Xəbər lenti

 Kamran  Məhərrəmli  

Nuh.az

Dünən deputat Vahid Əhmədov Qubadakı  kütləvi  məzarlığının uçulub dağılmasının qarşısınının alınması üçün Prezident İlham Əliyev cənablarına müraciət etdi. Yadıma düşdü ki, 7-8 il əvvəl deputat Qənirə Paşayeva da belə bir müraciət etmişdi: “Qoymayın, Quba məzarlığında aşkar olunan insan sümükləri çürüyür. Bu prosesin qarşısını almaq üçün kimyəvi maddələrə ehtiyac var. Sümüklər çürüsə, orada muzey yaratmağın mənası qalmayacaq”.

 

Bu gün isə Vahid  Əhmədov müraciət edir. Deməli, heç nə dəyişməyib...Həm də çürüyən təkcə Quba məzarlığındakı sümüklər deyil e, cəmiyyət çürüyür..

Ona görə də 7-8 il əvvəl yazdığım məqaləni yenidən paylaşmalı oldum.  

 

Çürüyən təkcə sümüklər deyil, ay Qənirə xanım..

 

Tez-tez müxtəlif  tədbirlərdə M.Ə. Rəsulzadənin qəbrinin İstanbuldan Bakıya köçürülməsi ilə bağlı səslənən fikirlərin şahidi oluruq. Hətta bu məsələdə az qala cəmiyyətimizdə iki siyasi cəbhə yaranıb. 

Vaxtilə sovet dövründə də bir çox ziyalılarımız  böyük Füzulinin qürbətdəki məzarını Azərbaycana köçürməklə bağlı bir neçə il ciddi müzakirələr apardılar. Sonra yaxşı ki, hər şey yaddan çıxdı.

Yalnız  ötən əsrin 80-cı illərində çox çətinliklə Hüseyn Cavidin məzarını uzaq Sibirdən Naxçıvana gətirmək mümkün oldu. Amma nə dəyişdi? Mirzə Cəlil demişkən, “Həmən göl, həmən qurbağa”.

İndi Rəsulzadənin, Füzulinin, daha kimlərin qəbrini Bakıya köçürməklə nə dəyişəcək?

Əgər biz Füzulinin ruhunu, Cavidin ideallarını, Rəsulzadənin ideyalarını Azərbaycana gətirə bilmiriksə, onların sümüklərini torbaya yığıb Bakıya daşımağın nə mənası var?  Mən, ümumiyyətlə, bizdəki “dəfn olunmağa vətən yaxşı” fəlsəfəsini anlaya bimirəm. Sözün düzü, bizimkilərin diri-canlı insana deyil, “bir torba sümüyə olan yalançı qayğısı, məhəbbəti, ehtiramı” adamda az qala ikrah hissi doğurur.

                                               * * * 

 

Yazının bu yerində gözümün qabağına Qubada aşkar olunmuş kütləvi məzarlıq gəlir. Bir neçə il əvvəl telekanallardan birində yenicə aşkar olunmuş kütləvi məzarlıqda aparılan qazıntı işlərini görəndə dəhşətə gəlmişdim.       

Dəhşətin səbəbi 1918-ci ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş günahsız körpələrin, qadınların, qocaların sümüklərindən ibarət tükürpədici mənzərə deyildi.

Bizlər onsuz da gözümüzü açandan bu sayaq “kütləvi məzarlıqlar”ı, “qara bayram”ları, “ağlaşma”ları, “insan sümükləri”ni görə-görə böyüyürük. Və Allah bilir torpağımızda hələ nə qədər belə üstü açılmamış kütləvi məzarlıq var.

Məni dəhşətə gətirən başqa şey idi?

...Onlar 7-8 nəfər idi. Lopatka, bel, külünglə kütləvi məzarlığı qazır, yenicə tapılmış kəllə, qol-qıç sümüklərini necə gəldi ”tədqiq” edirdilər. Bu əslində tədqiqatdan çox təhqir idi. Ətrafda isə xeyli insan yığışıb bu vandalizmə tamaşa edirdi.

ANS-in  “patriot” operatoru isə əlinə düşmüş bu fürsətdən istifadə edərək “erməniləri ifşa etmək”, “bizim həqiqətlərimizi beynəlxalq ictimaiyyətə çatdırmaq” üçün yuxarıdakı mənzərəni dünyaya göstərirdi.

Fikirləşdim ki, əgər dünya ictimaiyyəti bu “lopatkanı, beli, külüngü” və ən əsası bizim öz əcdadlarımıza olan münasibətimizi görsə, vay halımıza. Bizi nəinki Avropaya, heç Afrikaya da buraxmayacaqlar. Əbədi olaraq Asiya ilə Avropanı birləşdirən və həmişə öyündüyümüz körpüdə qalacağıq. Körpü isə yaşamaq üçün deyil, keçid üçündür.

Düzdür, məni dəhşətə gətirən olaydan bir neçə gün sonra Elmlər  Akademiyasının göndərdiyi elmi işçilər Quba məzarlığında müəyyən tədqiqat işləri apardılar. Yaxşı ki, bu dəfə alimlərimizin əlində iri lopatka, bel, külüng yox idi. Amma bir neçə gün sonra qəzetlərin birində oxudum ki, Tarix İnstitutunun direktoru, Milli Məclisin üzvü Yaqub Mahmudov rəhbərlik etdiyi qurumun MALİYYƏ VƏZİYYƏTİ  YAXŞI  OLMADIĞI  (!!!)  üçün alimlərin Qubaya ÖZ HESABLARINA (!!!)  getdiyini bildirib. Əslində bu xəbər “lopatkadan, külüngdən” də betər idi.

 

                                                 * * *                              

 

Biz çox vaxt erməniləri ifşa etmək istədiyimiz məqamda özümüzü biabır edirik. Ona görə də çalışmalıyıq ki, dünya bizim bu sayaq həqiqətlərimizdən xəbər tutmasın. Neçə illərdir deyinirik ki, dünyanın gözü kor, qulağı kardır, bizim həqiqətlərimizi, başımıza gələn müsibətləri görmür, eşitmir. Hətta hərdən bu balaca boyumuzla bu boyda dünyanı şantaj da eləmək istəyirik. Vallah, bu dünyanın nə gözləri kordur, nə də qulaqları kar. Əksinə, dünyanın qulaqları “darı dəlir”, gözləri isə əla görür. Ancaq bizlər dünyaya ya heç nə göstərə bilmirik, ya da hərdən əlimizə fürsət düşəndə “lopatka, külüng” göstəririk. Ona görə də “kütləvi məzarlıq” kimi məsələlərdə bir az ehtiyatlı olmalıyıq. Nəzərə almalıyıq ki, ölkəmizdə hələ nə qədər kütləvi məzarlığın olduğu məlum deyil. Hər dəfə bu məzarlığın birinin üstü açılanda bu qədər paxırımız açılsa, ta nə deyim...

  

Ümumiyyətlə, yüz illərdir ermənilər özlərini də zibilə salıblar, bizi də. Və tarixi təcrübə göstərir ki, uzun müddət qarşıdurma və düşmənçilik vəziyyətində olan tərəflərdən biri o birinin xislətinə, metodlarına və “silah”ına yiyələnir. Buna görə də biz özümüz də bilmədən tədricən erməni xislətinə yoluxuruq, daha doğrusu, özümüzü ermənilərə oxşatmaq, onların “silah”ından istifadə etmək istəyirik. Bu son illər açıq-aşkar özünü göstərir. Ancaq unutmaq lazım deyil ki, hamı eyni “silah”dan eyni səviyyədə, eyni məharətlə, eyni bacarıqla istifadə edə bilməz.

Birincisi və ən əsası ona görə ki, bu “silah”erməni xarakteri və xisləti üzərində qurulub. İkincisi, erməni tərəfi yüz illərdir bu “silah”dan istifadə edir və bu “silah”ın bütün sirlərinə, incəliklərinə əla yiyələnib. Biz isə bu “silah”ın dilini indi-indi öyrənmək istəyirik. Biz istəsək də ermənilər kimi ola, onlar kimi “ürəkdən ağlaşma” qura bilməyəcəyik. Belə olan təqdirdə biz ermənilərin öz “silah”ı ilə onlara necə qalib gələ bilərik? Ona görə gec də olsa, biz ermənilərin və dünyanın qarşısına “erməni silah”ı ilə yox, öz silahımızla çıxmalı, enerjimizi və pulumuzu “erməniləri ifşa etməyə”, “ermənilər kimi goreşənliyi peşəyə çevirməyə” deyil, daha çox özümüzü Böyük Dünyaya bir sivil, mədəni millət kimi təqdim etməyə yönəltməliyik. Ancaq konkret olaraq bizim “silah”ımız nə olmalıdır,  bu başqa bir yazının mövzusudur. Amma bir şeyi dəqiq bilirəm ki, bu “silah” Qubada gördüyüm “lopatka, bel, külüng” deyil.

Nə də kimlərinsə məzarının Bakıya köçürülməsidir.

Bu “silah” heç kütəvi məzarlıqların üstünün açılması, yağışın-qarın altında təhqiramiz şəkildə nümayiş etdirilməsi də deyil. Unutmamalıyıq ki, bu şəxslər bizim atalarımız, analarımız, bacı-qardaşlarımızdır. Düzdür, Quba məzarlığında tapılan sümüklərin konkret sahibi-nəinki imkanlı oğlu-qızı, qardaş-bacısı, heç imkansız sahibi də yoxdur. Əgər olsaydı, öz doğmalarıyla bu cür rəftara yol verməzdi. Amma normal cəmiyyət öz dirisinə də, ölüsünə də sahib çıxmalıdır. Bunu bizim dinimiz də, adət-ənənəmiz də tələb edir. Bir anlığa hər birimiz öz atamızı, anamızı, doğmalarımızı, lap özümüzü Qubada yağışın-qarın altında, zığın-palçığın içində qalan, gəlib-gedənə nümayiş etdirilən sümüklərin sahibinin yerində hiss edək.

Yuxarıda qeyd etdim ki, uzun illərin uyğunlaşmasından sonra bizlər də həqiqətlərimizi dünyaya çatdırmaq üçün “erməni silahı”dan istifadə etmək məcburiyyətində qalmışıq. Baxmayraq ki, bu yolverilməzdir, ancaq bunu hardasa başa düşmək olar. Amma belə biabırcasına, vandalcasına yox.

Milli Məclisin  üzvü Qənirə Paşayeva çıxışlarında tez-tez Quba məzarlığı probleminə toxunur.

Bir neçə  gün  əvvəl  parlamentdəki gurultulu çıxışlarının birində xanım millət vəkili “Qoymayın, Quba məzarlığında aşkar olunan insan sümükləri çürüyür. Bu prosesin qarşısını almaq üçün kimyəvi maddələrə ehtiyac var. Sümüklər çürüsə, orada muzey yaratmağın mənası qalmayacaq. Sümüklər soyqırımı sübut etmək üçün çox vacibdir. Quba məzarlığı önəmli tariximizdir və bu tarixin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlərimizi sürətləndirməli, dünyaya göstərməliyik ki, ermənilər.....”.

 Vay, vay, vay... Yenə “dünya ictimaiyyəti”, yenə “erməniləri ifşa etmək”, yenə “dünyaya göstərmək”. Vallah, bu dünya ictimaiyyəti-filan boş söhbətlərdir. Bir də muzey açmaqla, sür-sümük nümayiş etdirməklə soyqırımı sübut etmək nə dərəcədə ağlabatandır? Heç cür inanmaq olmur ki, böyük bir ictimai-siyasi xadim, parlament üzvü, ali tibb, ali beynəlxalq hüquq, ali jurnalistika təhsili almış, bir neçə universitet bitirmiş, populyar mahnıların müəllifi, Avropanı və Asiyanı qarış-qarış gəzən bir şəxs belə düşünür?

Mən hörmətli Qənirə xanımın həyəcanını bir insan kimi başa düşürəm və muzeyin, sür-sümüyün az da olsa rolunu qiymətləndirməyəcək dərəcədə sadəlövh də deyiləm, ancaq muzeydən, eksponatdan-zaddan qabaq daha vacib, həlledici məsələlər var.

Həm də 2 ildir üstü açılmış kütləvi məzarlığın üstündə bir “naves” tikməyə, məzarlığa qədər olan 300 metr zığlı-palçıqlı yola asfalt demirəm, heç olmasa daş döşəməyə imkanımız (əslində qeyrətimiz) çatmırsa, biz dünyaya nəyi sübut edə bilərik?

Bir də bunu sübut eləməyin normal yolları var.

Bunun üçün dünyanın bir neçə tanınmış informasiya agentliyini dəvət edib, soyqırım faktlarını, insan sümüklərini “dünya ictimaiyyəti”nə nümayiş etdirib, mərhumların sümüklərini dəfn etmək də olar. Onsuz da bu mərhumlar erməni daşnakları tərəfindən görünməmiş vəhşiliklə qətlə yetiriliblər. Bizim onları yağışın-qarın altında, zığın-palçığın içində təzədən “qətlə” yetirməyimizi nə Allah, nə də mərhumların ruhu bizə bağışlayar.

O ki qaldı Qənirə xanımın dediyi “sümüklərin çürüməsinin qarşısını almaq üçün kimyəvi maddə” məsələsinə, məncə, narahat olmağa dəyməz. Əvvəla, o insan sümüklərindən ölkəmizdə o qədər çoxdur ki, 100 il nümayiş etdirsək də qurtaran deyil. Sonrası da, əsas odur ki, qeyrətimiz çürüməsin. Qeyrət çürüyəndə Qənirə xanımın dediyi “kimyəvi maddənin”-zadın xeyiri olmur.

Bir də,  çürüyən təkcə sümüklər deyil axı, ay Qənirə xanım...      

 




Ana səhifəyə qayıt        Baxış: 681          Tarix: 10-02-2018, 18:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma