Azərbaycan Yazıçılar Birliyi ilə Neftçala İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dünən Neftçaladakı Heydər Əliyev sarayında tədqiqatçı alim Azər Turanın “XX əsr – Fəryadın metafizikası” kitabının təqdimat mərasimi keçirilib.
Ovqat.com xəbər verir ki, tədbiri AYB katibi İlqar Fəhmi aparıb.
O, toplantını açaraq, çıxış üçün ilk sözü xalq yazıçısı Anara verib. Yazıçı Anar kitabın bədii keyfiyyətindən bəhs edərək, əsərin Azərbaycan ədəbi tədqiqatçılıq sahəsindəki əhəmiyyətindən danışıb.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli kitab haqqında xoş fikirlərini bildirib.
Tədbirdə xalq şairi Nəriman Həsənzadənin çıxışı xüsusilə yadda qalıb. Şair kitab haqqında düşüncələrini ifadə etməklə yanaşı, tədbirin keçirildiyi vaxtın müstəqillik gününə təsadüf etdiyini xatırladıb və 25 il bundan əvvəl baş verən bu əlamətdar hadisəyə imza atan deputat kimi öz əməliylə qürur duyduğunu bildirib.
Deputat Arif Rəhimzadə, şair Fikrət Qoca, şair Çingiz Əlioğlu, kitabla bağlı çox ətraflı və məzmunlu çıxışlarıyla yadda qalıblar. Kitabın redaktoru və önsözünün müəllifi, ədəbi tənqidçi Elnarə Akimova isə kitabda yer alan bəzi monoqrafiyaların üzərində dayanaraq, Azər Turanın əsərlərinin Türk dünyası baxımından əhəmiyyətini vurğulayıb.
Filologiya elmlər doktorları, professor Rüstəm Kamal, professor Məti Osmanoğlu da müəllifi təbrik edən çıxışçılardan olublar.
Toplantı müəllif Azər Turanın onun barəsində xoş sözlər deyən ədəbiyyat adamlarına təşəkkür nitqiylə tamamlanıb.
Paylaş: