Xəbər lenti


“Şokdayam. Mən təkcə narahat deyiləm – fundamentimə qədər sarsılmışam”.

 

Ovqat.com-un məlumatına görə, Ermənistanın “ArmenianReport” nəşrinin müəllifi Ambartsum K. “Ermənistan gözümüzün qabağında təslim olur sərlövhəli məqaləsində bu etiraflarda bulunub. 

 

Bəs özünün də dediyi kimi, “fundamentinə qədər” sarsıntı keçirən bu erməni müəllifini narahat edən nədir?

 

Gəlin, ən yaxşısı, onun “qarnının ağrısı”nı özündən öyrənək.

 

Erməni analitik yazır:


Qeyri-mümkün görünən hər şey reallığa çevrildi. “Sui-qəsd nəzəriyyələri” hesab etdiyimiz hər şey doğru çıxdı. Ermənistan gözümüzün qabağında təslim olur. Onun suverenliyi, mənəvi oxu, təhlükəsizliyi gözümüzün qabağında məhv edilir. Bunu isə son nəfəsinə qədər müdafiə etməli olanlar edir. İlk növbədə Nikol Paşinyan.

 

“Carnegie Politika” və “CaucasusWarReport” nəşrlərinin yazdıqlarından məlum olur ki, Amerika administrasiyası Zəngəzur dəhlizinə nəzarətin ABŞ-dan özəl logistika şirkətinə verilməsi layihəsini çoxdan hazırlayıb. “Neytral format”ın gözəl sarğı altında Ermənistan ərazisinin faktiki beynəlxalq idarəsi dayanır. Bayraqsız, suverenliksiz, iradəsiz.

 

Ən pisi isə Rusiyasızdır. Bu gün Moskvaya münasibətimizdən asılı olmayaraq, həqiqət bir şeydədir: Ermənistan Respublikasının mövcudluğunun qarantı Rusiya idi. Nə Fransa, nə ABŞ, nə İran, nə də Hindistan. Birdən çox münaqişəni dayandıran rus əsgəri olub. Hansı ki, onlar hazırda sərhədlərimizdə dayanırlar. Və buna görə də bizə tətbiq edilən yeni model sadəcə olaraq Rusiyanı istisna etmir. O, Ermənistanı da bir subyekt kimi istisna edir. Bizə faktiki xarici idarəetmə fonunda simvolik suverenlik qalır. Biz proseslərə, qaydalara və ya gələcəyə nəzarət etmirik. Bizə “zəmanətlər”, “iqtisadi inkişaf”, “kommunikasiyaların açılması” vəd edilir. Amma nəyin müqabilində? Səssiz təslim olmaq üçün? Zəngəzurun təslim olmasına, Qarabağ məsələsinə, orduya, milli kilsəyə, erməniliyin bütün əlamətlərindən imtinaya görə? Bu, təkcə diplomatik manevr deyil. Bu xəyanətdir. Və dünən başlamadı.

 

İndi Paşinyanın dinə qarşı hücumlarının əsl mahiyyəti aydınlaşır: onun erməni apostol kilsəsinə qarşı kampaniyası, katolikos II Qareginə qarşı hücumları, xalqımızın min illik mənəvi təməlini ələ salması – bütün bunlar təsadüfi deyilmiş. Bu, Ermənistanın sürünən müstəmləkəçiliyinə mane olan hər şeyin düşünülmüş, rüsvayçı və metodik təmizlənməsi imiş.

  

Kilsə sadəcə dini bir qurum deyil. Bu, erməni kimliyinin dövlət tərəfindən idarə olunmayan son qalasıdır. Buna görə də Paşinyan onu məhv etmək üçün çox çalışırdı. İndi də - bu dramın yekun aktı: müzakirəsiz, referendumsuz, xalqın razılığı olmadan beynəlxalq nəzarətə verilmiş Zəngəzur. Ölkəmizin, xalqımızın əzəli düşmənlərinə arxalanaraq.

 

Bu sadəcə dəhşətdir! Amma ən pisi Ermənistan cəmiyyətinin reaksiyasıdır. Və ya, daha doğrusu, onun olmaması. Mitinqlər haradadır? Kütləvi etirazlar haradadır? Ölkəni iflic etməli olan müqavimət hərəkatı hardadır? Erməni dövlətçiliyinin bünövrəsi dağılanda niyə minlərlə insan susur? Çünki bizə qorxmağı öyrədiblər. Çünki 2018-ci ildən sonrakı illərdə biz tərksilah olduq - mənəvi, ruhani və siyasi cəhətdən.

 

Bizə “hər şey yaxşıdır”, “əsas odur ki, sülh içində yaşayaq”, “biz hamı ilə dost olmalıyıq” kimi dərslər öyrədildi. Amma hamı ilə dost olanda millət kimi mövcud olmursan. Nəticə etibarı ilə nəslimizin bizi lənətləyəcəyinə nail olduq. İndi baş verənlər - çoxdan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və Ermənistanı heç bir subyektivlikdən uzaq bufer zonaya çevirmək istəyən geosiyasi yırtıcıların qələbəsidir. Paşinyan bu oyunda ideal alət oldu.

 

Ona görə yox ki, o, satqındır. Amma qorxduğu üçün. Həqiqətdən qorxur, xalqdan qorxur, tarixdən qorxur. Amma sussaq, tarix bizi şəhid millət kimi yox, satqın millət kimi xatırlayacaq. İnvestisiya üçün müqəddəs yerlərini bağışlayan insanlar kimi. Kim müttəfiqləri ilğımlarla dəyişdirdi, Zəngəzuru kim təslim etdi, Artsaxı təslim etdikləri kimi? Nə etməli? Dərhal hökumətdən hesabat tələb etmək lazımdır.

 

Bütün ictimai və dini qüvvələri səfərbər etmək lazımdır. Təbliğat və qorxu ilə sürükləndiyimiz qış yuxusundan çıxmaq lazımdır. Ermənistan müvəqqəti hökumət deyil. Ermənistan əbədi xalqdır. Amma əbədi xalqın qorxaq olmağa haqqı yoxdur. Xüsusən də onun yenidən yox olmaq ərəfəsində olduğu bir vaxtda. 

 

Bəli, xalqımız susarkən Bakı və Vaşinqton yeni reallıq qurur. Ermənilər bunu qəbul etsələr, onda itib-batacaqlar. Müharibə olmadan. Döyüş olmadan. Sadəcə olaraq - yox olacağıq. Mübarizə əzmini itirmiş millətlərin yox olduğu kimi.

 

Tərcümə etdi: Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 251          Tarix: 5-07-2025, 10:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma