Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında istedadlı şair, tarix üzrə fəlsəfə doktoru Arzu Nehrəmliyə həsr edilmiş “Musiqili Poeziya Gecəsi” keçirilmişdir.
Gecəni “Pərvanə ədəbi birliyi” nin rəhbəri, tanınmış şair Qəşəm Nəcəfzadə giriş sözü ilə açaraq, məlumat vermişdir ki, bu gecə həm Arzu Nehrəmlinin ədəbi yaradıcılığı, həm də təzəcə çapdan çıxmış “Unutmağı öyrənirəm” adlı şeirlər kitabının təqdimatı ilə bağlı keçirilir.
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli Arzu Nehrəmlinin yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edərək şairin yaradıcılığının əsas məziyyətlərini diqqətə çatdırmışdır.
Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin rəhbəri Sayman Aruz çıxış edərək Arzu Nehrəmlinin yaradıcılığı haqqında ürək sözlərini demişdir.
Şəmistan Əlizamanlı şairin sözlərinə bəstəkar Hüseyn Sözlü tərəfindən yazılan “Türkün dünyası” mahnısını xüsusu məharətlə ifa etmişdir.
“Ulduz” jurnalının Poeziya şöbəsinin redaktoru, tanınmış şair Fərqanə Mehdiyevanın Arzu Nehrəmliyə həsr etdiyi “Ağlama gəlin” şeirinə bəstələnmiş mahnının klipi nümayiş etdirilmiş, sonra Fərqanə çıxış edərək yeni şeirini oxumuşdur. Dördüncü sinif şagirdi Sevgi Süleymanlının canlı oxuduğu “Ana” mahnısı hərarətlə qarşılanmışdır.
Sonra şairlərdən Nuranə Nur, Fəridə Ləman, Məlahət Yusifqızı, Nizami Muradoğlu, Kəmaləddin Qədim, Faiq Balabəyli, Dayandur Sevgin və başqaları Arzu Nehrəmlinin yaradıcılığının ayrı-ayrı məziyyətlərindən danışmışlar.
Jirnalist Kamil Nehrəmli, Azərbaycanın xalq artisti Eldost Bayram çıxışında A. Nehrəmlinin şəxsi keyfiyyətlərindən söhbət açmış, şairə yeni yaradıcılıq uğurları arzulamışlar.
Sonda Arzu Nehrəmli yeni şeirlərini oxumuş, bəzi şeirlərinin yazılma tarixindən söhbət açmış, həyatı ilə bağlı bəzi məqamları onun görüşünə gələnlərlə bölüşmüşdür.
Ovqat.com
Paylaş: