Hər gün keçdiyi yollarda ölüm təhlükəsilə üz-üzə dayanan sadə Azərbaycan vətəndaşlarına müjdə: Bundan sonra iri məmurların və oliqarx övladlarının maşınları altında qalıb əzilməyəcəksiniz. Hökumətimizin unikal islahatlarıyla artıq bu faciəvi sona son qoyulub.
Yox, yox, bu heç də “qudurğan” məmur balalarına ağır qulaqburması vermək bahasına başa gəlməyəcək. Ağıllı və humanist hökumətlər “qudurğanlığa” qarşı mübarizəni kötəklə yox, təşviqlə həyata keçirirlər. Bizim başbilənlərimiz də məhz bu sivil yolu seçiblər. Aparılan ciddi islahatlar nəticəsində gələn ildən məmur övladları sadə vətəndaşların keçdiyi yollarda deyil, göylərdə təyyarələrlə “avtoşluq” edəcəklər.
Ovqat.com xəbər verir ki, ADR Hərəkatının sədri Qubad İbadoğlunun facebook statusundan belə çıxır.
Statusu oxucularımıza təqdim edirik:
“Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dair qərarı ilə gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən
1) Vertolyotlar, təyyarələr, kosmik aparatlar (peyklər daxil olmaqla) və paraşütlər gömrük rüsumundan tam azad edilib.
2) Avtomobillərin idxalına tətbiq edilən gömrük rüsumlaının dərəcələri onların istismar müddətindən və mühərrikinin gücündən asılı olaraq artırılıb.
Birinci dəyişiklik yalnız hərbi və elmi təyinatlı mallara şamil olunsaydı başa düşülərdi, amma belə getsə, gələn ildən oliqarxlar və onların övladları bahalı avtomobillərdən imtina edib, ölkəyə şəxsi vertolyotlar, təyyarələr gətirməyə başlaya bilərlər. Qorxuram ki, bundan sonra pilot qıtlığı da yaransın.
Doğrusu, Nazirlər Kabinetinin qərarını iqtisadı baxımdan başqa cür izah etmək olmur. Çünki, kiçik əraziyə malik olan ölkədə mülki vertolyotların, təyyarələrin idxalının stimullaşdıırlmasının nəyə xidmət etdiyi başa düşülən deyil.
Bu hakimiyyətin bir çox qərarı belədir. Mühərrik gücü az olan avtomobillərin gömrük rüsumunu və aksiz dərəclərini aşağı salıb, ölkədə "ölüm maşınları" olan köhnə avtomobil parkını yeniləşdirmək, ekologiyaya zərəri azaltmaq əvəzinə əksini edirlər”.
Paylaş: