Hər bir mətbuatın ən ümdə vəzifəsi cəmiyyətdə baş verən hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmaq, “düzü düz, əyrini əyri” göstərməyə çalışmaqdır. Yeni fəaliyyətə başlamasına baxmayaraq, Ovqat.com da məhz bu istiqamətdə əlindən gələni əsirgəmir, ətrafımızda baş verən problemlərə, bir çox qaranlıq məqamlara işıq tutmağa səy göstərir. Sözsüz ki, qarşıya qoyduğumuz bu amalın necə böyük risklər daşıdığının, hər cür təhlükələrlə üzləşə biləcəyimizin də fərqindəyik. Bununla belə, təmiz cəmiyyət uğrunda çıxdığımız yolun müqəddəsliyi bizim ən böyük dayağınız, söykənəyimizdir. Üstəlik, bütün bunları edərkən, başqaları kimi hansısa iri məmurun əlinə baxmır, korrupsiya pulu ilə qidalanmır, kimisə şantaj etməklə çörək pulu da qazanmırıq.
İnsafən, ortaya qoyduğumuz bu prinsipiallıq öz nəticəsini verir, bir çox rayonlardan redaksiyamıza xeyli sayda məktublar gəlir; bu da əslində qısa zaman ərzində fəaliyyətə başlamağımıza baxmayaraq, bir çoxlarının ümid yeri olduğumuzu göstərir. Təsadüfi deyil ki, saytımızda işıqlandırdığımız bir çox yazılar və proqnozlar real faktlara əsaslandığından qısa zaman ərzində özünü doğruldub. Xüsusilə Naxçıvan Muxtar Respublikasının sabiq Daxili İşlər naziri Əhməd Əhmədov barədə qələmə aldığımız məlumatların həqiqəti əks etdirdiyi artıq rəsmən də etiraf olunub.
Görünür, qısa zaman ərzində qət etdiyimiz məsafələr bəzi həmkarlarımızı qıcıqlandırır. Zənnimizcə, cəmiyyətimizdə sözün bütün mənalarında əks-səda yaradan yazılarımızın əksər saytlar tərəfindən görməzlikdən gəlinməsi də bunun nəticəsidir və biz buna görə heç kimi qınamırıq. Amma bəzən haqqımızda irəli sürülən elə ittihamlarla qarşılaşırıq ki, buna susmaq da olmur. Özəlliklə də ciddi sayt kimi tanıdığımız həmkarlarımızın cılız fikirləri bizləri daha çox üzür.
Şəxsən tanımasam da, istedadlı jurnalist kimi qəbul etdiyim Eynulla Fətullayevin rəhbərlik etdiyi informasiya portallarında bizim yazımız haqqında dərc olunan bir məqalə də bu qəbildəndir. “Naxçıvan generalının qardaşı barədə ağlasığmaz iddialar” sərlövhəli və müəllifi bəlli olmayan yazıda o qədər qərəzli məqamlar var ki, hansından başlamağa belə, qərar vermək çətindir.
Əvvəla, yazının elə ilk cümləsi jurnalist tərəfsizliyi prinsipiylə daban-dabana ziddiyyət təşkil edir. Naxçıvan MR-nın sabiq Daxili İşlər nazirindən və qardaşından şikayət edən vətəndaşların etirazlarını şübhə altına almağa hesablanmış həmin cümlə belədir: “Naxçıvanın daxili işlər naziri, general Əhməd Əhmədovun işdən azad olunmasından sonra Bakıda onun qardaşından qisas almaq istəyənlər meydana çıxıb”.
Bir zamanlar özü MTN-nin işgəncələrinə, aşağılamalarına məruz qalan həmkarımın saytının, hüquqları tapdalanan, döyülən, söyülən, əmlakı talanan iş adamlarının harayına laqeyd yanaşması insanda təəssüf hissi doğurur. Qeyd edək ki, məsələyə bu cür laqeydlik yalnız Eynulla Fətullayevə də xas deyil. Şikayətçi iş adamlarının əməkdaşımıza danışdığı problemləri dərc edib sosial şəbəklərədə paylaşarkən, kimliyi bilinməyən bəzi facebook istifadəçilərinin yazılarımızın altına yazdığı rəylər də Virtualaz.org-un məlum məqaləsiylə eyni ruhdadır. Həmin rəylərdə, adətən, “yıxılana balta vurmazlar” kimi atalar sözündən istifadə edilərək, türklər demişkən, duyğu sömürüsünə keçilir, şikayətçilər öz haqlı davalarından yayındırılmağa çalışılır. Halbuki, saytımızda mövqelərini ifadə edən heç kim “yıxılana balta vurmaq” fikrində deyil. Onlar sadəcə, bir vaxtlar “əlibaltalı nazirin” “budama əməliyyatı” nəticəsində itirdiklərini geri istəyirlər. Bəyəm, “yıxılan kötüklərdən” haqqını tələb etmək “yıxılana balta vurmaqdırmı”?
Təxminən, eyni məntiqlə Virtualaz.org-un yenə kimliyi bəlli olmayan müəllifi özünü hakim yerinə qoyur və Əhməd Əhmədovun qardaşından şikayət edənləri qisas almaqda günahdırır. Halbuki, nə qisas almaq günahdır, nə də itirdiyi əmlakını tələb etmək qisasdır. Kimin öz iddiasında haqlı olub olmadığına isə nə hansısa “çoxtirajlı” saytın kimliyi bilinməyən müəllifi qərar verə bilər, nə də onun adını belə çəkmədiyi etibarlı mənbələri. Bütün sivil cəmiyyətlərdə bu haqq yalnız ədalət məhkəmələrinin işidir, təəssüf ki, cəmiyyətimizdə bəzi hüquq adamlarının günahı ucbatından bu orqanlara inam azaldığından, vətəndaşlarımız üzlərini son ümid yeri kimi mətbuata tuturlar. Hüquqi nihilizmin ağır bədəllərini şəxsən ödəyən Eynulla Fətullayev də heç olmasa öz istedadını bu inamı sarsıtmağa həsr etməməlidir. Nə bəlli olar, bəlkə bir gün onun yenə bu müdafiəyə ehtiyacı yarana bilər.
Digər tərəfdən, biz Eynulla Fətullayevin saytından fərqli olaraq, redaksiyamıza ünvanlanan məktubların həqiqəti əks etdirdiyi iddiasında da deyilik. Yuxarıda qeyd etdiyim kimi, istənilən iddianın haqlı olub-olmadığını müəyyənləşdirmək yalnız və yalnız məhkəmələrin səlahiyyətinə aid olan məsələdir və biz hakimlik səlahiyyətlərini mənimsəmək iddiasından uzağıq. Sadəcə, şikayətçilərin mövqeyini işıqlandırır və qarşı tərəfə öz mövqeyini açıqlamaq şansı veririk. Haqqında bəhs edilən yazıda da bu prinsiplərimizə sadiq qalmış və bunu açıq şəkildə bəyan edərək bildirmişik: “Yazıda adı keçən Əvəz Əhmədovun və digərlərinin də mövzu ilə bağlı mövqeyini dərc etməyə hazırıq”.
İstedadlı həmkarımın sahibi olduğu saytın həmin yazısında ən çox könül bulandıran sözlərdən biri isə “bəzi aztirajlı saytlar” ifadəsidir. O da maraqlıdır ki, həmin ifadə yazının ikinci cümləsində keçir: “Virtualaz.org xəbər verir ki, bu gün bəzi aztirajlı saytlarda generalın Bakıda biznes fəaliyyəti ilə məşğul olan qardaşı Əvəz Əhmədovu hədə-qorxu və təhdid yolu ilə 140 min dollar almaqda, hətta adam oğurluğunda ittiham edən yazı dərc olunub”.
Əvvəla, bildiyimə görə, “tiraj” ifadəsi qəzetlərə məxsusdur. Saytların populyarlığı isə oxucu saylarıyla seçilir. Etiraf edim ki, Eynulla bəyin kimliyi qeyri-müəyyən jurnalistinin bu kiçik detalı bilməməsinə inanmağım gəlmir. Görünür, həmin yazı tələsik yazıldığından bu məqam gözdən qaçıb və bu da başa düşülən haldır. Axı, adətən, pulunu verən daha tez şampan içmək istəyər ki, ofisantın da vəzifəsi bu istəyi yerinə yetirməkdir. Odur ki, bunu da kimlərəsə ofisantlıq etmək istəyən həmkarımızın qəbahətinə yazmırıq.
Bizə maraqlı gələn isə hansısa “aztirajlı” saytın xəbərindən “çoxtirajlı” başqa bir saytın özünə manşet düzəltməsidir. Əgər həqiqətən də, “aztirajlı” olmaq ölkədə ictimai rəyə heç bir təsir göstərmirsə, Eynulla bəyin “çoxtirajlı” saytları nə əcəb bu cür xırdaçılığa gedir? Olmaya, həmin saytlar manşetlik yazı qıtlığı yaşayır? Elədirsə, öz eybinə kor olmaq daha uğurlu addım olardı.
Üstəlik, Eynulla bəyin kimliyi bilinməyən jurnalistinin təbirincə desək, dünyanın heç bir yerində “aztirajlılıq” heç bir zaman qeyri-ciddilik kimi qəbul olunmayıb. Əksinə, bir çox hallarda ən ciddi informasiya kanalları “aztirajlılıq”la seçilib. Adi bir “sarı mətbuat” ən ciddi qəzetlərdən çox satılıb, qeyri-ciddi saytlar ciddi saytlardan daha çox izlənilib. Bu mənada cəmi 3-4 aylıq olan Ovqat.com-un “aztirajlılığı” (baxmayaraq ki, biz belə bir problemdən əziyyət çəkmirik) qətiyyən onun ciddiliyinə xələl gətirmir. Əksinə, Eynulla bəyin “çoxtirajlı” hesab etdiyi saytları bir çox həqiqətlərin, o cümlədən Naxçıvan MR-nın Daxili İşlər naziri ətrafında baş verənlərin “tirajlanmasında” bizdən ən azı bir ay geri qalıb. Bir aydan sonra bu barədə dərc etdiyi yazılarda isə bizim məlumatların “ağzını-burnunu əzərək” yayımlayıb. Hətta yazılarına qoyduğu şəkillərə qədər bizi təkrarlayıb.
Virtualaz.org-un saytımızda dərc olunan şikayət məktubu barədə dedikləri ilə öz yayınladığı məqalənin məzmunu da oxucuda ancaq gülüş doğura bilər. Belə ki, yazı müəllifi bizi bəzi qaynaqları tam göstərməməkdə günahlandırır. Halbuki, qaynağı niyə göstərmədiyimizin səbəbi tənqidə məruz qalan yazımızda tam açıq şəkildə etiraf olunub: “(Məktubda həmin şəxsin adı və telefon nömrəsi də göstərilib. Cinayətkar münasibətlərdə rol almağı polis işçisinə yaraşdırmadığımızdan və bu dövlət orqanına duyduğumuz hörmətə görə həmin şəxsin adını ictimailəşdirməməyə qərar verdik. Müvafiq qurumlar maraqlanarsa, həmin polis yetkilisinin adını və telefon nömrəsini təqdim edə bilərik-red.)”-şəklində.
Eynulla Fətullayevin jurnalisti isə guya öz aləmində saytımızın dərc etdiyi həmin məlumatı araşdırmağa qərar verib: “Məsələni araşdırmaq üçün əvvəlcə hüquq-mühafizə orqanlarındakı iki ayrı mötəbər mənbə ilə əlaqə saxladıq. Çünki həmin mənbələr Əhməd Əhmədovun qardaşının Bakıdakı biznes fəaliyyətinə yaxından bələddirlər. Lakin mənbələrimiz Xırdalan sakininin irəli sürdüyü iddiaları heç cür inandırıcı saymadılar. Bildirdilər ki, Əvəz Əhmədovun Bakıda tikinti biznesi ilə məşğul olduğunu bilirlər, amma Bakı şəhər Baş Polis İdarəsində baş verdiyi iddia edilən həmin “razborka” barədə deyilənlər heç cür həqiqətə uyğun ola bilməz”.
Bravo, Eynulla bəy. Bəs, sizin istinad etdiyiniz həmin qaynaqların adı, ünvanı, kimliyi harda qaldı? Biz heç olmasa ünvanı göstərərək, “bir yabı bir ilxının adını batırmaz” zərb-məsəlinə əsaslanmış, mötəbər dövlət orqanımıza hörmətimizdən dolayı bu şəxsin adını çəkməmişik. Sizin öz aləminizdə təkzib etdirdiyiniz həmin qaynaqların isə belə bir problemi yoxdur. O zaman nə əcəb həmin qaynağın adını gizli tutursunuz?
Təbii ki, bu sizin öz işinizdir, oxucular və vicdanınız qarşısında cavab verəcək olan da sizsiniz. Amma bizim dəmir qapımıza daş atanda öz qapınızın şüşədən olduğunu da unutmayın!
Heydər Oğuz
Ovqat.com
Paylaş: