Xəbər lenti

Elçin Qurbanov,

İqtisadçı ekspert

 

Rusiyanın Azərbaycanla münasibətlərinin gərginləşməsinin çox dərin siyasi səbəbləri var. Burada Rusiya Ukrayna savaşının detallarına aid bir çox mətləblər də yer alır. 

 

Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü tanıdığını izhar edir. Kremlin hazırkı siyasi mövqeyi isə yeni dünya düzəninin tələbləri ilə razılaşmamasıdır. Bir çox dünya dövlətlərinin siyasi-demoqrafik və coğrafi vəziyyətinin dəyişəcəyi qədər böyük layihələrin gerçəkləşəcəyini ağıllı siyasətçilər bilir. 

 

Azərbaycan isə artıq öz seçimini edib. Bu seçim siyasi dizayn etibarı ilə yaxın gələcəkdə çox güclü və inkişaf etmiş yüksək rifah dolu Azərbaycan vəd edir. Ermənistan Azərbaycan qarşıdurması isə daha söz qonusu ola bilməz. 

 

Ermənistana qərbdən idxal olunan daşnaq-sütun qanadının kilsə cərəyanı isə heç bir nəticə hasil edə bilməyəcək. Azərbaycan bütün qonşu ölkələrə təsir edəcək qədər müdrik və güclü siyasi potensiala malikdir.   Rusiya isə özünün siyasi xarakterini ənənəvi olaraq kobud şəkildə ifadə etməklə düşdüyü quyunun dibini daha da dərinləşdirir. Rusiya siyasi elitası bu ölkənin dövlət olaraq aqibətini anlayır. Lakin göstərilən çabalar və aqressiyalar prossesi pis mənada daha da sürətləndirir. Korrupsiya, rüşvət, pozğunluq, alkoqolizm və narkomaniya içindən çürütmüş bir cəmiyyətin taleyinə bundan daha ağır zərbə vura bilməzdi. 

 

O ki, qaldı iki gün öncə Trampın Putinlə danışıqlarının nəticələrinə,  nəinki bu dəfəki,  ümumiyyətlə Ukrayna müharibəsi ilə əlaqəli heç bir danışıqlar əhəmiyyəti olmayıb, heç olmayacaq da. Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarının motivi NATO-nun Rusiya sərhədlərinə  yaxınlaşması olduğu halda, NATO-nun başında dayanan ABŞ-ın Ukraynanın iqtisadi-siyasi həyatında iştirakı ilə razılaşması absurddur. 

 

Tramp ABŞ rəhbərliyinə gəlmiş ən qalmaqallı və xüsusi aktyor bacarığı ilə seçilən prezidentdir. Hansı ki, hakimiyyətə gələr-gəlməz qərbin şimaldakı anekslərinə əl qoyması,  İsrailə etiraz etdikdən sonra 4 milyardlıq hərbi dəstək paketinin imzalanması, Ukraynaya əvəzsiz hərbi yardımın əvəzini təbii ehtiyyatlar şəklində tələb etməsi, indi isə Ermənistanın və Qarabağın təbii sərvətlərinin ABŞ şirkətləri , habelə Britaniya və Fransa şirkətləri arasında  bölüşdürülməsinin ortaya atılması, Zəngəzur dəhlizinə təhlükəsizlik və beynəlxalq nəzarətinin təşkilində bilavasitə iştirak kimi məsələlərlə tarixə düşəcək. 

 

Təsadüfi deyil ki, Tramp iqtidarı özündən əvvəlki (demokrat Bayden) iqtidarın guya, buraxdığı səhvləri tez-tələsik düzəltmək istəyindən xaotik siyasət yürüdür. Doğrudur, həqiqətən də Rusiyaya tətbiq olunan sanksiyalar Çinin sıçrayışlı inkişafına səbəb oldu. Böyük xammal ehtiyyatlarının ucuz qiymətə Çinə üz tutması xalq respublikası üçün çox böyük şans oldu. Ona görə də Trampın Putinin əlini sıxmaqla dönüş yaratmaq istəyi, yuxarıda qeyd etdiyim kimi, xüsusi nəticə hasil olunmasına şərait yaratmayacaq. ABŞ tərəfindən bütün hallarda qüdrəti durmadan artan əsas rəqibi olan Çinin inkişafının qarşısının alınması əsas proritet olaraq seçilib.

 

Ona görə də respublikaçı Tramp iqtidarı Arktika loqistik coğrafiyasından başlayaraq Çinin ticarət yollarını tam şəkildə məhdudlaşdırmaq üçün fəaliyyətə keçdi. Yeri gəlmişkən, terrorla start verilmiş Kəşmir qarşıdurması Çinin 99 illik müqavilə əsasında icarəyə götürdüyü Pakistanın Ərəb dənizinə çıxış limanı üzərindən ticarət yolunun bağlanması üçün xüsusi əhəmiyyət kəsb edir. Növbəti hədəf isə Çinin bir kəmər bir yol layihəsinin Zəngəzur platformasına ABŞ və Qərbin təşrif buyurmasıdır. Hədəf bu yolun Çinə qarşı nəzarətə götürülməsi məqsədini daşıyır

 

İranın Qırmızı dənizdə proksisi sayılan Husilərin 1 il əvvəldən aktivləşməsi isə coğrafi-siyasi baxımdan Çinin Şanxay limanından ticarət gəmilərinin avropaya gedən ənənəvi marşurutuna daxildir. Gərginliyin saxlanılması üçün ABŞ Yəmən Hüsilərinin (Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş təşkilat) məhv edilməsində hələlik o qədər də maraqlı deyil.  İranda vəziyyətin dəyişməsi isə körfəz marşurutunun ipdən asılı vəziyyətdə saxlanılması, bölgədə gərginliyin artması və nəzarətə götürülməsi anlamını daşıyır. Bir sözlə, Yaxın şərqdən başlamış, Qərbə qədər yürüdülən siyasət və alovlanan bütün münaqişələr Çinin zəiflədilməsinə xidmət edir

 

Əldə etdiyim məlumatlara görə, Çindən bir çox böyük şirkətlərin daşınması prossesinə də start verilib. Çin rəsmisinin bir neçə gün öncə Avropa ölkələrinin sammitində səsləndirdiyi kəskin fikirlərə diqqət etsəniz görərsiniz ki, xalq respublikası baş verənləri ABŞ-ın Çinə qarşı müharibə planı kimi təvsir edir.  

 

  Ukraynada isə ötən əsrin 29 -cu ilində təməli qoyulmuş “Krım Kaliforniyası” planının davamı həyata keçirilir. Ukraynada tamamilə taqətdən salınmış Rusiyanın şansı indi çox azdır. Rusiyanı tarixi öhdəliyini yerinə yetirmək üçün siyasi şərait demək olar ki, tam şəkildə yetişib. Bu layihə barəsində çox açıqlama verə bilmərəm. Nə demək istədiyimi başa düşənlər az deyil. 

 

Bir əsas məqamı xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidentinin siyasi fəaliyyəti çox nəhəng hədəflərə və planlara köklənib. Ölkə başçısının nəinki cənubi Qafqazda, hətta dünya çapında siyasi nüfuzu və fəaliyyəti ən yüksək səviyyədədir. Ölkə rəhbəri Rusiyanın Azərbaycana qarşı istənilən siyasi, hərbi addımlarına qarşı hazırıqlıdır. Yaxşı məlumdur ki, Rusiyanın Cənubi Qafqazda ikinci cəbhə açması onun sonunu gətirə bilər. Ona görə də Rusiya belə səhvə yol verməməlidir. 

 

Azərbaycan əslli Rusiya vətəndaşlarına və miqrantlara qarşı zorakılıq hallarına da son qoymalıdır. Baş verənlər ən yaxşı halda Rusiyanın həm bir dövlət kimi əlamətlərini məhv edir, həm də kənar müdaxilələrin kəskinləşməsi üçün şərait yaradır.  Gözləntilərə görə dünyada baş verən böyük dalğanın ardından yeni dünya düzənində azərbaycanlıların xoşbəxt gələcəyi planı da yer alır. Əlbəttə, mən gələcək barədə proqnoz verə bilmərəm. Mən yalnız niyyət və məqsədin pozitiv olduğuna inanıram.

 




Ana səhifəyə qayıt        Baxış: 5 323          Tarix: 6-07-2025, 16:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma