdə müharibələr səngimək bilmir.

 

Fikrimi daha rahat anlamaq üçün, gəlin, tarixə qısa bir ekskurs edək. Məlumdur ki, sionizm 1890-ci illərin sonunda yaranıb. Yəhudi əsilli jurnalist  Teodor Herzlin ortaya atdığı bəzi fikir əsasında yaranan bu  ideologya 29 avqust 1897-ci il tarixində Avstriyanın Bazel şəhərində keçirilən I. Sionist Konqresində rəsmən dünyaya duyurulub. Konfransda iştirak edən 200-ə yaxın nümayəndənin səs çoxluğu ilə qəbul olunan qətnamədə sionizmin 100 illik strateji xətti müəyyənləşdirilib. Bu strateji plan 2 hissəyə bölünür. İlk hissədə qarşıdakı 50 il ərzində İsrail adlı dövlətin qurulması, ikinci 50 ildə isə onun genişləndirilməsi tezisləri yer alıb. İlk cari plan tam zamanında həyata keçirilib. 1947-ci ildə (tam 50 il sonra) İsrail elan olunub və rəsmən ikinci plana keçilib. İkinci planda Misirdən tutmuş İraqa qədər ərəb dünyasının geniş ərazilərini nəzarət altına almaq qərara alınıb. 1982-ci ildə yenə bir jurnalist olan Oded Yinon tərəfindən hazırlanan və akademik İsrael Şahak tərəfindən ön söz əlavə edilərək “Kivunim” qəzetində yayımlanan “1980-ci illərdə İsrail üçün Strategiya” adlı bəyannamə ikinci 50 il ərzində sionizmin planlarını əks etdirir. Planda Yaxın Şərqdəki ərəb ölkələrinin xırda dövlətçiklərə bölünməsi və bir-biri ilə apardıqları mübarizədə İsrailə sığınaraq ondan asılı vəziyyətə salınması ön görülürdü. Məsələn, İraqın ən azı 3 yerə, Suriyanın 5 yerə, hətta Qarabağ qədər ərazisi olan Livanın 5 yerə bölünməsi planlaşdırılırdı. Bu gün Yaxın Şərqdəki ərəb ölkələrinin vəziyyətinə nəzər salsaq, sözügedən planın uğurla həyata keçirildiyini görə bilərik. Amma belə görünür ki, Yaxın Şərqdəki ərəb ölkələrinin bölünərək İsrailin peyki halına gəlməsi kifayət etmir. İsrailin regionda təhlükəsizliyini tam təmin etmək üçün Türkiyə, İranın da bölünməsi lazımdır. İsrailin fikrincə, bu məsələdə ən rahat istifadə olunan kart Azərbaycan ola bilərdi. Azərbaycan vasitəsilə İrandakı soydaşlarımız hərəkətə gətirilərək İranın bir neçə dövlətə bölünməsinin əsası qoyulması mümkündür. Ardınca da PKK kartı ortaya atıla və Türkiyənin eyni aqibəti yaşaması üçün zəmin hazırlanardı. Göründüyü kimi, İsrailin Azərbaycana yanaşması strateji müttəfiqlik prinsiplərini ehtiva etmir. Azərbaycan faktoruna Böyük Yaxın Şərq siyasətinin həyata keçirilməsində yardımçı alət kimi baxılır və əsas güc kürd separatçılarına verilir. Görünür, sadəcə kürd separatçıları ilə İranı yerindən qımıldatmağın mümkün olmadığını anlayan sionistlər bu xətti tutmaq məcburiyyətində qalıblar. Hər halda Yair Netanyahunun paylaşdığı qondarma “Kürdüstan” xəritəsinə Urmiyəni, Laçın və Kəlbəcər rayonlarının da əlavə edilməsini başqa cür dəyərləndirmək mümkün deyil. Məhz bu səbəbdən də Azərbaycan, Türkiyə və İranın hazırkı durumda birlikdə hərəkət etməkdən başqa çarəsi yoxdur.

 

P.S. Azərbaycan ictimaiyyətini narahat edən “İsrail lobbisinin dəstəyini itirməklə ABŞ və Avropanın hansı təzyiqləri ilə qarşılaşa bilərik”, “İran-Azərbaycan siyasətində bu günə qarşımıza çıxan əngəllər necə aşılacaq”, “İranın Türk Dövlətlər Birliyinə daxil olması mümkündürmü”  və s. kimi suallara gələcək yazılarımızda aydınlıq gətirəcəyik.

 




Ana səhifəyə qayıt        Baxış: 5 890          Tarix: 13-06-2024, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma