Xəbər lenti
Dünən, 19:25

 

Kurikulum sisteminin hansı anlama gəldiyi, əsasları haqqında ətraflı şəkildə yazmışdıq.

Kurikulumun ləğvini tələb edənlərin çox olması təhsil ekspertlərini, kurikulum sahəsində peşəkar təlim keçənləri çox narahat edir. Əməkdar müəllim, 2 dəfə “İlin ən yaxşı müəllimi” seçilən,  beynəlxalq konfransların iştirakçısı,  kurikulum sahəsi üzrə peşəkar təlimçi,  təhsil sahəsi üzrə ekspert Zabul Əhmədov A24.Az-a açıqlama verərək kurikulumun ləğvini tələb edənlərə cavab verib.

Təhsil eksperti qeyd etdi ki,  hər bir yeni ideyanın, yeniliyin tətbiq edilməsi zamanı müqavimətlərin olması normal haldır.  “2004-cü ildən dövlət proqramlarının fəal təlimçisiyəm. Müəllimlər bu sistemi tam mənimsəmək üçün  nə ənənəvi üsula,  nə də kurikuluma keçirlər. Test üsulu ilə hazırlıq  yoxlamaq deməkdir. Köhnə qaydada əzbərləyib danışmaqla artıq iş bitmir. Kurikulumun ləğvini tələb edən müəllimlər müasir metodu tətbiq edə bilmirlər.  Ona görə də köhnə sistemi istəyirlər. Müəllimlərin çoxu bu fikirdədir ki,   uşaqlar kurikuluma keçəndən nitq qabiliyyəti pozulub. Əgər müəllimlər qrup işini vaxtlı -vaxtında apararsa, təqdimat təşkil edərsə dərs  prosesində uşaqlarda çox gözəl nitq formalaşar, fikrini düzgün  ifadə etməyi öyrənə bilərlər. Amma müəllimlər bunu həyata keçirmirlər. Fəal təlimin  mərhələlərindən biri olan  təqdimatla informasiya müzakirəsi aparmırlar”.

 

“Kurikulumun ləğvini tələb edən müəllimlər müasir metodu tətbiq edə bilmirlər”

Ekspert müəllimlərin kurikulum sisteminə keçəndən bəri şagirdlərin yazma qabiliyyətlərinin itməsinə dair fikirlərinə münasibət bildirib. “Kurikulum sistemində əksinə müəllim hər dərsin sonunda uşaqlara  10-15 cümlədən ibarət esse yazdırmalıdır. Şagird  keçirilən dərsin əsasında fikirləşir və öz düşüncələrini qısa inşa kimi formalaşdırıb yazır. Müəllimlər bunu etmirlər, nəticədə uşağın yazma qabiliyyəti pozulur.  Əgər müəllimlər mərhələləri düz keçsələr,  uşaqlarda  yazı mədəniyyəti günü-gündən daha da yaxşı formalaşar”.

 

Əməkdar müəllim köhnə tədris metodu ilə kurikulumu müqayisə edərkən qeyd edib ki,  ənənəvi kurikulumda şagirdlər hər şeyi bilirdilər, amma tətbiq etməyi bacarmırdılar. “Müasir kurikulumda şagird həm də öyrəndiklərini tətbiq edə bilir. Əvvəl uşaq əzbərləyirdi, indi isə yeni təlim prosesində bildiklərini praktiki cəhətdən tətbiq edir. Hər şey birdən-birə idial olmur. Təkmilləşməli, düzəlişlər edilməlidir. Müəllim dərs prosesini düzgün bölərsə, şagirdlər daha çox bilik və bacarıq əldə edə bilərlər.

Zabul Əhmədov dərsliklərin qüsurlu olmağına münasibət bildirərkən qeyd etdi ki, hər şeyin ilkində müəyyən qüsurlar ola bilər. “Dərsliyin yazılışına həm fizioloq, həm psixoloq iştirak etməlidir. Məzmun əhatə edilməli, uşağın psixoloji vəziyyəti də nəzərə alınmalıdır.  Kurikulum təkmilləşməlidir,  ləğv edilməməlidir.  Bunun tələb etmək çox gülünc görsənir”.

Vüsalə Əlövsətqızı




Ana səhifəyə qayıt        Baxış: 1 442          Tarix: 30-05-2017, 12:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma