Xəbər lenti

 

Çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan şair Adilə Nəzərin yenicə qələmə aldığı iki şeirini Ovqat.com oxucularına təqdim edirik:

QORXURAM

Olub keçənlərə gülə bilərəm,

Yalandan...

gözümü qurutmayacam.

Nə var yaddaşımdan silə bilərəm,

Bilsəm ki, özümü unutmayacam.

Qorxuram, keçmişi silməyə axı..

Hələ qurutduğum gül budaqları,

O sənli təqvimin cüt yarpaqları..

Ayağın dəydiyi boz torpaqları

Xəyalımda yüz yol keçirəm hər gün..

Qorxuram aşkarda gəlməyə axı..

Baxıb qıvrım-qıvrım axan çaylara,

Yadıma salıram hey saçlarını.

Mənə gülümsəyən şəkillərindən

Görürəm açılan qulaclarını.

Qorxuram doğrunu bilməyə axı...

Sanıram arxamca baxanlar gülür,

Çıxanda şəhərə, obaya, elə.

Bir sevinc dalınca yüz kədər gəlir,

Qorxuram, ürəkdən gülməyə belə.

Qorxuram, ürəkdən gülməyə axı...

İçimdə əlimlə söküb atdığım

Döyünən bir qəlbin səksəkəsi var...

Vida etməyə də üzüm gəlməyir

Həyata, əlimdə qan ləkəsi var..

Qorxuram, qorxuram ölməyə axı...

12.01.2017

 

HƏR KƏSİN ÖZ NƏSİBİ

 

Həyat hörümçək toru - biz o tora dolandıq,

Qəlbimiz pak, nur, işıq - taleyimiz qaranlıq.

 

Dost idik - şad baxardıq gecə ulduza, aya,

Sevgi adlı xəstəlik saldı bizi bəlaya.

 

Ağladınsa ağladım, güldünsə güldü gözüm,

Dilək ağaclarında asılı qaldı arzum...

 

İstədim sirdaş olaq, yol gedək -yoldaş olaq,

Bilməzdim verdiyin dərd dərdlərimdə baş olar...

 

Yığsaq dəniz olardı gözümüzün yaşından,

Sonda çıxa bilmədik bu tale savaşından...

 

Ağır gəldi Allaha, bəndəni bunca sevmək,

Sevgim tovbəyə döndü eylədiyim günah tək.

 

Bu eşqi dəyişməzdim, nə şana, nə şöhrətə,

Mən boyun əydim ancaq, tale yazan qismətə.

 

İnan mənə sevdiyim, sevgim özümdən böyük,

Ancaq sındım- sındırdı yüklədiyin ağır yük...

 

Bu sevgidə var imiş hər kəsin öz nəsibi,

Sən varlılar varlısı, mən kasıblar kasıbı...

12.01.2015.




Ana səhifəyə qayıt        Baxış: 1 558          Tarix: 13-01-2018, 12:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma