Xəbər lenti
Dünən, 19:25

 

Baş nazirin müavini Əli Həsənovun nəvəsi avtoqəza törədəndə bəzi millət vəkilləri “övladların günahını valideynlər çəkə bilməz” deyə bəyanat vermişdilər. Zənnimizcə, hüquqi cəhətdən kifayət qədər haqlı olan bu iddianı bizim cəmiyyətə tətbiq etmək mümkün deyildi. Nədən ki, həmin ərköyün balalar öz zəhmətlərinin hesabına milyonçu olmayıblar. Onların lotuluq etdiyi həmin maşınları iri məmurlar alıb tərbiyyə vermədikləri övladlarına bağışlayıblar. Dolayısıyla cəmiyyətimizə insanlarımızı, mənəvi dəyərlərimizi məhv edən canavarlar yetişdiriblər. Deməli, onların cəzasını da, məntiqən, canavarlaşmış övladlar yox, övladlarını canavar kimi yetişdirən valideynlər çəkməlidirlər

Doğrusu, bu barədə məqalə yazmaq istəyirdim ki, böyük hörmət bəslədiyim dəyərli pedaqoq Nazim Əkbərli redaksiyamıza eyni mövzuda yazı göndərdi. Mən də ilk sözü ustada verməyi məsləhət bildim.

Buyurun, Nazim Əkbərovun həmin yazısıyla tanış olun:

 

  

Daha bir avtoqəza, daha bir neçə insanın həyatının faciəli sonu. Daha acınacaqlısı, avtoqəzanın yüksək rütbəli, hakimiyyət eşolonun lokomotivinə daxil olan birinin ailəsindən olması.

Bu cür, bu qəbdilən olan babalardan birini nəvəsini məşhur məktəblərdən birinə qoymaq istədiyi vaxtdan tanıyıram. Şəcərəsi adamı qəzəbləndirəcək bir millətə gedib çıxmasından utanmadan millilikdən (Allah bilir, hansı milləti nəzərdə tuturdu) danışır, məktəb qarşısında o qədər tələb qoyurdu, o qədər özünün “uzaqgörənliyini,” “dahiliyini,” daha nələrini, nələrini mədh edirdi ki! Daha dəhşətlisi, bu tip adamların təhsili özlərinin istədiyi kimi, özünə sərfəli şəkildə dizayn etmələridir. Sovet dövründən başlamış bu günədək əlinə bir dəfə bel, külüng, çəkic almamış, həmişə kabinet çörəyi ilə bəslənən birinin milli dəyərlərdən bəhs etməsinə qulaq asmaqdan daha böyük işgəncə varmı, görəsən?

Əli Həsnovun nəvəsi bir faciəyə səbəb oldu. Özü ilə bərabər daha neçə-neçə adamın da həyatını qaraltdı. Amma günahkar kimdir - nəvəmi, atamı, babamı? Kim?

Mənəviyyatımızın qaynaqlarında bütün insanların İslam fitrəti ilə doğulduğu, sonradan valideynlərinin onu korladığı bildirilir. Peyğəmbərimiz (s.a.s) bir hədis-i şərifində belə buyurur: “Doğulan hər insan İslam fitrəti ilə doğulur. Sonra ana-atası onu xristian, yəhudi və ya məcusi edər.” Bunun bir izahı da budur ki, insan anadan tərtəmiz doğulur, onun tərbiyəsini valideynləri pozur.

Quran-i Kərimin “Rum” surəsinin 30-cu ayəsində isə Allah (c.c.) bunu əmr edir: “(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa dönərək üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut.”

Başqa sözlə, Allahın kainata qoyduğu qanunları nəzərdən qaçırma, onlara əməl et. Köhnə kommunistlərə xatırlatmaq məqsədi ilə deyirəm: Karl Marksın ən böyük kəşflərindən biri, Kainat qanunlarının eynilə cəmiyyət qanunlarında da var olmasıdır. Bunu gələcək həyat yoldaşı ilə görüşdə bəyan etmişdi.

Biz insanlar çox zəif məxluquq, bir də bunun üstünə təkəbbür, fəxr, qürur kimi hislər əlavə ediləndə insanın yoldan çıxması, nahaqqı haqq görməsi, özünü Haqqın yerinə qoyması (Haşa!) kimi faciə daha da asanlaşır. Vəzifə, pul, cəmiyyətdə mövqe kimi fanilərdən fani olan şeylər insanı yoldan tez azdırır. Bəlkə də buna görə dövlətdə yüksək rütbə sahibi, iş dünyasında asanlıqla, rüşvət və dövlət malını mənimsəməklə böyük sərvət əldə edən iş adamların ailələrindən çıxanlar daha böyük cinayətlər törədirlər.

Vəzifə və sərvət ailədə rahatlığa, üstün görünməyə meyli artırır. Təkcə bu gün deyil, tarixən bu kateqoriyadan olan insanların ailə üzvləri həmişə fəlakətlərə, rüsvayçılıqlara məruz qalmış, ən fəci şəkildə dünyadan getmişlər. Buna misal olaraq yüzlərlə, bəlkə minlərlə misal çəkə bilərəm. Səbəb?

Vəzifə, pul, sərvət dünyada ən böyük imtahanlardan biridir. Buna görə də Aləmlərin Xaliqi bizi xəbərdar edir: «Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizin fikrinizi Allahı yad etməkdən yayındırmasın. Belə edən kəslər (Əlbəttə,) ziyana uğrayanlardır.» ("Münafiqun", 9).

Əlinə bir az imkan düşən evinə qulluqçu, uşağına dayə, övladına sürücü, həyətinə bağban və s. təşkil edir. O zaman qadına evdə iş qalmır: uşağını dayə saxlayır, xörəyini qulluqçu bişirir, evini o təmizləyir, bütün ev işlərini onun əvəzinə başqası görür. Övladını məktəbə sürücü aparır, hətta onun valideynlər iclasına belə sürücü gedir. Bir sözlə, ailə üzvlərinə görəcək heç bir iş qalmır.

Amma insan fitrəti başqa şey deyir. İnsan ona verilən güc, qüvvət, istedad, qabiliyyəti göstərmək istəyər. Qadın bişirdiyi xörəklərlə, evinin səliqə-sahmanı ilə öyünər, kişi zor-bəla ilə qurduğu evlə, həyət-bacasının səliqə-sahmanı, əkdiyi gül-çiçək, yetişdirdiyi meyvələr və sairlə öyünmək istəyər. Uşaq başqalarının gördüyü işlərə həsrətlə baxa-baxa onlar kimi olmağı istəyər, məktəbə sərbəst gedib-gəlmək, dərsdə fərqlənmək, öz gücünü faydalı işlərdə göstərmək istəyər.

Amma biz bütün bunlara imkan vermiriksə, o zaman günah kimdədir?

Niyə qadınlara qadınlıq qüruru yaşamaq imkanı vermirik? Niyə övlad qayğısın anadan alıb başqa birinə veririk? Niyə övladlarımıza laylanı anaları yox, yad biri oxuyur? Ev işindən, ev qayğısından, övladının qayğısını çəkməkdən azad etdiyimiz qadın nə etsin? Özünü harada və necə göstərsin? O, özünü bir yerdə göstərməlidir, bunun qarşısı alınmazdır. Amma harada? Evdə, ailəsində deyilsə, harada və necə?

Niyə övladlarımızı bərkə-boşa düşməkdən qoruyuruq, onları “zəhmətsiz bal yeməyə” öyrədirik? Niyə onların da, özümüzün də dünyamızı və axirətimizi məhv edirik, niyə?




Ana səhifəyə qayıt        Baxış: 3 147          Tarix: 6-08-2017, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma