Xəbər lenti

  

“Qardaşımın ölüm hadisəsi  ilə bağlı açılmış cinayət işinin Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsi eyni zamanda Xəzər Rayon Prokurorluğundan alınaraq, Bakı şəhər polis idarəsinə və prokurorluğuna verilməsini istəyirəm”.

Ovqat.com xəbər verir ki, Azərbaycan hakimiyyətindən bu acizanə təvəqqeni edən Türkan qəsəbə sakini Nəsirov Taleh Davud oğludur.

Şikayətçinin bildirdiyinə görə, Xəzər rayon hüquq-mühafizə orqanları onun qardaşının ölüm hadisəsini araşdırmaq niyyətində deyillər: “Qətl olmasında şübhələndiyimiz hadisə 2017 – ci il sentyabr ayının 9-da baş verib. Üzərindən 3 ay keçməsinə baxmayaraq, Xəzər rayon hüquq-mühafizə orqanlarının bizə verdiyi məlumata əsasən, məhkəmə tibbi ekspertiza hələ də mərhumun ölüm səbəbi barədə heç bir rəy verməyib. Halbuki, adi bir avtoqəza hadisəsi barədə belə, daha tez ekspertiza rəyi verilir. Xəzər rayonunun hüquq mühafizə orqanları isə, nədənsə, bir ailənin faciəsi ilə nəticələnən ölüm hadisəsinə məhəl qoymaq istəmirlər”.

Qeyd edək ki, bir müddət əvvəl mərhumun yoldaşı da saytımız vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyev cənablarına, vitse-prezident Mehriban xanıma və ölkənin bir çox hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etmiş, daha sonra həmin müraciəti şəxsən ünvanlarına göndərmişdi. 

Taleh Nəsirovun bildirdiyinə görə, bu müraciətdən sonra onları Xəzər rayon Prokurorluğuna çağırıb təskinlik veriblər. Ailəyə isə təskinlik yox, hadisənin ciddi araşdırılması lazımdır. Bu məqsədlə də onlar Bakı şəhər Prokurorluğuna üz tutublar. Şəhər prokurorunun müavinləriylə görüşən şikayətçilər önümüzdəki cümə günü şəxsən prokurorla görüş izni alıblar.

Bütün bu diqqət və qayğı üçün, başda İlham Əliyev və Mehriban xanım olmaqla, ölkənin bütün idarəçilərinə dərin təşəkkürünü bildirən Taleh bəy Bakı şəhər Prokurorluğunda şikayətlərinə ədalətlə baxılacağına əmin olduğunu deyir. Onun başlıca istəyi isə qardaşının meyitinin məzardan çıxarıb yenidən ekspertizadan keçirilməsidir.

Xatırladaq ki, mərhumun yoldaşının yazdığı şikayət  məktubunda, 09 sentyabr 2017-ci il tarixində axşam saat 22.00 radələrində əri Nəsirov Valeh Davud oğlunun bəzi şəxslər tərəfindən evdən çölə çağırıldığı, üzərindən bir saat keçməmiş isə onun ölüm xəbəri gəldiyi bildirilirdi. Xəzər rayon hüquq mühafizə orqanları indiyə qədər bu bədbəxt hadisənin motivi barədə rəsmi heç bir məlumat verməsələr də, qənaətbəxş tibbi ekspertiza aparmasalar da, məhrumun ürək çatışmazlığından dünyasını dəyişməsi ehtimalına eyham vurublar. Ailə isə buna inanmır. Nədən ki, mərhumun ürəkdən bu zamana qədər heç bir şikayəti olmadığı kimi, meyitin üzərində bəzi işgəncə əlamətləri də varmış:

“Mərhum həyat yoldaşımın cəsədi üzərindəki bəzi əlamətlər də onun ürək çatışmazlığından yox, işgəncələrə məruz qalaraq, öldürüldüyünü təsdiqləyir. Nəzərinizə çatdırım ki, mərhumun gözlərinin içi qanla dolu idi. Ürək çatışmamazlığından yıxılaraq ölən şəxsin niyə bir gözünün içi qanla dolu olsun? Və ya ağzındaki dişləri niyə sınsın? Əlinin üst nahiyəsi, yəni barmaqların oynağa birləşən hissələri niyə partlaq-partlaq olsun?”-Türkan qəsəbə sakini Nəsirova Esmira Səftər qızı Prezidentə və digər dövlət adamlarına göndərdiyi məktubunda belə yazırdı.




Ana səhifəyə qayıt        Baxış: 1 344          Tarix: 31-10-2017, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma