
İranda yaşayan türk boylardan biri də Qaşqaylardır. Ölkənin cənubunda, əsasən Fars vilayətində yaşayan Qaşqaylar öz milli adət-ənənələri ilə seçilir, türklərin qədim yaşayış tərzlərini qoruyurlar. Təsadüfi deyil ki, İranda "ən döyüşkən xalq" kimi tanınan Qaşqaylar son zamanlara qədər tayfa – nəsil bölgüsünü, hərbi demokratiyanın əsas xüsusiyyətini saxlayaraq, əkinçilik və maldarlıqla məşğul olurlar, Qaşqay boy birləşmələrinin başında isə qəbilə başçılarının seçdiyi ilxan (elxan) durur.
İranda xalqların etnik kimliyi qeydə alınmadığına görə, hazırda bu torpaqlarda nə qədər Qaşqay türkünün yaşadığı bəlli deyil. Bəzi tədqiqatlarda onların sayı 2 milyondan 3,5 milyona qədər göstərilir.
Digər türk boylarından fərqli olaraq, Qaşqaylar Fars vilayətində məskunlaşdıqlarından İran rejiminin assimiliyasiya siyasətinə ən çox məruz qalan boylardandır. Qədim türk ənənələrinə bağlılıqları, köçəri halında yaşamaları, ən əsası isə döyüşkən xarakerləri və xarici təzyiqlərə qarşı sərt reaksiyaları Qaşqayları bu günə qədər ayaqda tutan, özgələşməyə qoymayan başlıca amillərdir.
Qaşqaylar bu gün də İran rejiminin assimiliyasiya siyasətinə qarşı amansız mübarizə aparırlar. ArazNews.az-ın məlumata görə, son vaxtlar onlar artıq üçüncü dəfədir ki, Fars vilayətinin mərkəzi Şiraz şəhərində valilik qarşısında öz kimliklərini qorumaq üçün aksiya keçiriblər. Aksiyanın əsas tələbi Qaşqay türkləri milli geyimlərinin “ələ keçirilməsi və oğurlanması”na etirazdir. Etirazçılar, tarixi kimliklərinin qorunması üçün şüarlar səsləndirərək, bu hadisənin tarixə, adət-ənənələrə və qanuna zidd olduğunu bildiriblər.
Etirazçıların şüarlarında Azərbaycan türklərinin Qaşqay qardaşlarına dəstək olmalarını tələb ediblər. Onlar “Qaşqayi var olsun, Azərbaycan sağ olsun” və “Qaşqayi Türkmən ittihad ittihad (birləşin birləşin)” şüarları səsləndiriblər.
Paylaş: