“Mən Naftalan icra başçısı Natiq Aslanova öz minnətdarlığımı bildirirəm. Onun xüsusi göstərişi və səyi nəticəsində üzləşdiyim bütün problemlər öz həllini tapdı”.
Ovqat.com xəbər verir ki, bu təşəkkür dolu sözləri Qarabağ müharibəsi əlili Qarayev Seyfəddin Xamoy oğlu əməkdaşımızla telefon söhbətində deyib.
Xatırladaq ki, bir neçə gün öncə saytımızda “Naftalan icra başçısı Qarabağ əlilini 6 ildir süründürür” sərlövhəli yazıda S. Qarayevin üzləşdiyi problemlərdən bəhs etmiş, onun dolanışıq üçün açdığı ictimai-iaşə obyektinin sənədləşdirilməsi məsələsində süründürməçiliklə üzləşdiyini bildirmişdik. Bizim bu qənaətə gəlməyimizə səbəb əlilin redaksiyamıza göndərdiyi məktub olmuşdu.
Dünən Seyfəddin Qarayev redaksiyamızla əlaqə saxlayaraq, icra hakimiyyəti nümayəndələrinin onun işiylə ciddi maraqlanmağa başladıqlarını və tələb olunan bütün sənədləri hazırladıqlarını bildirdi. Əlilin sevinci yerə-göyə sığmırdı. O, dəfələrlə saytımız vasitəsilə Naftalan rayonunun icra başçısına təşəkkürünü çatdırmağımızı xahiş etdi.
Biz də, öz növbəmizdə, hörmətli Natiq müəllimə sağlamlığını Vətən torpağı üçün itirən əlilə bu cür qayğı göstərdiyi üçün minnətdarlığımızı bildiririk. Natiq müəllimin bu alicənablığı bir daha sübut etdi ki, sadə vətəndaşları, sosial yardıma möhtac insanları, ən əsası, canını Vətən uğrunda qurban etməkdən çəkinməyən igid kişiləri sevindirmək o qədər də çətin deyilmiş. Naftalan icra hakimiyyəti bu nümunəvi davranışı ilə həqiqətən də təqdirəlayiqdir.
Bir daha təşəkkürlər, Natiq müəllim!
Ovqat.com
Paylaş: