Xəbər lenti

 

Şair-publisist Heydər Oğuzun az öncə facebook səhifəsində paylaşdığı statusu Ovqat.com oxucularına təqdim edirik:

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın İslam Əməkdaşlığı Təşkilatının sədri kimi bütün müsəlman liderlərini Qüds məsələsinin müzakirəsi üçün İstanbula çağırışını Azərbaycan prezidenti İlham Əliyevin məmnuniyyətlə qəbul etməsi təqdirəlayiqdir. Baxmayaraq ki, ölkə başçısının bu qərarla ciddi risklər aldığı da ortadadır. Nədən ki, özünə umac tapa bilməyən Azərbaycanın ərəblərə əriştə kəsməsi böyük cəsarət tələb edir. Özü də o zamanda ki, ərəb liderliyinə iddia edən Səudiyyə Ərəbistanı, Misir kimi dövlətlərin qorxudan cınqırı çıxarmır, hətta öz media qurumlarına Trampın Qüds qərarının müzakirə edilməməsi göstərişini verirlər. Belə bir zamanda Qarabağ və digər problemlərini yəhudi lobbisinin gücünə həll etməyə çalışan Azərbaycan iqtidarı bu addımı atırsa, deməli, ona bəslənən qardaş ümidlərini puça çıxartmaq istəmir. 
Sözsüz ki, bu addımın atılmasının başlıca səbəbi Qüds qədər, bəlkə də ondan daha çox, Türkiyənin girdiyi bu savaşda yalnız buraxılmaması istəyidir. Tarix boyu bir-birinə arxa olan türk dövlətlərinə də məhz bu yaraşardı. 
Mən Azərbaycan-Türkiyə qardaşlığının xüsusilə Qüds məsələsində ortaya çıxan bu həmrəyliyini uzun illər öncə qələmə aldığım bir şeirimlə alqışlayıram.

Məkkə, Mədinə anam, mənsə körpə bir bala,
Anama sığınıram, başım çəkincə bəla.
Şəhadəti öyrədən məktəbimdir Kərbəla.
Baxma səsim qısıqdır, Haqqın son fəryadıyam!
Mən Allahın qılıncı, müsəlman övladıyam!

Dünya yaxşı tanıyır mənim ulu cəddimi,
Yaxşı bilir Tanrıyla bağladığım əhdimi.
Min yol qırsalar belə, qamətimi, qəddimi,
Yenidən doğulacaq Fatehlər əcdadıyam!
Mən Allahın son qılıncı, müsəlman övladıyam!

İraqda axıdılan qanlar qanımdır mənim,
Beyrutda qurban gedən canlar canımdır mənim,
Təkbir qəlbə ruh verən həyəcanımdır mənim!
Tapdanan namusların ağ atlı muradıyam!
Mən Allahın qılıncı, müsəlman övladıyam!

Fələstinli bir ana tutub ölüm orucu,
Yolumu gözləməkdə, göynər burnunun ucu.
Harda ağlar ana var, öcü boynumun borcu
Bir Türk oğlu Türkəm mən, məzlumun imdadıyam!
Mən Allahın qılıncı, müsəlman övladıyam!




Ana səhifəyə qayıt        Baxış: 1 379          Tarix: 10-12-2017, 00:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma