Elçin Qurbanov
Çağdaş tarixin, siyasi elmlərinin və sosiologiyanın qurucusu 14-cü əsrin mütəffəkiri , dövlət xadimi İbn Xəldun özünün “Kitab ül-İber” kitabında (“Müqəddimə”) dövlətin mövcudluğunu 5 mərhələyə bölür.
- Birinci mərhələ - fəth və quruluş mərhələsidir. Bu mərhələdə oturaq bir rəhbərliyin əlindəki hərbi güclə iqtidar ələ keçirilir. Hökmdarlar kraldan daha çox, bir başçı olurlar.
- İkinci mərhələdə hökmdar iqtidarı inhisarlaşdırmağa başlayır. Bunun üçün özünün başa keçməsinə kömək edən təbii həmrəylikdə "təmizlik" aparır, onun gücünə ortaq olanları yox edər, qohumluq əlaqələrinə əsaslanan həmrəylik əvəzinə, birbaşa özünə bağlı muzdlu döyüşçü və bürokratlardan təşkil olunmuş bir çevrə yaratmağa çalışır.
- Üçüncü mərhələ iqtisadi rifahın artdığı, mədəni ünsürlərin inkişaf etdiyi bir yüksəliş ya da dəbdəbə dövrüdür. Bu mərhələdə hökmdar şəxsi gəlirini artırmaq, tabeliyində olanların vergilərini azaldaraq dövlətin maliyyə mənbələrini çeşidləndirmək və yenidən nizamlamaq, şəhərləri gözəlləşdirmək üçün çalışır. Hər kəs iqtisadi rifahdan öz payını alır, sənətkarlıq və elm inkişaf edir, hakim təbəqələr özlərini mədəni layihələrin qoruyucuları olaraq göstərirlər. Rifah və sərbəstlik dövlətin suveren vəziyyətinə çevrilir.
- Dördüncü mərhələdə doymaq, tətmin və özünü bəyənmək halları ön plana çıxır. Sabitlik və sülhün hakim olduğu, idarə etmədə yenilikçi heç bir təşəbbüsün göstərilmədiyi, əvvəlki idarəetmənin təqlidi və bundan imtinanıb dövlətin dağılmasına yol açacağına inanılır. Həm idarə edənlər, həm də idarə olunanlar bu sabitlik və rifahın əbədi olacağına inanırlar. Dövlət qurucularının gücü və uğurlarına görə bu mərhələ çox uzun müddət davam edə bilər. Ancaq bu mərhələdə hiss olunmadan geriləmə, dağılma prosesi başlayır və dövlət özünün son aşırımına qədəm qoyur.
- Sonuncu mərhələ - eyş-işrət və israf mərhələsidir. Bu mərhələdə hökmdarların iqtisadi və ictimai hadisələri şəxsi arzuları ilə idarə etməyə çalışması ilə dövlətdə sağalması mümkün olmayan xəstəliklər meydana çıxır. Hökmdar sahib olduğu lüks həyatı, ordunu və bürokratları saxlamaq üçün vergiləri artırmağa məcbur olur. Artan vergi iqtisadi fəaliyyətlərin azalmasına yol açır və hökmdarın məqsədinin əksinə olaraq dövlətin gəlirləri azalır. Dövlətdən gözləntilər zəifləyir və ümidsizlik yayılır. İqtisadi fəaliyyətlər dayanır və insanlar uzun müddətli planlara girişmirlər. Əhalisi çox olan şəhərlərdə sıxlıq və ekoloji problemlər ortaya çıxır. Dövlət dağılmağa başlayır. Paytaxtda da ordu və bürokratlar hökmdarın nüfuzunu ələ keçirməyə, hökmdarı sadəcə "oyuncağa" çevirməyə başlayırlar. Nəticədə xaricdən gələn və emosiyaları güclü gənc və sağlam bir topluluq dövləti zəbt edir , çürümüş quruluşu yox edib yenisini qururlar.
Mütəfəkkirə görə, bu proses ictimai qanundur və şəxslərin iradəsinə tabe olmaz.
Bəli, bütün bunlar ingilis alimi Arnold Cozef Toynbinin "bəşəriyyətin indiyə qədər yetişdirdiyi ən böyük tarix fəlsəfəsinin müəllifi" kimi qiymətləndirdiyi şəxsiyyətin, dövlət xadiminin, bir zamanlar dünya fatehi Əmr Teymurun yanında olmuş mütəfəkkirin fikirləridir. Mən onu qısaldılmış və olduğu kimi diqqətinizə ərz etdim.
Mütəfəkkirin baxışları dünyanın ən uzunömürlü imperiyası olan Osmanlının bir növ dövlət fəlsəfəsi kimi qəbul olunmuşdur. Bəlkə də Osmanlı imperiyası uzunömürlülüyünü elə İbn Xəldun fəlsəfəsinə borcludur.
Azərbaycan reallığı ilə müqayisə etsək, bizdə həmin proseslərin böyük sürətlə getdiyini görə bilərik. 6-əsr əvvəl demoqrafik vəziyyətin indikinə nisbətən dəfələrlə çox aşağı səviyyədə olmasına baxmayaraq, mütəffəkir sanki bu günün təsvirini yaradıb. Əlamətləri əlaqələndirsək, bizim 5-ci mərhələdə olduğumuz aydın görünür. Çox təəssüflər olsun ki, bu prossesi bürokratik ünsürlər daha da sürətləndirirlər. Özbaşnalığın pis nümunəsi xərçəng hüceyrələrinin metostas vəziyyətdə yayıldığı kimi yayılır, vəzifəsindən sui istifadə, vəzifə səlahiyətlərini aşma, rüşvətxorluq məmur zümrəsini azğın yırtıcı canavarlara çevirir. Təsadüfi deyil ki, cənab Prezidentimizin özü belə, məmurların qudurduğunu etiraf edir.
İş o yerə çatıb ki, bürokratik problemlər üzündən cəmiyyətdə intihar halları ağılasığmaz səviyyədə artıb. Mülkiyyətin qanunsuz qəsb olunması, yerli icra hakimiyyəti başçılarının ictimai rəyi nəzərə almaması, korporativ maraqlar məqsədilə büdcə vəsaitləri azmış kimi, vətəndaş hüquqlarının tapdalanması, polis özbaşnalığının tüğyan etməsi (hansı ki hər addımbaşı rastlaşmaq mümkündür) baş alıb gedir. Məgər bunlar cəmiyyətimizin sürətlə tənəzzül uçurumuna doğru sürüklədiyini təsdiqləmirmi? Binaların qarşısında şəxsi avtomobilinin yük yerində meyvə-tərəvəz satan insanlarla post-patrul avtomobilllərinin siçan-pişik oynamalarını görmürsünüzmü? Bu mənzərə gələcək nəslə nə öyrədir?
Mən dünyada ikinci belə ölkənin olmasına inana bilmərəm ki, orada körpələrin haqqını yeyirlər. Mən özüm bir neçə il öncə uşaq bağçasının söküldüyünə görə həmin işləri həyata keçirən şirkətin əməkdaşlarına yaxınlaşdım və ardından da ölkə rəhbərliyinə müraciət etdim. Məsələ ondadır ki, onlar sökdükləri uşaq bağçasının yerində eyni tipli müəssisə inşa ediləcəyini bildirdilər. Hətta utanmadan and da içdilər. İndi isə heç bir tikinti normasına cavab verməyən göydələnlərin aşağı mərtəbəsində uşaq bağçalarının açılması tələb olunur. Hətta acgözlük səbəbindən məsum körpələrin tamam unudulduğuna görə uşaq bağçalarının 10 –il müddətinə vergidən azad edilməsi barədə qanunvericiliyə dəyişiklik edilsə də, vicdanlar oyanmır ki, oyanmır. Uşaqları təmiz havadan, yaşıl bağçalarından məhrum edib dəmir betonun içərisində sağlam böyütmək mümkündürmü? Bu haqsızlıq deyilmi? Kimə lazımdır bir - birinin içinə girmiş göydələnlər? Hansı ki, ərazidə məktəb, yol, bağca və digər infrastrukturlar çatışmır. Başqa dinə məxsus ibadətxanaların kommunal xidmətlərinin təmin edildiyi ölkədə məscidlərin elektrik enerjisinin kəsilməsi dövlət barədə hansı fikirlər yarada bilər?
Cənablar, nə üçün təbii sərvətlərlə zəngin olan ölkəmizdə vətəndaşların yaşayış səviyyəsi təbii sərvətləri ( yeraltı) olmayanlardan daha aşağıdır? Necə olur ki, bir sıra inkişaf etmiş dövlətlər, xüsusilə Qərbi Avropa yalnız demokratiya istehsal etməklə, insan haqları, ədalətli məhkəmə-hüquq sistemi və sabit qanunvericiliyi ilə bütün insan resurslarını, maddi və mənəvi sərvətləri özlərinə cəlb etdilər, bizlər isə bərpa edilən və bərpa edilməyən bütün ehiyatlarımıza qərəzli, məhvedici, dağıdıcı, yırtıcı təfəkkürlə davranırıq?
Bu davranışın maddi nəticələri yenə də etibarlı ölkələrə istiqamət alır. Axı, nə üçün belə olmalıdır? Köhnə nəfsi qüsurlarımız nə vaxta qədər bizi kölə vəziyyətində saxlayacaq? Nə zaman bu dərin yuxudan oyanacağıq?
Hər kəs şahiddir ki, xüsusi maraqların iyrənc həddi cəmiyyəti sarsıdıb, sevgini, inam və etibarı yox edib. Deqrodasiya, ailə izdivaclarının davamsızlığı yetimlərin sayının artmasına , mənəvi dəyərlərin tamamilə itirilməsinə səbəb olub. Bir halda ki, oxşar hadisələr hər qapını döyür, bundan nə üçün nəticə çıxarmaq istəmirik?
Ölkədəki ictimai-siyasi vəziyyətin 5-ci mərhələdə olmasını təsdiq edən amillərdən ən böyüyü ölkə başçısının aşikar çağırışlarına və göstərişlərinə məmurların əhəmiyyət verməməsidir. Vətəndaşlarla münasibət, yaşıllıqların məhv edilməsi, korrupsiya, rüşvətxorluq, xəyanət və s. bütün iradlara rəğmən, məmurlarımızın şakərinə çevrilib. Hesab edirəm ki, məmurlar Prezidentin göstərişlərinə əhəmiyyət vermirlərsə, Prezident özü xalq qarşısında ifadə etdiyi çağırışlarına hörmət etməli, ətrafını bu ünsürlərdən təmizləməlidir. Hər bir qudurmuş məmur cəzalandırılmasa, əsaslı və bütövlükdə kadr islahatları aparılmasa, ölkənin yaxın gələcəyinin qaranlıq olacağı qaçılmazdır.
Paylaş: