Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə maliyyə hesabatlarının ictimailəşdirilməsi, gəlirlər və xərclər smetalarının tərtib olunması və aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, fəaliyyətin zərərlə nəticələnməsinin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi, bəzi aktivlərin istifadə vəziyyəti ilə əlaqədar uçot və hesabatlılıq işlərinin aparılması, dövlət əmlakının istifadəyə verilməsi üzrə icarə haqlarının müəyyənləşdirilməsi, daxili audit sisteminin funksionallığının təmin olunması sahəsində bir sıra nöqsanlar aşkarlanıb. Eləcə də kommersiya fəaliyyətindən daxilolmalar, əsaslı vəsait qoyuluşu xərcləri hesabına dövlət büdcəsindən ayrılan vəsaitlər və cəlb olunan kredit vəsaitlərinin əsasən eyni hesablaşma hesabına mədaxil edilərək xərclənməsi müşahidə olunub ki, bu da vəsaitlərin təyinatı üzrə istifadəsində müəyyən risklərin yaranmasına səbəb olub.
Auditlə, həmçinin avans qaydasında ödənişlərin həyata keçirilməsi səbəbindən əvvəlki illərdən qalan uzunmüddətli debütor borcların mövcud olması və əsasən hava gəmilərinin alınması ilə əlaqədar maliyyə-kredit təşkilatları qarşısındakı kreditor borcların artmasının likvidlik qabiliyyətinə mənfi təsir göstərməsi müəyyənləşdirilib.
Hesablama Palatasının kollegiyası tərəfindən nöqsan və çatışmazlıqların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə alınmaqla digər kənarlaşmaların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə məlumat verilməsi məqsədilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə kollegiya qərarının surəti və təqdimat, səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına məktublar göndərilib, eləcə də qanunvericiliklə müəyyənləşdirilmiş qaydada Milli Məclisə məlumat təqdim edilib.
Məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.
Paylaş: