Xəbər lenti

  Nazim Əkbərov

 Təhsil mütəxəssisi

 

Bu günlərdə ali məktəblərə qəbul imtahanlarının ləğv olunacağı xəbəri cəmiyyətdə haqlı müzakirələrə səbəb olmuşdur. Bu, demək olar ki, hər ailəni maraqlandıran, hər ailənin həyatına daxil olan bir məsələdir. Müzakirələrin bir qolunu isə bundan sonra rüşvətin daha geniş yayılıb-yayılmayacağı məsələsidir.

Mən də şübhəliyəm və bu şübhəmdə də özümü haqlı hesab edirəm. Kurikulumun tətbiqi ilə ali məktəblərə qəbul imtahanlarında islahat aparılacağı gözlənilən idi, çünki hafizə üzərində qurulan təhsildən bacarıq üzərində qurulan təhsilə keçid bunu tələb edir. Və burada adam bu sualla qarşılaşır: Biz doğrudan da kurikulum islahatında müvəffəq olduqmu?

Olmadıq. Geridə qalan on il müəllimlərin və bir çox pedaqoji kollektivlərin kurikulumu mənimsəmək yerinə onu tənqid və rədd etməsi ilə yadda qalır. Müəllim və pedaqoji kollektivlərin bir çoxu kurikulumu mənimsəmədi, qəbul etmədi, təhsili idarə edən orqanlar isə passiv mövqe nümayiş etdirərək, əslində, əks mövqe tutanlarla barışdılar. Hər dərs ilində “islahat” adı ilə ortaya atılan idarəçilər bir hədəfə varmamış başqa bir ideya ilə kollektivlərin başını qarışdırmaqdan o yana heç bir şeyə nail olmurlar.

İndi də qəbul imtahanı. Bir dərdə carə etmədən başqa bir dərdə mübtəla oluruq. Əgər qəbul imtahanları dərs ili ərzində keçirilən müxtəlif formativ və summativ qiymətləndirmələrin yekununa görə aparılacaqsa, o zaman məktəbi aparıb dəfn etməyin zamanı çatmışdır.

Səbəb? Sübut?

“Dolanışıq” xətrinə müəllim işləyənlərdən başqa nə gözləyirik ki? Belə bir “islahat” müəllimlərə rüşvət almaq , ailənin cibinə girmək üçün daha da geniş imakanlar verəcəkdir. Bu günün xüsusən şəhər məktəbləri müəllimləri şagirdlərə qiyməti “elə-belə” verərmi?

Deyək ki, buna yol verməmək üçün imtahanları İmtahan Mərkəzi aparacaq. O zaman orta məktəb müəllimlərinin “xeyiri” nə olacaq? Onlar nə edəcək, bilirsinizmi? Məktəbdə onsuz da bərbad vəziyyətdə olan dərs prosesi daha da pisləşəcək, əvəzində repetitorluq daha da genişlənəcək. Bu gün hazırlıq adı altında zəli kimi sorduqları şagirdləri və onların ailələrini daha da istismar edəcəklər.

Deyək ki, bütün bu mülahizələrim əsassızdır, digər şayiələr də bunun kimi. O zaman başqa sual verirəm: Nə üçün qəbul imtahanlarının ləğv edilməsi barədə bəyanatlar yayır, amma hansı sistemin tətbiq ediləcəyi barədə qanun (qərar və ya bir başqa sənəd) layihəsi müzakirəyə verilmir?

Siz heç təhsil sahəsində tətbiq edilən “yeniliklərin” ümumxalq müzakirəsinə, yaxud pedaqoji kollektivlərin, valideyn, şagird təşkilatlarının müzakirəsinə verildiyinin şahidi olmusunuzmu?

Mən olmamışam. İdarə edənlər (qanunda “təhsilverənlər”) özlərini seçkin, elit, hər şeydə həlledici, aşağıdakıları (qanunda “təhsilalanlar” valideynlər, müştərilər) kütbeyin, ağlıkəsməz hesab etmirlərsə, niyə bu cür davranırlar?

Bu suallara cavab almadan cəmiyyətdə sosial dedi-qodu, sosial qeybət, sosial sui-zənn davam edib gedəcəkdir, olan isə xalqa olacaqdır.




Ana səhifəyə qayıt        Baxış: 1 088          Tarix: 25-08-2017, 14:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma