Xəbər lenti

   

Baş nazirin müavini Əli Həsənovun nəvəsiylə “avtoşluq” yarışına girən “Mazda” avtomobilinin sürücüsünün kimliyi ictimaiyyət arasında xeyli müzakirəyə çevrilmişdi. Bəzi xəbər portallarının bu şəxsin kimliyi haqqında verdiyi dəqiqləşdirilməmiş məlumatlar da müzakirələri qızışdırırdı. Zira məlumatlarda əsas şübhəli kimi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səmədin adı hallanırdı. Halbuki, bu Səməd Heydərovla qəza törədən şəxsin arasında xeyli yaş fərqinin olması məlumatların inandırıcılığını azaldırdı. Hər halda Səməd Heydərov öz oğlu yaşında birisiylə “avtoşluq” yarışına girəcək qədər əhli-kef ola bilməzdi.

İlk gündən Ovqat.com-un səhihliyinə inanmadığı üçün yaymadığı bu xəbərin həqiqətən də dezinformasiya olduğu, saytımızın təxminində yanılmadığını ortaya çıxdı. Rəsmi açıqlamalardan aydın olur ki, avtoxuliqanlıq edən həmin şəxs bir zamanlar elə bu cinayətə qarşı mübarizə aparmalı olan quruma rəhbərlik edən rütbəlinin oğluymuş. Söhbət Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğlundan gedir.

Gəlin, məlumatla tanış olaq:

Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl “Gelandewagen” markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov Nərimanov Rayon Məhkəməsinə aparılıb.

“Report”un xəbərinə görə, hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, “Maqa” ləqəbi ilə tanınan M.İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. M.İsmayılovun Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində çalışdığı bildirilir.

Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bununla belə, ictimaiyyət üçün aydın olmayan daha bir məsələ qalır: görəsən, bu dezinformasiya jurnalist təxəyyülündən doğurdu, yoxsa, Kəmaləddin Heydərova qarşı rəqiblərinin apardığı “qara piar”ın nəticəsi idi?  Bəs, ictimaiyyət arasında bu cür əsassız mübahisələrin getdiyi halda, hökumət orqanları niyə faktı zamanında açıqlamağa tələsmirdi?  Zənnimizcə, bu sual ətrafında yaranan müəmma da avtoqəzada iştirak edən şəxsin kimliyindən az önəmli deyil.

 




Ana səhifəyə qayıt        Baxış: 3 620          Tarix: 6-08-2017, 20:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma