Avropanın yuxusunu qaçırdan “zəhərli yumurta” böhranı davam edir. Əvvəl Belçika tərəfindən Hollandiya idxalı məhsullarda tapılan, daha sonra Hollandiya, Fransa və Almaniyada təsbit olunan zəhərli yumurtalar indi də İtaliyada otaya çıxıb.
Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, İtaliyanın Səhiyyə Nazirliyi tərəfindən bütün ölkə boyu aparılan inciləmədə 114 yumurta örnəyinin 2-də Fipronil zəhəri aşkar olunub. Həmin yumurtalar Lazio və Marçe bölgələrindəki fermaların istehsalı imiş.
Məlumata görə, yumurta ixracatı səbəbiylə bəzi Asiya ölkələri daxil olmaqla dünyanın 19 dövləti hazırda Fipronil böhranı ilə əlləşir.
Sürətlə artan yumurta böhranı nəticəsində milyonlarla yumurta süpermarketlərin vitrinlərindən və depolarından yığışdırılaraq məhv edilib. Avropada 150 təsərrüfat müvəqqəti olaraq bağlanıb.
Fipronil xüsusilə toyuqçuluq sektorunda bit, gənə və digər böcəklərin yox edilməsi üçün istifadə edilən həşərat dərmanı olmasına baxmayaraq, Avropa Birliyi tərəfindən insan istehlakı üçün yetişdirilən ev heyvanlarında istifadə edilməsi qadağan olunub.
Araşdırmalarımıza görə, bir insanın bu böcək dərmanından zəhərlənməsi üçün, sadəcə, 0.72 milliqram Fipronil kifayət edir. Odur ki, Avropa Birliyi toyuq məhsullarında həmin maddənin 0,005 milliqramın üzərinə çıxmasını qadağan edib. Nədən ki, Dünya Səhiyyə Təşkilatının II dərəcəli zəhər olaraq qeydə aldığı “Fipronil”li yumurtalar və toyuqlar çox istifadə olunduğu təqdirdə insanın böyrəklərini, çiyərlərini və qalxanabənzər (tiroid) vəzlərini sıradan çıxara bilər.
Bəs, görəsən, bu dərmandan bizim toyuqçuluq fermalarında istifadə edilirmi?
Bu barədə fikirlərini soruşduğumuz kənd təsərrüfatı mütəxəssisi, Türkiyənin Uludağ universiteti məzunu, baytar həkim Müşfiq Alıyev Azərbaycan istehsalı yumurtalarda bu cür təhlükənin olacağına inanmır. Onun sözlərinə görə, bizim təsərrüfatlarda ümumiyyətlə bit dərmanlarından istifadə olunmur: “Çünki toyuqçuluq sektoru artıq bir aya qədər öz nəticəsini verir. Bit, gənə və sair kimi həşəratların bu bir ay ərzində toyuqlara və yumurtalar zərər verməsi mümkün olmadığından istifadəsinə də lüzum qalmır”.
Müşfiq Alıyevin bildirdiyinə görə, broyler müəssisələri qapalı şəraitdə toyuq yetişdirməklə məşğul olduğundan onlarda bit, gənə kimi həşəratların yayılması da çətin məsələdir: “Bu kimi həşəratlar, adətən, açıq təsərrüfatlarda yayılır. Qapalı təsərrüfatlarında isə cücələr fermalara salınmamışdan əvvəl saxlanılacaqları yerlər dizinfeksiya olunur. Yəni qapalı təsərrüfatlarda bu kimi həşəratların yaşaması mümkün deyil”.
Bəs, Avropadakı təsərrüfatlarda təsbit olunan “Fipronil” dərmanı necə, o da müəssisələrin dizinfeksiyası zamanı istifadə olunmurmu?
Həmsöhbətimizə görə, xeyr: “”Fipronil” dərmanı heyvanların özünə vurulan maddədir. Ümumiyyətlə, bit və gənələrin daraşdığı heyvanların bədəninə mütləq bu kimi dərmanlar vurmalısan ki, bitini töksün. Bunun başqa yolu yoxdur”.
O ki qaldı “Fipronil”in istifadə sahəsinə, Müşfiq Alıyevin fikrincə, bu zəhərli maddə əsasən, istehlak üçün nəzərdə tutulmayan heyvanlara – itə-pişiyə vurulur: “Bununla belə, Avropa və bəzi Asiya ölkələrində yayılan zəhərli yumurta böhranı bizim yerli təsərrüfatlarımız üçün ciddi dərs olmalıdır. Azərbaycan özünü toyuq məhsulları ilə 100 faiz təhciz etdiyi halda, ixracata yönəlməməlidir. Yerli təsərrüfatlarda yetişdirilən toyuq və yumuratlar yaşadığımız təbiətin bizə bəxş etdiyi məhsullar olduğundan insan orqanizmi üçün də faydalıdır”.
Bəs, görəsən, Azərbaycan hökuməti idxal oluna biləcək “zəhərli yumurta” ilə bağlı nə düşünür? Bizdə də dünyanın 19 ölkəsi kimi xaricdən gətirilən toyuq məhsullarına “STOP” qoyulacaqmı?
Əlaqədar qurumların bu barədə fikirlərini dərc etməyə hazırıq.
Ovqat.com
Paylaş: