Xəbər lenti


Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıda keçiriləcək COP29 (Conference of Parties) zirvəsində iştirakı ilə bağlı şayiələr təkzib edilsə də, mövzu gündəmdən düşmür. Son olaraq Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bu haqda açıqlama vermişdi. Demişdi ki, belə bir səfər planlaşdırılmayıb.

Qeyd edək ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdü. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Ondan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb.

Ermənistan KİV Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürməsi arqumentindən çıxış edərək Nikol Paşinyanın COP29 çərçivəsində Bakıya gələ biləcəyinə dair iddialar səsləndirilmişdi.  Azərbaycanda keçiriləcək tədbirlə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir çox dövlət başçısına məktub ünvanlanıb, eyni zamanda səlahiyyətli nümayəndələr tərəfindən görüşlərdə prezidentin dəvəti çatdırılıb.

 Əsas dəvətliləri nəzərə alaraq deyə bilərik ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas, Yaponiyanın Baş naziri Fumio Kişida, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Finlandiya Prezidenti Aleksandr Stubba,  Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino, Serbiya Prezidenti Aleksandar Vuçiç,   İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anri, İsveç Baş naziri Ulf Kristersson, Portuqaliya prezidenti Marselo Rebelo de Sousa Bakıya gələcək.

Bundan başqa Salvador, Liviya, Mikroneziya, Yeni Zelandiya, Nikaraqua, Palau, Seneqal, Seyşel adaları, Suriya, Tuvalu, Vanuatu və Venesuelanın dövlət və hökumət başçılarının, Qayana, Surinam və Ekvador prezidentlərinin, parlament sədrləri, deputatların və eyni zamanda qeyri-hökumət təşkilatları rəhbərlərinin də iştirakı gözlənilir. Dəvətlilər siyahısında Ermənistan baş naziri Nikol Paşinyanın adı yoxdur.

 Xatırladaq ki, COP29-la əlaqədar Azərbaycana təqribən 70-80 min xarici qonağın gələcəyi gözlənilir.

Nikol Paşinyanın da qonaq qismində Bakıya səfəri arzu olunandırmı? Beynəlxalq tədbir ərəfəsində belə bir dəvətin göndərilməsi mümkündürmü?


Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, COP29 toplantıları nüfuzlu beynəlxalq tədbirlərdən biridir: “Tədbirin bu xarakteri tələb edir ki, onu düzənləyən tərəf hər kəsi oraya çağırsın. Azərbaycan da bunu etsə, daha doğru olar. Üstəlik, bizim ermənilərlə ciddi problemlərimiz də qalmayıb. Torpaqlarımızı işğal etmişdilər, geri aldıq. Bundan sonrakı mərhələdə Qərbi Azərbaycana qayıdış və Zəngəzur dəhlizinin açılması problemlərini çözməliyik. Amma bu məsələlər Qarabağın işğaldan azad olunması kimi qeyri-dinc yollarla həll oluna bilməz. Hər şey Ermənistanla münasibətlərimizi normallaşdırmaqdan asılıdır. Nikol Paşinyanın COP29 sammitində iştirakı bu istiqamətdə atılmış mühüm addımlardan biri olardı”.

Heydər Oğuzun fikrincə, Azərbaycan dəvət edərsə, Nikol Paşinyanın Bakıdakı tədbirə gəlməsi sual altındadır: “O, müharibədən məğlub ayrılmış erməni millətçilərin təzyiqi altındadır. Digər tərəfdən, Fransa, İran, hətta Rusiya kimi tərəfdaşları belə onun bu iştirakına razılıq verməyəcəklər. Belə olan halda onu beynəlxalq tədbirə dəvət etməyib biz pis olunca, qoy, o bizim dəvətimizi geri çevirib özləri pis vəziyyətə düşsünlər. Diplomatik üstünlük bizim tərəfimizdə qalsın, Azərbaycan sülhü istəməyən tərəf kimi görünməsin”.

Həmsöhbətimizin fikrincə, ermənilərin uzun illər boyu bizə qarşı istifadə etdikləri məkrli siyasətlər indi bumeranq effekti ilə özlərinə qayıdır:

 “Vaxtilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbiləri işlərini elə qurmuşdular ki, hətta bir-birinə düşmən olan paytaxtlar bizə qarşı birləşmişdilər. Dünyanın dörd tərəfindən üstümüzə gəlirdilər. İndi isə elə vəziyyət yaranıb ki, dünənə qədər ermənilərin ağuşuna sığındıqları qüvvələrin hamısı onlardan bir-birinə zidd gözləntilər içindədirlər. Bunun ən bariz nümunəsi Zəngəzur dəhlizinə münasibətdə özünü büruzə verir. Məsələn, Rusiya onlardan Zəngəzur dəhlizinə nəzarəti istəyir. İran bu dəhlizin açılmaması üçün ən məntiqsiz arqumentlər irəli sürür. ABŞ da, Fransa da, digər ermənipərəst dövlətlər də dəhlizə nəzarətin onlara verilməsini arzulayırlar. Bütün bu ziddiyyətlər istər-istəməz erməniləri beynəlxalq güc mərkəzlərinin poliqonuna çevirir. Belə vəziyyətdə bizim üçün ən uyğun mövqe erməniləri dostları ilə baş-başa buraxmaqdır. Onlara qarşı ən xırda düşmənçilik mövqeyi erməniləri konsolidasiya edə və yenidən xarici tərəfdaşlarını xortlada bilər. Əksinə, biz özümüzü Zəngəzur dəhlizinə ümid bağlamamış, ermənilərlə ədalətli münasibətlər sistemi qurmaqda maraqlı olan tərəf kimi göstərməliyik. Yetər ki, öz çanaqları öz başlarında çatlasın”.

Ermənilərin getdikcə geosiyasi poliqonda yuvarlandıqları vətəndaş müharibəsindən xilas edəcək yeganə iksirin Azərbaycanla və Türk dünyası ilə inteqrasiyaya getmək olduğunu düşünən siyasi şərhçi bədnam qonşularımızın nə yazıq ki, belə bir strateji ağılının çatmadığına inanır:

"Bu gün ermənilər iki yol arasında qalıblar, ya bizi yaxşı görüb uzaq qohumlarından kənar gəzəcəklər, ya da bizi pis görürlərsə, yaşadıqları torpaqlardan köçüb qurtulacaqlar. Üçüncü seçənəkləri isə geosiyasi güc mərkəzlərinin poliqonuna çevrilib bir-birini qıracaqlar. Ən əsası isə Zəngəzur dəhlizini xoşluqla açmasalar, özlərini təcrid olunmuş dalan dövlət olmaqdan xilas edə bilməyəcəklər. Hansı variantı seçsələr bizim üçün o qədər xoşdur. Qoy, tarixin acımasızlığından haqq etdikləri dərsi alıb ağıllansınlar”.

 
E.MƏMMƏDƏLIYEV,
Musavat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 857          Tarix: 10-09-2024, 10:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma