“Azəriqaz” İstehsalat Birliyinin təmir-quraşdırma, xəttin yenilənməsi, sayğaclaşdırma və ya digər səbəblərlə hər gün Bakı şəhərinin müxtəlif yerlərind qaz təchizatını məhdudlaşdırması ilə bağlı yazmışdıq. Lakin belə görünür ki, abonentlərin ardı-arası kəsilməyən şikayətləri, mətbuatda qaz təchizatında yaranan problemlər barədə dərc olunan xəbərlər ölkənin qaz operatorunun məsul şəxslərinə qətiyyən təsir etmir. Çünki qazın kəsilməsi ilə bağlı şikayətlər bu gün də daxil olub. Məsələn, səhər saatlarından Suraxanı rayonunda bir neçə yaşayış massivinə qazın verilişi dayandırılıb.
Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər. Şikayətçilər deyiblər ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsinə qazın fasilələrlə verilməsi adi haldır: “Son bir neçə gündür səhər saatlarında qazın verilişi dayandırılır, yalnız gecələr bərpa edilir. Bu gün səhər saat 9-dan qazı yenə kəsdilər, çaynik qaldı plitənin üstündə, çaysız qaldıq”-sakin deyir.
Qeyd edək ki, ölkənin qaz təchizatı sistemində problemlər təkcə qaz verilişinin müvəqqəti dayandırılması ilə məhdudlaşmır, eləcə də qazın təzyiqi həddən artıq aşağı olur.
“Azəriqaz” sisteminin “qaynar xətt” xidməti də daxil olmaqla “gözə görünən” telefonlarının heç biri işləmir. Virtualaz.org Suraxanı rayon qaz istismar idarəsinin telefonlarına zəng vurub, cavab ala bilməyib. “Azəriqaz”ın “qaynar xətt” xidməti isə saatlarla bütün xətlərin məşğul olduğunu söyləyir, abonentlərə romantik muqisi dinlədir…
Paylaş: