Xəbər lenti


Elçin Qurbanov

İqtisadçı ekspert

 

Bəzi deputatlara tənqidi fikirlərinə görə xəbərdarlıq edilməsini və onlara KİV vasitəsilə hücum planlaşdırıldığını eşitdim və çox böyük təəssüf hissi ilə demək istəyirəm ki, belə basqılar dövləti öz mahiyyətindən uzaqlaşdırmaqdır. 

 

Millət vəkillərinə konkret göstərişlər vermək , onların fəaliyyətini senzuraya salmaq heç bir hakimiyyət orqanı tərəfindən həyata keçirilə bilməz. Deputat Siyavuş Novruzov Sahil Babayevə kəndlilərə verilən inəklərin bəzən xəstə olduğunu bildirdiyinə görə xəbərdarlıq edilməsi Mİllət vəkilini , onun mandatını təhqir etməkdir. Azərbaycan Respublikası Milli Məclisi deputatının toxunulmazlığı barədə Konstitusiyamızın 91-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz”. Heç intizam məsuliyyətinə də cəlb oluna bilməzlər.

 

Dövlət yalnız icra hakimiyyətindən ibarət deyil.   Azərbaycan Respublikası dövlət olaraq hakimiyyət bölgüsünə əsaslanır. Nazir təyinatlı vəzifədir. Millət Vəkili seçkili hakimiyyət orqanının nümayəndəsidir. Xalqın mandat verdiyi şəxsdir.  Dövlət barədə sağlam anlayışı olmayanlara xitabən bir tarixi nümunəvi yanaşmanı diqqətə ərz etmək istəyirəm. 

 

 Hakimiyyət bölgüsünü obrazlı şəkildə  təsvir edən Amerika konstitusiyasının müəlliflərinin fikrincə, yaxşı idarəçiliyin xarakterik cizgiləri ondan ibarətdir ki, dövlətin gücü qanunverici hakimiyyət konqresin əlində cəmləşir, dövlətin enerjisi icra hakimiyyətnə prezident rəhbərlik edir, dövlətin müdrikliyi sayılan məhkəmə hakimiyyəti isə ali məhkəmə və aşağı məhkəmələr tərəfindən həyata keçirilir. Bu da dünyanın super dövlətinin dövlətçilik prinsipləri.

 

 Bu günümüzdə də hüquq ensiklopediyası kimi qəbul olunan , “Qanunların ruhu” kitabının müəllifi Şarl Lui Montseke deyirdi ki, vətəndaşların siyasi azadlıqlarının təmin olunması üçün elə etmək lazımdır ki, vəzifə daşıyan istənilən hakimiyyət nümayəndəsi öz səlahiyyətlərindən sui istifadə edə bilməsin. Döğrudur, təcrübə göstərir ki. istənilən hakimiyyət nümayəndəsi öz səlahiyyətlərindən sui istifadə etmək imkanına malikdir, lakin onun qarşısını almaq üçün bütün hakimiyyət qollarının biri-birinə nəzarətetmə mexanizmi müəyyən edilməli, biri digərini qanunsuz fəaliyyətdən çəkindirməlidir. Amma çoxluğun və xalqın iradəsinin ifadəsi kimi qanunverici hakimiyyət digər hakimiyyət qolları üzərində daha çox nəzarət imkanına malik olmalıdır.O xalq qarşısında hesabatlı olmalıdır. 

 

Dünya şöhrətli Con Lokk isə deyirdi ki, əgər hakimiyyət orqanları hüquqları və dövlətin qəbul etdiyi qanunları pozmaqla fəaliyyət göstərərsə onda nəinki dövlətin normal idarə edilməsi və insan haqqları pozular, xalq köləyə çevrilər və məhv olar.   Çox yaxşı olardı ki, millət vəkillərinə basqı etmək fikrinə düşən vəzifəli şəxslər , televiziyalar bir az dövlət barədə zəruri biliklərə sahiblənsinlər. Bilsinlər ki, millət vəkili öz seçicisinin iradəsini ifadə edə bilmirsə o millət vəkili deyil. Əgər hər hansı icra hakimiyyəti orqanının fəaliyyətini tənqid etməyi ölkə Prezidentinə qarşı atılan addım hesab edib yersiz siyasi xal qazanmaq firkinə düşüblərsə bu özü elə dövlətə xəyanət etmək deməkdir. Belə hallar üçün  mərhum Heydər Əliyevin çox mükəmməl bir kalamını xatırlamaq yerinə düşər: “Yalançını, oğrunu və rüşvətxoru qəhrəman etmək öz xalqına xəyanət etməkdir!”. Bu qədər sadə.

 

Daha bir sözünü də xatırladım ki, bir az daha anlaşılan olsun “Mənə şirin yalanları yox , acı həqiqəti söyləyin”.  “Problem varsa , deməli həll olunmalıdır!”  Yoxsa problemi  gizlətmək , gözə kül üfürmək yox.   Təyinatlı vəzifə tutan şəxslərin fəaliyyətindəki qüsurlar belə çıxır ki, Prezidentdən və ictimaiyyətdən gizlədilməlidir. Mİllət vəkili danışarsa Prezident və Xalq eşidər deyə qüsurlar örtbasdır edilməlidir? Bu xəstə təfəkkür dövlətin normal fəaliyyətinə, cəmiyyətin dövlətçilik təfəkkürünə ciddi xələl gətirir, pis nümunə kimi insanları dövlətə və xalqa xəyanət ruhunda tərbiyə edir. Tənqidi fikirlərinə görə millət vəkillərinə yalnız təşəkkür düşür.





Ana səhifəyə qayıt        Baxış: 249          Tarix: Bu gün, 09:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma