Xəbər lenti

 

 

Türkiyə ilə biz, həqiqətən də, “bir millət, iki dövlətik”. Bu yaxınlıq təkcə strateji məsələlərə yanaşmada özünü göstərmir. Ən adi məişət hadisəsində belə, bizimlə türkiyəlilər eyni davrana bilirlər. Bu, elə eyni millət olmağımızın ən gözəl təzahürüdür.

Amma Türkiyəylə biz həm də iki dövlət olduğumuza görə, hər iki ölkədə ortaya qoyulan davranışların nəticələri bəzən fərqli də ola bilir. Qardaş ölkənin dəniz sahillərində özbaşına qurulan tikililərə münasibətdə də bu “bir millət, iki dövlət” prinsipi mövcuddur. Sadəcə, bir az fərqli formalarda.

 

Ovqat.com-un türk mətbuatına istinadən verdiyi xəbərə görə, bəzi işbazlar qardaş ölkədə də sahillərə öz “çörək ağacları”nı qurmaq eşqinə düşüblər. Amma bu işbazların “uzaqgörənliyinin” ömrü, uzağı, 1 gün sürüb. Türkiyə dövlət yetkililəri həmin işbazlara qurduqları tikililəri gecəylə sökdürüb.

Bakı çimərliklərində isə ən təmis yerlər hansısa iri məmurların bağ evlərinə çevrilib. Ucu-bucağı görünməyən və uca divarlarla hasarlanan bu bağ evlərində yalnız həmin oliqarxların özləri və ailələri dincəlirlər. Onlardan geri qalan natəmiz sahələr isə kasıb-kusubların ixtiyarındadır. Amma bu “iltifat” belə, müftə deyil. Hər kvadrat metrlik sahə bu isti yay günlərində kasıb vətəndaşlara bir neçə saatlığa puluyla satılır və dəniz qırağının ucu-bucağı görünməyən hissəsində - özlərinə məxsus bağ evlərində yayın kefini çıxaran həmin oliqarxların ciblərini doldurur. Ən ucuz çimərliklərdə adi bir masanın qiyməti isə 10-20 manat arasında dəyişilir. Şəxsi maşınıyla çimərliyə gedənlər bir də avtomobillərini “günə vermək” üçün əlavə pul ödəməli olurlar.

 

Çimərliklərimizdəki qiymətlərlə daha ətraflı tanış olmaq istəyirsinizsə, Baku.ws-nin iki ay öncə yayınladığı bu məlumata göz gəzdirə bilərsiniz:

 

“AF Hotel Aqua Park” - 15 manat

 

Novxanıda fəaliyyət göstərən “AF Hotel Aqua Park” kompleksində həftəsonu bir nəfər üçün giriş 15 manatdır.

 

“Bilgəh Aqua Park” - 50 manat

 

Bilgəh qəsəbəsində fəaliyyət göstərən “Jumeirah Bilgah Beach Hotel”dəki aquaparkda həftəsonu 1 nəfər üçün giriş 50 manatdır. Dənizə giriş isə 30 manatdır. 6 yaşa qədər uşaqlar üçün aquaparkdan istifadə pulsuzdur.

 

“Aqua Park Shikov” - iki nəfər üçün 23 manat

 

Bu istirahət mərkəzinə həftəsonu iki nəfər üçün giriş 23 manatdır. Avtomobil üçün dayanacaq da qiymətə daxildir. 23 manata hovuzdan və çimərlik aksesuarlarından istifadə etmək olar.

 

“Pullman Aqua Park” - 40 manat

 

“Pullman Aqua Park”dakı istirahət kompleksində həftəsonu bir nəfər giriş üçün 40 manatdır. Qiymətə çimərlik aksesuarlarından istifadə də daxildir.

 

Dalga Beach Aquapark Resort” - 50 manat

 

Bu kompleksdə xarici vətandaşlar üçün həftəsonu giriş 70 manatdır. Yerli vətəndaşlar üçün isə 50 manatdır. Həftə içi qiymətlər aşağı düşərək yerli vətəndaşlar üçün 35 manat, xarici vətandaşlar üçün 50 manat təşkil edir.

 

“Sea Breeze Hotel” - 20 manat

 

“Sea Breeze Hotel” - Nardaranda yerləşir. Bir nəfər üçün giriş 20 manat təşkil edir. 10 yaşına qədər uşaqlar pulsuzdur.

 

“Amburan Beach” - 25 manat

 

Bu kompleksə həftəsonu giriş 25 manat, həftəiçi isə 20 manatdır. Qiymətə çimərlik aksesuarlarından istifadə də daxildir.

 

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sərəncamı ilə iyunun 15-dən çimərlik mövsümü açıq elan edilib.

Bəli, Allahın bu millətə bəxş etdiyi dəniz və onun sahili belə, ona pulla satılır.

Türkiyə çimərliklərində bir gün içində baş verən dəyişikliklər:

Bir gün əvvəl

 

Bir gün sonra

 

Bakı çimərlikləri: İllərin sınağından çıxan mənzərələr

 




Ana səhifəyə qayıt        Baxış: 1 949          Tarix: 11-08-2017, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma