Xəbər lenti

  

““Azəriqaz” vətəndaşları  aldadır, insanları utanmazcasına soyur, onların pulunu açıq-açığına mənimsəyir, el ağzı ilə desək, camaatı qaz kimi yolur. Məncə, insanların bu cür aldadılması, pulunun mənimsənilməsi və incidilməsi ilə həm də onları hakimiyyətdən və dövlətdən narazı salmaq məqsədi güdülür”.

Ovqat.com xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Bünyamin Qəmbərli saytımıza göndərdiyi yazılı açıqlamasında bildirib.

Bəs, görəsən, parlament partiyasının yetkilisi niyə belə düşünür? Gəlin, bu sualların cavabını Bünyamin bəyin özündən dinləyək:

“Tarif Şurasının son qərarı ilə əhaliyə satılan qazın 1700 kubmetrədək hissəsi 10 qəpikdən, 1700 kubmetrdən artıq işlənən hissəsi isə 20 qəpikdən hesablanmalıdır. Amma “Azəriqaz” işi elə qurmuş, elə incə hesablar aparmışdır ki, vətəndaş nə etsə də, necə etsə də pulunu qoruya bilmir, məcburən şirkətə artıq pul ödəyir.

  1. Deyək ki, bir vətəndaş ilin əvvəlində-yanvarın 1-də kartına 300 manat pul yükləyir. Karta yüklənmiş 300 manatı sayğaca yüklədikdə sayğaca 2350 kubmetr qaz yüklənir. Yəni “Azəriqaz” hələ yanvarın 1-də qazın 1700 kubmetrini vətəndaşa 10 qəpikdən, qalan hissəsini isə işlətməsə, növbəti ilə qalsa belə  20 qəpikdən satır.  Əgər ilin sonuna kimi vətəndaş 1700 kubmetrlik limiti keçməsə, belə çıxır ki, “Azəriqaz” vətəndaşa yeni ildə verilən 1700 kubmetirlik qazın da müəyyən qismini 20 qəpikdən satır.
  2. “Azəriqaz”da və ASAN xidmətdə deyirlər ki, vətəndaş karta və sayğaca limitdən artıq pul yükləməsin. Bu təklif və ya fikir vəziyyəti bilməyən adama doğru və məntiqli görünə bilər. O zaman, gəlin, belə bir vəziyyəti düşünək: Vətəndaşın 1700 kubmetrlik limiti dekabrın 31-i axşam saat 7-də (19-00 da) bitdi. Deyək ki, saat 19-dan saat 24-ə qədər 3 kubmetr qaz işlədəcək. Karta 60 qəpik yükləmək mümkün olmadığından vətəndaş nə etməlidir?
  3. a) Axşam saat 12-yə (24-00 a) qədər soyuqda qalmalı və gözləməlidi ki, saat 12 olsun o da qışın oğlan çağında gecənin yarısı gedib kartına 10 qəpikdən pul yükləsin? Gecə saat 12-də də karta pul yükləyəcək yer tapmayıb səhərə qədər soyuqda qalmalıdı?
  4. b) Belə götürək ki, vətəndaş 60 qəpik yükləməyin mümkün olmadığı üçün və gecə saat 24-də də yenidən karta pul yükləməyə yer tapa bilməyəcəyindən saat 19-dan 24-ə kimi 3 kubmetr, saat 24-dən də səhər saat 9-a kimi 4 kubmetr işlədəcəyini nəzərə alsaq, kartına ən az 2 manat yükləyir. Kartı sayğaca yükləyən zaman 10 kubmetr qaz yüklənir. İndi vətəndaşın limiti bitirdiyi üçün işlədəcəyi 3 kubmetrlik qazı 20 qəpikdən alması düzdü, amma yeni ildə 1700 kubmetr limiti olmasına baxmayaraq ,10 kubmetrdən qalan 7 kubmetr qazı “Azəriqaz” vətəndaşa 20 qəpikdən satır.

Kimsə deyə bilər ki, qəpik söhbəti eləyirəm.

Birinci, mən ən kiçik rəqəmlərlə hesab apardım ki, “Azəriqaz”ın da ASAN xidmətin də, bu işlə bağlı olan bütün idarə, müəssisə və insanların da bəhanəsi kəsilsin.

İkinci, əgər “Azəriqaz” 30 qəpiyi vətəndaşa güzəştə getmirsə, vətəndaş niyə 70 qəpiyini “Azəriqaz”a güzəştə getməlidir?

Üçüncü, elə bu qəpiklərlə milyonlarla abunəçinin aldadıldığını, pulunun mənimsənildiyini nəzərə alsaqŞ o zaman bu qəpiklərin milyonlarla manat pul etdiyini görərik.

Bəs, “Azəriqaz”-ın bu vəziyyətdən çıxması üçün başqa yol varmı? Var. “Azərişıq”-da olduğu kimi, hesabda nə qədər pul olmasına baxmayaraq, yalnız limit bitəndən sonra artan qiymətlə hesablana bilər. Amma “Azəriqaz” rəhbərliyinə bu sərf etməz. Çünki “Azəriqaz” soyğunçuluqdan əl çəksə, həm milyonlardan məhrum olar, həm də o zaman əhalini hakimiyyətdən və dövlətdən  necə narazı sala bilər?

Xatırladım ki, “Azəriqaz” dövlət şirkətidi, əhaliyə qarşı etdiyi bütün qanunsuzluq da, soyğunçuluq da hakimiyyətin tələbi, dövlətin mənafeyi kimi təqdim edilir. Bu isə əhalini hakimiyyətdən də, dövlətdən də narazı salmağa yetir. Bir də siz deyin, görüm, hələ başqa yeyinti imkanlarını bir qırağa qoysaq, elə təkcə bu milyonlarla pulu ortada olan bir şirkətin özəlləşməsinə kim razı olar?”




Ana səhifəyə qayıt        Baxış: 1 559          Tarix: 26-10-2017, 23:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma