DEYƏCƏYİM SON SÖZ
Bircə addım saxlayarsan kənarda,
Yüz addımlıq məsafədə duraram.
Sən ki məni sındırırsan, əyirsən,
Mən də səni bax beləcə qıraram.
Yollarıma daş olmusan həmişə,
Tikan kimi hey sancıldın qəlbimə.
Min gedişli oyununa heyranam,
Bilinməyir, mələksən, ya əcinnə?.
Bu oyunu illər boyu oynadın,
Mən görmədim səndə hörmət, səxavət.
Çalışdım ki, səni adam eləyim,
Biləsən ki, nədir qürur, ləyaqət.
Uddun məni, səndən adam olmaz ki.
Bundan sonra yolu gendən salaram.
Sınıq-salxaq məhəbbətə yerim yox,
Barıt olub gözlərimə dolaram.
Daha çıx get, həyatımdan düş artıq,
Mədə qulu olanları sevmirəm.
Yalnız sənə deyəcəyim son söz bu,
Min sifətli nadanları sevmirəm.
.
EPİQRAM
''Şairəm''- söyləyir yerindən duran''.
[M.Müşfiq].
Şeirlərin çaxmaq daşı olmayır,
Ha çaxırsan, qığılcımı görünmür.
Sözü sözə zorla pərçım edirsən,
Fikrin pərən, misralara hörülmür.
Bəzən olur ildırımlar hayqırır,
Ancaq yağış yağmayır ki, yağmayır.
Yazdığını sən ha bağır, ha çığır,
Bir misran da ürəkləri yaxmayır.
İlhamının kürəsində bişməyən
Sözü nədən oxucuya satırsan?
''Dünya alver dünyasıdır''-deyərək
Südü suya, suyu südə qatırsan
Qafiyən var, vəznin vardır, bilirəm.
Bəs ürəyin haradadır, qardaşım?
Söz gövhərdir, vərəqlərdə sürümə.
Bəs biliyin haradadır, qardaşım?
Təki sənə ''şair''- desin adamlar,
Sən burnunu dik tutasan, gəzəsən.
İmkanını sipər edib özünə,
Öz rəfinə cəfəngini düzəsən.
Kitabınla ömrün təndir, qısası,
Zamanın da yazdığı az deyilmiş.
Zaman baxıb kitabına deyəcək;
-''Şairin də arsızı az deyilmiş''
HARDASAN, AY EV YİYƏSİ?
Dəmir darvazanı döyürəm bərk-bərk,
Yolçuyam, bu evə ehtiyacım var.
Bəlkə, bir udum su, bir tikə çörək...
Təəssüf, açılmayır dəmir qapılar.
Nə cavab verən var, nə insan səsi.
Hardasan, hardasan, ay ev yiyəsi?
Sahibsiz qalıbdır evin-eşiyin,
Susuz ağaclar da gileyli səndən.
Görən, haradadır itin, pişiyin?
Onlar da yox olub sən gedən gündən.
Evin dirəyiydi isti nəfəsin.
Hardasan, hardasan, ay ev yiyəsi?
Evin suvağı da tökülür tək-tək,
Cığırlar kol-kosdan daha görünmür.
Tövlədə nə qoyun, nə də ki inək,
Daşlar divarlara daha hörülmür.
Gözə görünməyir Allah bəndəsi.
Hardasan, hardasan, ay ev yiyəsi?
Qonub ağacdələn qoca ağaca,
Hərdən döyəcləyir qabıqlarını.
Taqqıltı səsini həyət duyunca
Sanki qarşılayır qonaqlarını.
Az qalır oxuya insan nəğməsi.
Hardasan, hardasan, ay ev yiyəsi?
Gedib kimlər ilə yoldaş olmusan?
Harada tikişin tutubdur sənin?
Sapanddan atılan bir daş olumusan.
Geri qayıtmağa varmı gümanın?
Vətəndən uzaqda quru nəfəsin.
Hardasan, hardasan, ay ev yiyəsi?
Bir tikə çörəyin qulusan indi,
Hanı qonum-qonşun, qohum-qardaşın?
Qoyub getdiyin kənd sanki yetimdi
Axar bulaqları sanki göz yaşı.
Qərib ocaqların qərib şöləsi.
Hardasan, hardasan, ay ev yiyəsi?
Qayıt ocağına, yaşat kəndini,
Oğul-uşağını perikdirmə, gəl.
Qopart boğazından yad kəməndini,
Vətən çörəyini sən itirmə, gəl.
Qayıt, pusqudadır düşmən fitnəsi.
Hardasan, hardasan, ay ev yiyəsi?
Bağlı darvazanı yenə döyürəm,
Divardan boylanıb haray salıram.
-''Bəlkə, bir qurtum su içəm''-deyirəm
Xəyalən mən sənə qonaq oluram.
Canlanır bu evin həyat həvəsi.
Hardasan, hardasan, ay ev yiyəsi?
BAYRAQ, XƏZƏR, BAKI
Dəniz sahilində dayanmışam tək,
Çoxdandır Xəzəri görməmişdim ki.
Dalğalar çırpınır qağayılar tək,
Gilavar saçımla oynayır sanki.
Ürəyim sakitdir, susub, elə bil,
Xəzər öz dilində nəsə danışır.
Mən qulaq asdıqca onun səsinə
Fikrim, hissim, duyğum ona qarışır.
Bakı da boylanır dənizə sarı,
Xəzər bir fotoqraf, çəkir şəklini.
Sanki yaddaşına köçürmək üçün
Hərdən dalğa-dalğa bükür şəklini.
Sahildən görünür nəhəng Bayraq da,
Bir kərə yüksəlib, bir daha enməz.
Günəş üç rəngini veribdir ona,
O, məğrur qartaldır, yerdə sürünməz.
Bir Bayraq, bir Xəzər, bir də ki Bakı.
Elə bil, dünyanı veriblər mənə.
Burdan qürur ilə durub baxıram
Azərbaycan adlı Böyük Vətənə.
Paylaş: