Dünya Azərbaycan rəsmilərinin əcnəbi siyasilərə və media xadimlərinə 3 milyard dollar rüşvət verdiyini müzakirə etdiyi bir vaxtda Gürcüstan rəsmi Bakının yuxuda belə görə bilməyəcəyi böyük bir uğura imza atıb. Halbuki, həmin Gürcüstan, nəinki bizim kimi, əcnəbilərə milyarlardlarla dollar xərcləmir, əksinə, özünün inkişafı üçün xaricdən 100 milyonlarla dollar yardım, faizsiz kreditlər alır. Tiflisin qazandığı son uğur isə qonşu ölkənin iqtisadi inkişaf baxımından daha da irəli gedəcəyindən xəbər verir.
İş burasındadır ki, bu gün BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) 22-ci Baş Assambleyasında qurumun baş katibliyi vəzifəsinə gürcü Zurab Pololikaşvilinin gətirilməsini təsdiqləyib.
Ovqat.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, Zurab Pololikaşvilinin namizədliyi ötən may ayında qurumun İdarə Heyətinin Madriddə keçirdiyi toplantısında irəli sürülmüşdü. Bu gün Çində keçirilən Baş Assambleyanın iclasında isə bu təklif böyük səs çoxluğu ilə qəbul edildi.
Zurab Pololikaşvili 2018-ci ilin ilk günündən 2021-ci ilin sonuna qədər bu vəzifəni daşıyacaq.
Ekspertlərin fikrincə, Zurab Pololikashvilinin bu vəzifəyə gətirilməsi Qara dəniz hövzəsindəki post-sovet ölkələrinin Rusiyadan uzaqlaşdırmağa həvəsləndirilməsi layihəsinin tərkib hissəsidir. Qara dəniz hövzəsinin turizm məkanlarına çevrilməsi həm hövzə ölkələrinin iqtisadi inkişafına səbəb olacaq, həm də Moskvaya Qərbin Qara dənizi silahlandırmaq istəmədiyi, turizm məkanı kimi inkişafında maraqlı olduğu mesajı veriləcək və rus aqressiyasının yumşaldılmasına çalışılacaq.
Uzaq perpektivdə isə Krımı işğal edən Rusiyadan fərqli olaraq Qərbin Qara dəniz hövzəsinə rifah gətirməsi Şərqi Ukraynadakı rusqafalı əhalinin də Moskvadan üz döndərməsinə yol aça bilər.
Qara dəniz hövzəsinin bütün dövlətləri Qərbə meylləndiyi bir vaxtda Azərbaycan hökumətinin hələ də öz kreslosu naminə ölkənin bütün varidatını kimlərinsə qucağına tökməsi və bu faktları üzə çıxaranları ermənipərəstlikdə günahlandırması ürək ağrıdır. Ölkəmizin bu gedişlə Cənubi Qafqazın ən geridə qalmış dövləti olması ehtimalı da istisna edilmir.
Paylaş: