Xəbər lenti
 
12 fevral 2018-ci il tarixdə bizim dostumuz, görkəmli filosof professor Əbülhəsən Fərhad oğlu Abbasovun 65 yaşı tamam olur. Yubiley münasibətilə əziz dostumuzu təbrik edir, cansağlığı və çox səmərəli elmi fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.
Əbülhəsən müəllimin elmi fəaliyyəti çox şaxəli geniş və dərindir. Onun yazdığı əsərlərin ilk oxucularından olaraq qısa öz fikirlərimizlə bölüşmək istəyirik.
43 illik elmi-pedaqoji və təşkilati fəaliyyəti ərzində 21 fəlsəfə doktoru və 3 elmlər doktoru hazırlayıb; 17 monoqrafiyanın, 4 dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir; 35 tematik kitabın həmmüəllifi və baş redaktoru, 40-dan artıq elmi toplu və monoqrafiyanın elmi redaktoru olub. Bu adi görünən statistikanın arxasında alim-filosofun böyük zəhməti, məhsuldar yaradıcılığı, yeni ideyalara yol açan fədakarlığı dayanır. Onun elmə verdiyi töhfə qətiyyən kəmiyyət parametrləri ilə ölçülə bilməz, burada ən vacibi filosofun elmə, ictimai fikrə, təfəkkür tərzinə gətirdiyi novatorluq, yeni keyfiyyətdir, ictimai ədalət və tərəqqi naminə təmənnasız gördüyü əhəmiyyətli işlərdir.
Əbülhəsən Abbasov keçmiş SSRİ məkanında sistem yanaşmanın, bütövlük problematikasının, mürəkkəb sistemlər nəzəriyyəsinin və sinergetikanın fəlsəfi əsaslarını işləmiş ilk tədqiqatçılardandır. Bu mənada onun hələ keçən əsrin 80-ci və 90-cı illərində nəşr edilmiş məqalə və monoqrafiyaları xüsusi əhəmiyyət kəsb edir. “Mürəkkəblik. Zaman. Sinergetika: mürəkkəblik və mürəkkəb sistemlərin inkişaf problemlərinin ümumnəzəri təhlili” adlı 1991-ci ildə rus dilində çıxmış monoqrafiyası sinergetika üzrə keçmiş SSRİ məkanında ilk böyükhəcmli fəlsəifi əsər olub. Bu kitabda formulə edilmiş və diqqət mərkəzinə alınmış bir çox anlayış və problemlər, ideya və prinsiplər bu gün də aktual olaraq maraq doğurmaqdadır. Məsələn: tarazlıq vəziyyətinin qeyri-vahidliyi, keçid dövrünün mərhələliyi, səbəb-nəticə ələqələrinin kvantlanması (paylanması), ictimai transformasiyada aktorların fəaliyyət kogerentliyi, imkan və ehtimalların divergensiyası şəraitində özünü reallaşdırma, fluktuasiyaların (təlatümlərin) sönməsi, möhkəmlənməsi və yayılması, zaman daxilində mürəkkəbləşmə və formayaradıcılıq, polibifurkasiya vəziyyətlərində özünütəşkilatlandırma, zaman-məkanda lokallaşma, sosial entropiyadan mühafizə problemləri; mərhələli optimallaşdırma, zəruri məhdudiyyət (qadağa), müxtəliflik vasitəsilə birliyə (vahidliyə) nailolma, özünütəşkil prosesində fokuslaşma (hədəflənmə) və geridönməzlik prinsipləri və s.
Alimin müstəqillik illərində işıq üzü görmüş əsərləri də həm ölkə ictimaiyyətinin, həm də xarici mütəxəssislərin ciddi marağına səbəb olmuş və dəyərləndirilmişdir. Nümunə olaraq, bu kitablarını göstərə bilərik: “Yeniləşən cəmiyyət. Müasir elmi paradiqma və idarəetmə: ümumnəzəri sinergetik təhlil” (1998), “Sosial-siyasi optimum fəlsəfəsi: mürəkkəblik, özünütəşkil, sinergizm” (2000), “Keçid dövrü və yeni iqtisadi təfəkkür” (2001), “Vətəndaş cəmiyyətinə doğru: nəzəriyyə və reallıqlar” (2001), “İctimai inkişaf: qnoseologiya və metodologiya problemləri” (2003), “ Demokratiya: reallıq və zərurət” (2005), “İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə” (2006), “Mürəkkəblik fəlsəfəsi” (2007), “Cəmiyyət və dövlət” (2007), “Milli maraqlar və milli ideologiya” (2013), “İnsan haqları və ictimai rəy” (2014), “ “Geosiyasi və sosial fəlsəfə: ədalətli nizam və tərəqqi naminə (2017).
Əbülhəsən Abbasovun çoxşaxəli elmi yaradıcılığı özündə bu istiqamətləri ehtiva edir: sistem yanaşma, sistemlilik və bütövlük problemi, mürəkkəb sistemlər nəzəriyyəsi, mürəkkəblik fəlsəfəsi, sinergetika, optimum fəlsəfəsi, idarəetmənin sinergetik fəlsəfəsi, tənqidi-sinergetik təfəkkür konsepsiyası, açıq cəmiyyət konsepsiyası, tolerantlıq paradiqması, postneoklassik epistemologiya, ictimai inkişaf, ictimai və qlobal transformasiyalar, vətəndaş cəmiyyəti və dövlət quruculuqu məsələləri, milli maraqlar və milli ideologiya, azərbaycançılıq ideyası, insan haqları və ictimai rəy, din və mədəniyyət, intellektual resursların idarə olunması və insan kapitalı, modernləşmə və islahat problemləri, yeniləşən cəmiyyətdə iqtisadi, siyasi və sosial institutların transformasiyası, ictimai meqatrend problemi, geosiyasi fəlsəfə və dünya nizamı problemləri, habelə, bəşəriyyətin inkişaf nəzəriyyəsi üzrə tədqiqatlar. O, yalnız sinergetikanın, sistemlik-bütövlük problematikasının fəlsəfi zəminlərinin içlənilməsində ilk müəlliflərdən deyil, habelə, “tənqidi-sinergetik təfəkkür konsepsiyası”, “optimum fəlsəfəsi”, “mürəkkəblik fəlsəfəsi”, “postneoklassik epistemologiya”, “geosiyasi fəlsəfə”, “ictimai meqatrend” kimi məfhumlarda ifadədə olunan elmi sahə və cərəyanlar da bilavasitə onun adı ilə bağlıdır. Həmin istiqamətlər günbəgün aktuallaşmaqda və beynəlxalq elmi ictimaiyyətin marağını qazanmaqdadır. Bədii-fəlsəfi, ədəbi-tənqidi və publisistik yazıları da həm ölkə daxilində, həm də xaricdə oxucular tərəfindən maraqla qarşılanır.
Filosofun postneoklassik epistemoloji sistem əsasında yazdığı və demokratiya, hüquqi dövlət, vətəndaş cəmiyyəti, milli ideologiya, milli maraqlar, idarəetmə, innovasion inkişaf, modernləşmə və islahat, insan haqları, ictimai və qlobal meqtrendlər məsələlərinə həsr olunmuş məqalə və kitabları son illərdə elmi-tədqiqat işlərinin aparılmasında, tədris prosesində geniş istifadə olunan əsərlər sırasına daxildir. Bu əsərlər elmi yenilik elementlərinin zənginliyinə, məntiq və üslub kamilliyinə, məzmun tutumuna, qavranıqlı dilinə görə bir elmi-nəzəri mənbə və dərs vəsaiti kimi mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir.
Əbülhəsən müəllim geniş və səmərəli elmi fəaliyyəti ilə yanaşı çox gözəl insani xüsusiyyətlərə də malikdir. O, hədsiz təvazökar, səmimi, xeyirxah, sədaqətli bir dostdur, gözəl ailə başçısıdır. Vətənini, dövlətini, millətini sevir və onlara qəlbən, səylə xidmət edir.
Əziz dostumuzu bir daha təbrik edir və uğurlar arzulayırıq.
Fizika-riyaziyyat elmləri doktoru, professor,
Rusiya Təbiətşünaslıq Akademiyasının
həqiqi üzvü Eldar Məsimov
Geologiya-minerologiya elmləri doktoru,
əməkdar elm xadimi, professor Məmməd Çıraqov



Ana səhifəyə qayıt        Baxış: 2 152          Tarix: 13-02-2018, 01:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma