Xəbər lenti


Heydər Oğuz: “Trampın əsas rəqibi böyük ölçüdə müəyyənləşib”

“Hazırda Demokrat Partiyasının bir qisim nümayəndəsi Baydenin yerinə namizəd kimi Barak Obamanın həyat yoldaşı Mişel Obamanın irəli sürülməsinə çalışırlar, amma xeyli vaxtdır Obama ailəsi bu təklifi geri çevirir. Səbəb Bayden ailəsi ilə uzunmüddətli dostluqları da ola bilər. Yəni mümkündür ki, Bayden çəkildiyini rəsmi elan etdikdən sonra Mişel Obama bu təklifi qəbul etsin”.

Bunu ABŞ-da yaşayan politoloq Zaur Bayramlı yazıb. 

Politoloqa görə, bəzi rəy sorğuları Mişel Obamanın prezidentliyə namizəd olacağı təqdirdə Trampa qalib gəlmə şansının olduğunu göstərir: “Amma bu anketlər Trampa sui-qəsddən öncəki dönəmi əhatə edirdi. Sui-qəsddən sonra Trampın reytinqi xeyli yüksəldi və tərəfdarları indi onun ətrafında daha sıx birləşiblər”.

Z.Bayramlı hesab edir ki, Demokratlar bəlkə də tarixlərinin ən çıxılmaz, ən darmadağın dövrünü yaşamaqdadırlar. “Bütün hallarda, yaşananlar və eyni zamanda analizlərimiz bunu deməyə əsas verir ki, ABŞ öz 47-ci prezidentini çox sancılı doğacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Demokratlar Partiyası seçkidə vahid namizədlə bağlı qərarını avqustda, öz qurultayında açıqlayacaq. 

Bu arada ABŞ-ın ən böyük media quruluşları hesab edilən “The Washington Post”, “The New York Times” və “USA Today”, “The Economist” jurnalı, “Axios” və “Business Insider” portalları Baydenin əvəzinə Demokratlar Partiyasından namizədliyə mümkün namizədlərin siyahısını hazırlayıb (APA). Siyahılar müxtəlif olsa da bir neçə şəxs önə çıxıb. Həmin şəxslər aşağıdakılardır:

- Vitse-prezident Kamala Harris. 59 yaşlı Harris ABŞ tarixində ilk qadın vitse-prezidentdir. 

- Mişel Obama. Sabiq ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı. 60 yaş.

- Pit Butticiç. Nəqliyyat naziri. 42 yaş. O həmçinin Əfqanıstan müharibəsi veteranıdır. Qeyd edək ki, o, 2020-ci ildə Demokratlar arasında Baydenin əsas rəqiblərindən biri idi.

- Emi Klobuşar. Minnesotadan olan 64 yaşlı senator da 2019-2020-ci illərdə Demokratlar arasındakı namizədlik uğrunda Baydenin rəqiblərindən biri idi.

- Gevin Nyusom. 56 yaşlı Kaliforniya qubernatoru Nyusom 2023-cü ilin oktyabrında Pekinə səfər edərək Çin prezidenti Si Cinpinlə də görüşmüşdü.

- Rafael Uornok. Corciya ştatından olan 54 yaşlı senator. ABŞ Senatında Corciya ştatını təmsil edən ilk afroamerikalı.

- Cey Pritzker. 59 yaşlı siyasətçi İllinoys ştatının qubernatorudur. Qeyd edək ki, onun ailəsi "Hyatt" hotellər şəbəkəsinin sahibidir.

- Coş Şapiro. Pensilvaniyanın qubernatorudur. 51 yaşı var.

Bu da maraqlıdır ki, Obama və ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi vitse-prezident Kamala Harrisin Co Baydenin yerinə prezidentliyə namizəd göstərilməsi ideyasını dəstəkləməyib. Bu barədə “New York Times” məlumat yayıb. Qəzetin yazdığına görə, Obama hətta namizədlərin seçilməsi prosesini daha rəqabətli etməyə çağırıb.

Bəs ABŞ-ın "doğulacaq" 47-ci prezidenti qadın, yoxsa kişi olacaq?


Heydər Oğuz 

Siyasi şərhçi Heydər Oğuz “Yeni Musavat”a bildirib ki, ABŞ demokratlarının namizədinin kimliyi böyük ölçüdə müəyyənləşib: “Söhbət Co Bayden hökumətinin vitse-prezidenti Kamala Harrisdən gedir. Düzdür, hələ də Barak Obama kimi nüfuzlu demokratlar onu dəstəkləməyib, amma fikrimcə, sonunda həmin müxaliflər də ortaq məxrəcə gələcəklər”. 

Heyər Oğuzun fikrincə, Kamala Harrisin digər namizədlərdən həm üstün, həm də zəif tərəfləri var: “Demokratlar arasında tərəddüdlərin yaranması məhz bu amillərdən qaynaqlanır. Öncə onun üstünlüklərinə nəzər salaq. 

Əvvəla, o, qadındır və xüsusilə amerikalı gənc qadınların çox önəm verdiyi abort hüququnu dəstəkləyir. Demokratların yeni namizədinin bu vədlə xüsusilə gənclərin ciddi dəstəyini ala biləcəyi güman olunur. 

İkincisi, o, qaradərilidir və ABŞ əhalisinin 15%-ni bu zümrənin insanı təşkil edir.

Üçüncüsü, o, həm də anasından gələn irqi mənsubiyyətinə görə asiyalı sayılır və ABŞ əhalisinin 6%-ə yaxını asiyalıdır. Demokratlar təbliğat və təşviqat prosesini düzgün qura bilsələr, bu kəsimdən də ciddi səs ala biləcəklərinə inanırlar. 

Üçüncüsü, Kamala Harrisin həyat yoldaşı Duqlas Emhof yəhudidir və yəhudilərin ABŞ siyasi həyatında çox ciddi təsir imkanları mövcuddur. Baxmayaraq ki, Kamala Harris bu yaxınlarda İsraildə iki dövlətli həll projesini dəstəkləyərək bir növ fələstinlilərin tərəfini tutmuşdu. Bununla belə, Harrisin həyat yoldaşının yəhudi lobbisinə yaxınlığı onların dəstəyini də almağa kömək edə bilər.

Dördüncü, Kamala Harris ziyalı ailənin qızıdır. Atası da, anası da alim olub. Özü isə qaradərililərin oxuduğu və el arasında “qara kollec” kimi tanınan Hovard Universitetində təhsil almasına baxmayaraq, özünü yaxşı yetişdirib. Demokratların əsasən ziyalı kəsimlərindən səs aldığını göz önündə bulundursaq, Kamala Harrisin intellektual səviyyəsi də onun üstün tərəflərindəndir.

Bütün bu avantajlarına baxmayaraq, Kamala Harrisin dezavantajları da yox deyil. 

Əvvəla, o çox güləyəndir. Üstəlik, şaqqanaq çəkib qəşş etməkdən xoşlanır. Bəzən hətta heç bir əlaqəsi olmayan fikirlər söyləyib uğunur. Təbii ki, bu özəlliyi bir insani keyfiyyət kimi xoş görülsə də, liderə yaraşmır. Yəqin ki, onun prezident seçkilərdə qarşına qoyacağı ilk hədəf uğunmağı unutmaq olacaq. Digər nöqsanlı tərəfi isə hadisələrə siyasətçi kimi yox, hüquqşünas kimi yanaşmasıdır. Zamanla yəqin ki, bunun da öhdəsindən gəlməyə çalışacaq".

O ki qaldı seçilmə imkanlarına, Heydər Oğuzun fikrincə, ABŞ-da seçki yarışları əsasən nəticələri ortada olan ştatlar uğrunda gedir və Kamala Harris də bu əyalətləri qazanmağı hədəfləməlidir: “ABŞ-da özünəməxsus iki mərhələli seçki sistemi mövcuddur. Mərhələlərdən biri seçicilərin birbaşa iştirak etdiyi seçkilərdir. Amma bu seçkinin nəticəsi prezidenti müəyyənləşdirmək üçün yetərli deyil. ABŞ prezidenti əsasən ikinci mərhələdə müəyyənləşir. Bu seçkidə müxtəlif ştatlar öz əhalisinin sayına görə 538 nümayəndə seçilir və onlar Seçicilər Kollegiyasında toplaşırlar. Bu kollegiyada 270 nümayəndənin səsini ala bilən namizəd ölkə prezidenti olmaq səlahiyyəti qazanır. Təsadüfi deyil ki, Tramp ilk prezidentliyi dövründə Demokrat rəqibi Hillari Klintondan 3 milyon az səs toplamışdı. Amma Demokratlar Seçicilər Kollegiyasına daha çox nümayəndə çıxara bildiyinə görə Tramp onların dəstəyini alaraq prezidentlik haqqını qazanmışdı. Bənzər hadisə Tramp-Bayden yarışında da baş vermişdi. Odur ki, həm Tramp, həm də demokratların namizədi daha çox ştat qazanmağa çalışacaq.

ABŞ-da əslində bir çox ştatların hansı partiyaya səs verəcəkləri bəllidir. Bəziləri isə var ki, onlar nəticələri stabil olmayan ştatlar sayılırlar. 2020-ci ildə Bayden beş ştatda - Arizona, Corciya, Pensilvaniya, Miçiqan və Viskonsin Ştatlarında respublikaçıları məğlub etmişdi, halbuki 2016-cı ildə bu ştatlarda Hillari Klinton çox az fərqlə rəqiblərinə uduzmuşdu. Digər tərəfdən, illərlə iki partiyanın döyüş meydanına çevrilən Florida ştatı da 2020-ci ildə Trampın tərəfinə meyllənmişdi.

Bu ilə gəlincə, Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin kimi qeyri-stabil ştatlarda aparılan rəy sorğuları Trampın Baydeni üstələdiyini ortaya çıxarıb. Bəzilərində bu fərq hətta 7 xal kimi olduqca yüksək həddə yüksəlib: Arizona - 7 xal; Viskonsin - 5 xal; Şimali Karolina, Corciya və Florida ştatları - 4 xal; Pensilvaniya - 3 xal və Miçiqan - 2 xal. Sözsüz ki, bu əyalətlərdə seçicilərin Trampa meyllənməsi Baydenin son zamanlar uğursuz çıxışlarından qaynaqlanıb. Kamala Harris bu uğursuzluğun nəticələrini ortadan qaldırmaq üçün xeyli çalışmalıdır".

Heydər Oğuza görə, Demokratlar Partiyasının bu mənzərə qarşısında atacağı ən effektli addım seçiciləri tərəddüddə olan ştatların birindən Kamala Harrisi vitse-prezident seçməsidir: “Böyük ehtimalla, onun vitse-prezidentliyə namizədi ya İllinoys ştatının qubernatoru Cey Pritzker, ya da Pensilvaniya qubernatoru Coş Şapiro olacaq. Mən vitse-prezident namizədləri arasında Cey Pritzkeri daha şanslı hesab edirəm. Əvvəla, ona görə ki, o, 2019-cu ildən İllinoys ştatının qubernatorudur və bu il səlahiyyət müddəti bitir. Yəni daha təcrübəlidir və estafeti öz partiyadaşlarına buraxıb prezident seçkisinə yönələ bilər (ABŞ-da prezidentlə yanaşı, onun vitse-prezidenti də səsverməyə çıxarılır). Üstəlik, o, qubernatorluğu dövrdə İllinoys ştatının çox güclü iqtisadi bazasını yaradıb. Məhz onun rəhbərliyi sayəsində İllinoys hazırda Kaliforniya, Texas, Florida və Nyu-York kimi ştatları geridə qoyaraq, ölkənin ən böyük kiçik biznesinin yaradılmasına nail olub. 

Digər tərəfdən, Pritzker ailəsi ABŞ-ın ən varlı ailələrindəndir. Babaları Ukrayna yəhudisi olan Pritzkerlər 19-cu əsrin sonlarında Rusiyadan qaçaraq ABŞ-a sığınıblar. Dolayısı ilə Pritzkeri vitse-prezidentlik kürsüsünə gətirməklə, demokratlar daha aktiv anti-Rusiya siyasəti yürüdə və Ukraynaya daha çox dəstək verə biləcəklər. Ən əsası, onun Kamala Harrisin yanında olması yəhudi lobbisini də demokratlara meylləndirəcək".

Həmsöhbətimizin fikrincə, Demokratlarla Respublikaçılar arasında əsas rəqabət ABŞ-da məskunlaşan ispandilli vətəndaşları da öz ətraflarına çəkmək uğrunda gedəcək: “Məlumdur ki, ABŞ-da ingiliscədən sonra ən çox istifadə olunan dil ispancadır. Ölkədə 40 milyondan çox ispanca danışan var. Bu isə ABŞ əhalisinin 10-12%-dən çoxu deməkdir. Demokratların yürütdüyü köçkünlərə "yaşıl işıq" siyasəti ispandillilərin yaşadığı Texas və digər güney ştatlarında ciddi narazılıqlar yaradır və bu da ABŞ-ın gələcəyini də təhdid edir. Respublikaçıların fikrincə, Demokratlar bu siyasəti güney ştatlarının demoqrafik xarakterini öz xeyirlərinə dəyişdirməyə xidmət edir və dərhal dayandırılmalıdır. Həqiqətən də vaxtilə respublikaçıların yuvalarından sayılan Florida ştatı artıq köçkünlərin sayəsində qırmızı rəngdən boz rəngə çevrilib. Yəni iki partiya arasında tərəddüd edən ştat kimi tanınır. 

Maraqlıdır ki, Bayden hakimiyyəti dövründə köçkünlərlə iş siyasəti Kamala Harrisə həvalə olunmuşdu. Odur ki, ispandilli ABŞ vətəndaşları arasında nüfuz qazanmaq üçün Kamala Harisin komandasında ispandillilər də cəlb oluna bilər. Əks halda, ABŞ-ın bu “yumşaq qarnı”nı nəzərə almayan demokratların növbəti hakimiyyəti dövründə ölkədə ciddi insidentlərin çıxması ehtimalı var".

Kamala Harrisin prezidentliyə namizədliyini irəli sürməklə qarşılaşdığı böhrandan qismən yaxa qurtarmasına baxmayaraq, demokratların növbəti seçkilərdə qələbə çalacağına şübhə ilə yanaşan Heydər Oğuzun fikrincə, ABŞ-ın beynəlxalq siyasətdə üzləşdiyi problemlər də respublikaçıların hakimiyyətə gətirilməsini tələb edir: “Məsələ burasındadır ki, demokratların həyata keçirdikləri liberal iqtisadi siyasət artıq ABŞ-dan daha çox, Çinin böyüməsinə xidmət edir. ABŞ bu tendensiyanın qarşısını almaq üçün təcridedici siyasətlər yürütməlidir. Bu isə özünün də təcridinə yol aça bilər. Bu baxımdan Trampın "öncə Amerika" siyasəti ABŞ-ın indiki strateji hədəflərinə daha çox cavab verir. Zənnimcə, məhz bu səbəbdən də ABŞ “dərin dövləti” Trampla müəyyən anlaşmalara gedib onu hakimiyyətə gətirməkdə maraqlı olacaq. Əks təqdirdə, kəskin qütbləşmənin qarşısını almaq mümkün olmayacaq və ABŞ daxili hesablaşmalarla çalxalanacaq".

E.MƏMMƏDƏLİYEV,
 “Yeni Musavat”




Ana səhifəyə qayıt        Baxış: 5 382          Tarix: 24-07-2024, 21:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma