AĞLAMA
Qəflət öləcəyəm. məni ağlama,
Sənə nə vermişəm, ağlayasan ki?!
Mənsiz örpəyini qara bağlama,
Ağ örpəyin yoxmu bağlayasan ki?!
Məni ağlayanlar çox olacaqdı,
Göylər ələyəcək göz yaşlarını.
Dənizi coşduran qızıl balıq da,
Üstümə səpəcək daş-qaşlarını.
Bulaqlar başında olacam ,Vallah,
Qəmimi kimsəylə bölməyəcəyəm.
Mənə ruh verəcək, o, ulu Allah,
Çiçəklər qəlbində ölməyəcəyəm.
Mənim balalarım ilham pərim tək,
Məzarım başında hönkürəcəkdir.
Bu vaxtsız ölümə dözməyib külək,
Yanan şamları da söndürəcəkdir.
Gözəllər gözəllik nəğmələrimi,
Gülab nəfəsiylə bəsləyəcəkdir.
Neçə qardaş ahı,bacı ağısı,
Məni bu dünyaya səsləyəcəkdir.
Qəflətən öləcəm məni ağlama,
Sənə nə vermişəm, ağlayasan ki?!
Mənsiz örpəyini qara bağlama,
Ağ örpəyin yoxmu bağlayasan ki?!
Sən demə, bu dünya mənlik deyilmiş
Bir payız günündə gəldim dünyaya,
Təbiət əyninə çəni geyibmiş.
Çoxu sevinsə də Tanrı payına,
Sən demə, bu dünya mənlik deyilmiş.
Anam nə söylədi sözünə baxdım,
Qayğıya bələnən gözünə baxdım,
Dönüb bu dünyanın özünə baxdım-
Gördüm ki, hər büsat şənlik deyilmiş,
Sən demə, bu dünya mənlik deyilmiş.
İllərlə qədəkdən köynək geyindim,
Həyatda çalışqan, bir az yeyindim,
Verdiyi payına küsdüm, deyindim-
Cavabı düz çıxan tənlik deyilmiş,
Sən demə, bu dünya mənlik deyilmiş.
Özümə xəyaldan dünya yaratdım,
Hara addım atdım, düz addım atdım.
Gəlib xırmandakı xırdağa çatdım-
Bu pay da toxumluq,dənlik deyilmiş,
Sən demə, bu dünya mənlik deyilmiş.
Gözüm qalmasa da sərvət-varında,
Saçlarım üşüdü qırov, qarında,
Sarsıldım ehtiyac dalğalarında-
Yanağı al boya-ənlik deyilmiş,
Sən demə bu dünya mənlik deyilmiş.
Qorxdu adlanaram,söz yayıb keçdi,
Neçə yol adımı adlayıb keçdi,
Ömür kitabımı qatlayıb keçdi-
Heysiyyət,şərəfi-mənlik deyilmiş,
Sən demə, bu dünya mənlik deyilmiş.
Məni öz doğması bilmədi, niyə,
Saldığı düyünlü ilmədi, niyə,
Doğrusu bilmədim,bəs nədi, niyə-
-Dünya,Yusifoğlu, sənlik deyilmiş,
Sən demə, bu dünya mənlik deyilmiş.
Sözümçiçəkləyib
Şair Asim Yadigarın
ad gününə yazılan şeir.
Şərur mahalında gəldin dünyaya.
Həyatda ilk izin bu yerlərdədi.
Siğmadın günlərə, sığmadın aya,
Ömrünün hər anı şeirlərdədi.
Döndü xatirəyə məktəb illəri,
Qovuşdun sevimli tələbəliklə.
Dindi ürəyinin kövrək telləri,
Ötüşdü günlərin qələbəliklə.
Sən sözlə oynadın , bəşəri sözlə,
Sözə ürək dostu, sirdaş söylədin.
Közlü sözlərinlə, sözlü gözünlə,
Köksünü nəfsindən uzaq eylədin.
Taleyin aramsız zərbələrindən,
Qapın döyəcləndi yağış, doluyla.
Qorxmayıb zamanın hərbələrindən,
Yol etdin zirvəyə "Zirvə yolu"yla.
Yay kimi gərildin , korun alışdın,
Sözə, söz deməyə dəyişdi yönüm.
Yeni kitabında sözlə barışdın,
,,Unut bu sevdanı...” başına dönüm..
Qanınla yazdığın ,,Torpaq davası”,
Səngərdə döyüşdü acgöz yağıyla.
Şəhid atasının şəhid balası,
Qayıtdı evinə ,,Oğul dağı”yla.
,,Hər şeyin sonu var...”son qoydu qəmə,
Arazdan adlayıb , Təbrizə yetdin.
Gözlərin sevincdən bələndi qəmə,
Ulu Şəhriyarı ziyarət etdin .
Çişcək kimi kövrək, zərif şeirlər,
Sənin sərvətindi, sənin varındı.
Bunu mən demirəm, bunu deyirlər,
Əldən_ələ gəzən kitablarındı.
...Sözüm çiçəkləyib bu qış günündə,
Hələ ətir saçan arzularım var.
Bəndəsi olduğun sözün önündə,
Həmişə uca ol, Asim Yadigar!
Ş Ə R U R U N
Dədə Qorqud gəzən Oğuz elimdi.
Uludu torpağı, daşı Şərurun.
Dili Türkün dili_ ana dilimdi,
Qədimdən _ qədimdi yaşı Şərurun.
Burda arxalanıb dağlara dağlar,
Dərın dərələrdə çayları çağlar.
Torpağı göynəsə göyləri ağlar,
Arpaçay sayılır qaşı Şərurun.
Tanrı özü bilən dərd göndəribdi,
Neçə fəlakəti sərt göndəribdi,
Nanərdin önünə mərd göndəribdi,
Bəlalar çəkibdi başı Şərurun.
Ürək ovsunludu baharı, yayı,
Mavi səmasında Ulduzu, Ayı.
Yoxsa da sərvətdə payızın tayı,
Zərgər naxışlıdı qışı Şərurun.
Gəzdikgə görərsən barlı düzləri.
Zəhmətlə nurlanan gülər üzləri.
Tanrı yaradandan ta üzü bəri,
Yeyilir ellərdə aşı Şərurun.
Yeraltı, yerüstü varı tükənməz,
Zirvədən qartalı , qarı tükənməz ,
Çiçəyin üstündən arı tükənməz ,
Ətrindən tanınır balı Şərurun.
Min büsat qurulur hər bucağnda,
Güllər ətir saçır tər qucağnda,
Ömrünün gəncləşən səhər cağında,
Qəlblər ovsunlayır halı Şərurun,
Dədə Qorqud gəzən Oğuz elidi,
Dili ana dili _ türkün dilidi.
Məğrur Naxçıvanın d u r n a telidi,
Qədimdi, uludu yaşı Şərurun.
DAHA QAR YAĞIR,
QAR YAĞIR
Yağışlar yağdı ,qurtardı,
Daha qar yağır,qar yağır.
Kimin evinə qəm-kədər,
Kimin çölünə var yağır.
Kövrək olur ,güllər nədən,
Boylananda pəncərədən.
Qəmli-qəmli tül pərdədən,
Baxan gözlərə qar yağır.
Ömrün gülşəni qaralıb,
Yamyaşıl orman saralıb,
Yollar yamanca daralıb,
Daha izlərə qar yağır.
Gəlib yetdi elə zaman,
Baxışı ox,sözü kaman,
Yanağından qanı daman,
Daha izlərə qar yağır.
Dağ bürünüb duman- çənə,
Saç bələnib qırov, dənə,
Yusifoğlu,ta ömrünə,
Daha qar yağır,qar yağır.
PAYIZDA ÜŞÜYƏN ÇİÇƏK
Soyuq dəyib sozalırsan,
Rəngin qaçıb , bozarırsan,
Çox kövrək görkəm alırsan_
Payızda üşüyən çiçək.
Qırov düşür çətirinə,
Nəm qarışır ətırınə,
Şaxta dəyir xətirinə_
Payızda üşüyən çiçək.
Yaxanı ayaz sökübdü,
Köksünə duman çökübdü,
Sazaq səbrini tökübdü_
Payızda üşüyən çiçək.
Ətir saçdın yazda, yayda,
Uşaqları eyni qayda,
Ovsunladın çoxlu sayda_
Payızda üşüyən çiçək.
Tanrı bölüb elə bölüm,
Hər canlıya çatar ölüm ,
Bu halından qorxma, gülüm,
Payızda üşüyən çiçək!
Paylaş: