Xəbər lenti

 Yaxud akademik Tofiq Haciyev səxsiyyəti işığında

İnsan özünə qəlbən yaxın olan adamları nə zaman unutduğun düşünə bilməz. Hər bir kəsin taleyində bu cür insanlar var. Lakin onlar çox azdır. Bəlkə də, bir əlin barmaqlarının sayından da az. Bu insanların sırasının önündə hər bir kəs üçün ilk növbədə ata və ana dayanır ki, bunların əvəzini heç zaman, heç kəs verə bilməz. Lakin həyatda insanın taleyində müsbət rol oynayan elə insanlar olur ki, həmin insanlar öz qayğıkeşliyinə,  müvəffəqiyyət qazanmaqda  göstərdiyi köməyə görə o əziz valideynlərlə bir sırada dayanır. İnsanın arzu və istəklərinin çiçəklənməsində, bəlkə də, valideynlərin çəkdiyi əziyyətdən az əziyyət çəkmirlər.

Öz vəzifəsi, borcu olmadan başqalarının həyatında çəkisi ölçüyə  sığışmayacaq dərəcədə əməyi, əziyyəti olan insanları yalnız dara düşən insanların köməyinə çatan Xızır peyğəmbərlə müqayisə etmək olar.

Mən həmişə çətinə düşən dastan qəhrəmanlarının köməyinə çatan Xızır peyğımbərlə bağlı bir yazı oxuyanda gözlərimin qarşısına 2015 – ci ilin 27 noyabrında faciəli şəkildə həyata əlvida deyən Akademik, filologiya üzrə elmlər doktoru, əməkdar elm xadimi, Türk Dil Qurumunun həqiqi üzvü, “Türk Dünyasına Hizmət Ödülü”nün 2002 – ci il üzrə sahibi , yüzlərlə yüksək titula sahib olan dilçi alimlərin əlindən tutub geniş yola çıxaran müqəddəs insan Tofiq İsmayıl oğlu Hacıyev Tofiq müəllimi düşünəndə isə dara düşənlərin son anda köməyinə çatan Xızır peyğəmbər gəlir.

Mən elm sahəsində nə əldə etmişəmsə, nə qazanmışamsa, onların hamısını Tofiq müəllimin adı ilə bağlamışam, onun öz şəxsi zəhmətinin qazancı hesab etmişəm. Mənə elə gəlirdi ki, Tofiq müəllim Azərbaycan türkçəsinin qaranlıq tərəflərini “cəbhəboyu işıqlandırmağa”, həlli vacib məsələləri həll etməyə  öz  vaxtı çatmadığı üçün,  qarşısına çıxan, rastına gələn, müəyyən dərəcədə istedad sahiblərini öz başına toplayıb bir ordu şəklində həyata keçirməyə çalışırdı. Həyat da sübut etdi ki, Tofiq müəllim öz seçimində yanılmayıb. Onun yetişdirdiyi dilçi alimlərin əksəriyyəti bu günün özündə də, Azərbaycan elminin ən əlçatmaz zirvələrdə dayanırlar və dünyanın ən məşhur alimləri ilə bir sırada addımlayırlar. Görkəmli akademikin həll etmək istədiyi, qarşıya qoyduğu məsələlər  bu gün də öz həllini tapmaqda davam edir.

Onlardan biri də bu günlərdə professor İdris Abbasov tərəfindən yüksək ustalıqla Azərbaycan dilinə tərcümə edilərək nəşr olunan və AMEA – nın Dilçilik İnstitutunda təqdimatı keçirilən akademik Mirzə Kazımbəyin 1846 – cı ildə çapdan çıxan “Türk – tatar dilinin ümumi qrammatikası” əsəridir. “Azərbaycan dilinin ilk elmi qrammatikası” sayılan bu əsər türk dillərinin, eləcə də Azərbaycan türkçəsinin tədqiq edilib öyrənilməsində əvəzedilməz mənbə sayılsa da,  aradan ötən bu onilliklər ərzində kamil şəkildə Azərbaycan türkçəsinə tərcümə olunmamışdır. Bu sanballı və qiymətli əsərin Azərbaycan türkçəsinə tərcümə edilməsi təşəbbüsü də görkəmli dilçi, əvəzedilməz şəxsiyyət və türkoloq akademik Tofiq Hacıyevin adı ilə bağlıdır.

Bir dəfə Dilçilik İnstitutunda Tofiq müəllimin qəbulunda olanda hansısa məsələnin həlli ilə bağlı həmin institutun şöbə müdiri İdris Abbasov da otağa daxil oldu. Məsələnin həllindən sonra Tofiq müəllim Kazımbəyin qrammatikasının tərcüməsinin nə vəziyyətdə olması ilə maraqlandı və dedi: “İdris, boş – boş işlərlə məşğul olma, gecikdirmə, get tərcümə işini təcili həll edib sona çatdır”. (O, Mirzə Kazımbəyin “Türk – tatar dilinin ümimi qrammatikası” əsərinin tərcüməsini nəzərdə tuturdu)

 

Tofiq müəllim bu qiymətli əsərin Azərbaycan türkçəsində nəşrini görməsə də, onun arzuları özündən sonra çiçəklənməyə başladı. Nə sovet dönəmində, nə də müstəqilliyimizin bərpasından sonrakı illərdə türk dilləri qrammatikasının tədqiqinə həsr olunan bu sanballı və qiymətli əsərin Azərbaycan dilinə tərcüməsi heç kəsin yadına düşmədi, bu iş kimsəni maraqlandırmadı. Bu qiymətli əsərin Azərbaycan türkçəsində işıq üzü görməsi böyük türkoloqun təşəbbüsü və istedadlı dilçi və tərcüməçi İdris Abbasovun yuxusuz gecələrinin nəticəsində ərsəyə gəldi.

Görkəmli akademiki türk dillərinin təkcə keçmişi maraqlandırmırdı, onu bu dillərin gələcəyi də dərindən maraqlandırırdı. O bütün türkdilli xalqların nümayəndələrinin bir – birini digər dillərin köməyi olmadan anlamağının, başa düşmələrinin arzusu ilə yaşayırdı. Və elə bu məsələ ilə bağlı düşüncələrini də məqalələr şəklində ərsəyə gətirərək 2013 – cü ildə nəşr etdirdiyi “Türklər üçün ortaq ünsiyyət dili” (Bakı, “Təhsil”) kitabına daxil etmişdir. Kitabın annotasiyasında bu məsələ ilə bağlı yazılır: “Türkcə otuza qədər xalqın ana dilidir. Bu gün qloballaşma dövründə siyasi – iqtisadi – mədəni əlaqələri sıxlaşdırmaq üçün bu xalqların bir ortaq, ünsiyyət (İlətişim)dilinə ehtiyacı var.  Zamanında Altaydan Dunaya qədər çoğrafiyada yaşayan türklərin yerli təzahürləri ilə yanaşı bu gün Orxan kitabələrinin dili kimi götürdüyümüz vahid ədəbi dili ümumi ünsiyyət dili olub. Bu anlaşmanın bu gün də olması imkan verir ki, türkcələrin birini ortaq ünsiyyət (ilətişim) dili kimi işlədək”

Türk xalqlarının birliyindən, onların ədəbi – mədəni əlaqələrinin inkişafından və sair məsələlərdən danışanlar, bu ideyaların müdafiəsinə qalxanlar çox olub. Lakin bu məsələnin həllinə akademik Tofiq Hacıyev kimi yanaşan çox olmayıb. Ömrünü ( Danko kimi ürəyini) bu yolda məşələ çevirən alimin qarşısına qoyduğu hədəf, elə türk xalqlarının bütün sahələrdə birləşməsinə, aralarında isti əlaqələrin möhkəmlənməsinə hesablanmışdı. Dil birliyinin bütün birliklərdən (əlaqələrdən) möhkəm olduğunu  sübuta yetirmək üçün müəllif Mahmud Kaşğarinin “Türkün ürəyinə girmək üçün onunla onun dilində danışmaqdan başqa yol yoxdur” (səh. 4) fikrini önə çəkir.

O, bütün oxucularına çatdırmaq istəyirdi ki, türkdilli xalqlar bir – biri ilə eyni dildə danışıb anlaşmasalar, onların sarsılmaz birliyindən danışmaq çətindir. O, anlatmağa çalışırdı ki, türkdilli xalqlar nə qədər ki, bir – birini yad dillərlə anlamağa, dinləməyə möhtacdırlarsa, onda bu xalqların sarsılmaz birliyindən danışmaq qeyri – mümkündür.

Dil birliyini (əlaqələrini) bütün əlaqələrin əsası sayan alim bu məsələ ilə bağlı yazırdı: “Əlbəttə, bir olmaq, bir məsləkə qulluq etmək yolunda bir dildə ünsiyyət saxlamağın, həqiqətən, böyük əhəmiyyəti var.”(Yenə orada)

Akademik Tofiq Hacıyevin türk xalqlarının dil birliyinə münasibətini yalnız XIX əsrin Krım – tatar ideoloqu İsmayıl bəy Qaspıralının türk birliyi üçün söylədiyi “işdə bir, fikirdə bir, dildə bir”  ideyası ilə eyniləşdirmək olar. Bu məsələ görkəmli alimi bütün yaradıcılığı boyu düşündürmüş, dil birliyinin gələcəkdə bir neçə türk dövlətinin çöxşaxəli birliyinə cevriləcəyini əminliklə bəyan etmişdir. Akademik ortaq türk dili məsələsini önə çəkəndə , ayrı – ayrı türk dillərinin taleyini nəzərdən qaçırmırdı. Hər bir türkdilli xalqın dilinin qayğısına qalırdı. Alim 2001 – ci ildə “Ulus” qəzetinin müxbirinin “Neçə ildir ki, vahid türk dili ideyası atılıb ortalığa. Bunun reallaşması nə dərəcədə həqiqətə uyğundur?” sualına belə cavab vermişdi: “Ümumi türk dili formalaşa bilməz. Kimsə ana dilindən əl çəkib, təzə dil yaratmaz. Sadəcə müasir  türk dillərindən birini ümumi ünsiyyət dili kimi qəbul etmək olar. Bu ümumi ünsiyyət dili sənin həmişə istədiyin ana dilinin yerinə gəlmir. Sən ailəndə, işdə, dostlarınla həmişə işlətdiyin ana dilində danışacaqsan. Ümumi ünsiyyət dilini başqa türkcələrin nümayəndələri ilə ünsiyyətdə, beynəlxalq (uluslararası) təcrübələrdə işlətməlisən, o sənin dil açdığın dili, beşik dilini sıxışdırmamalıdır; yoxsa bütün türklər tərəfindən sevilməz, ana dilinə şərik sayılar. Ana dili Tanrı gücündə valıqdır. Tanrı da ki, bildiyimiz kimi şərik sevməz” (Yenə orada. səh. 6)

Görkəmli türkoloqun türk dillərinə olan münasibətini yalnız atanın öz övladlarına olan məhəbbəti ilə müqayisə etmək olar.

Ola bilsin ki, atanın övladlarından birini digərlərindən cüzi də olsa, fərqləndirmək meyli olsun. Lakin akademikin türk dillərinin ayrılıqda hər birinə bəslədiyi məhəbbətdə o cüzi fərqi də hiss etmək mümkün deyildir.

Mirzə Kazımbəyin  müəllifi olduğu “Türk – tatar dilinin ümumi qrammatikası” əsərinin çap olunduğu vaxtdan 170 ildən artıq zaman  keçməsinə baxmayaraq,  həmin əsərin Azərbaycan dilinə tərcümə edilib çap edilməsi məsələsi akademik Tofiq Hacıyevin adı ilə bağlı həll olunub tarixləşdi. Zaman gələcək ki, əvəzedilməz türkoloqun “Türklər üçün ortaq ünsiyyət dili” arzusu da həyata keçib gerçəkləşəcək, Azərbaycan türklərinin övladları gələcəkdə öz soyu bir , boyu bir, payı bir qardaşları ilə çətinlik çəkmədəntürklər üçün ortaq ünsiyyət dili olan “Ümumtürk” dilində danışıb anlaşacaqlar və o  gün yəqin ki, çox da uzaqda deyil.

Bu müqəddəs, qayğıkeş insanın noyabrın 27 – də öz doğma və əzizlərindən, aspirant və doktorantlarından,  bir sözlə, bizdən ayrıldığı gündən iki il ötür.  Aradan ötən bu iki ildə bir an da olsa, Böyük türkoloqu , dahi insanı yaddan çıxara bilməyən, həmişə ruhuna rəhmətlər diləyən, “yalnız özü – özünə bənzəyən” ( akademik T.Hacıyev)

Sərdar Zeynal

Filologiya elmləri doktoru

 23.XI.2017




Ana səhifəyə qayıt        Baxış: 1 541          Tarix: 26-11-2017, 20:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma