Xəbər lenti
Dünən, 19:25

 

Kamran Məhərrəmli

NUH.az-ın  baş redaktoru

Kimlərsə  İbrahimov  qardaşlarına  (Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, "Avesta" şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim İbrahimov  və  ATV telekanalının keçmiş  rəhbəri  Sahib İbrahimov ) sataşmaq üçün  sosial şəbəkədə,  saytlarda  tez-tez  yazır ki,  görkəmli yazıçı, böyük satirik Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindəki  mənfi qəhrəman Xudayar bəy  ibrahimovların  doğma babasıdır.

Qardaşlardan biri hörmətli  Hacı İbrahim Nehrəmli  məsələ ilə bağlı  mətbuata  açıqlama verərək  cidd-cəhdlə  sübut etməyə çalışır, AND-AMAN  edir ki,  onun babası ilə bağlı  deyilənlər növbəti  ağ yalandır: “Mənim babamın adı Novruzəli idi, onun da atasının adı Kazım olub”.

Belə olan halda  ortaya suallar çıxır.

Görəsən, Mirzə Cəlilin yaratdığı  Xudayar bəy həqiqətdə kim(lər)in babası olub?

Niyə heç kim  Xudayar bəyə sahib çıxmaq istəmir?

Və niyə  hamı  ondan cüzamlı xəstədən qaçan kimi qaçır ?

Əslində  Xudayar bəy  konkret şəxs deyildi. Mirzə Cəlil  bu   ad  altında  nadanlığın, CƏHALƏT-in  ümumiləşdirilmiş  obrazını yaratmışdı. Ona görə də bu gün  Xudayar bəyin konkret qohumlarını, törəmələrini, nəvə-nəticələrini axtarmaq gülünc söhbətdir.

Söhbət CƏHALƏT-dən  düşmüşkən, bu mövzu ilə bağlı bir məqamı  qeyd etmək istəyirəm. Tanınmış alimlərimiz, yazarlarımız,  o cümlədən hörmətli  Əkrəm Əylisli   öz müsahibələrində dönə-dönə qeyd edir ki, Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin dövründə cəhalət indiki ilə müqayisədə çox-çox  güclü idi.

Məncə, bu fikri söyləyənlər  zahiri parıltıya, kompüter əsri-filan söhbətinə söykənərək  səhv  nətəicəyə gəliblər. Əslində  bu zahiri parıltının arxasında Axundov, Mirzə Cəlil dövründəkindən daha dəhşətli  və güclü cəhalət  at oynadır.

Ozamankı, yəni Xudayar bəyin təmsil etdiyi  cəhalət pərakəndə  və çox  zəif  idi, bugükü  cəhalətdən fərqli olaraq mediası, telekanalı, bankı, topu-topxanası və digər resursları yox idi. Bugünkü  cəhalətin nəyi yoxdur?

Əslində  ozamankı və bugünkü  cəhalət müqayisə olunmazdır. Hətta dahi Mirzə Cəlil  yatsaydı bugünkü cəhaləti yuxusunda da görə bilməzdi.

 

Ən dəhşətlisi isə bilirsiniz nədir ?

Ozamankı zəif cəhalətin qarşısında Axundov, Mirzə Cəlil kimi nəhənglər dayanırdı. Bugünkü qat-qat güclü və amansız  cəhalətin qarşısına çıxmağa isə  cəsarət edən yoxdur. Ən böyük problem budur.

Digər tərəfdən binəva  Xudayarın nəyi var idi?

Onun  günahı, suçu, cinayəti  nə idi ?

Xudayar bəyin ən böyük  günahı Məməmmədhəsən kişinin eşşəyinin dalına keçməyi idi.

Bu günkü xudayarlar nələrin dalına  keçməyiblər ?

 

Hansı daha dəhşətlidir: bir eşşəyin dalına keçmək, yoxsa..?

Yazıq Xudayarın  bir günahı da  dul arvad olan Zeynəbi  xoşluqla, Allahın izni, mollanın xeyir-duası  ilə  özünə

halal-hümbət arvad etmək  istəyi idi.

Bəs bugünkü  xudayarlar zeynəblərin başına hansı zülmləri  açmır?

Təkcə bir  misalla kifayətlənəcəm.

Son günlər bütün ölkə   şahiddir ki, Gəncə boyda şəhərin rəhbərlərindən biri olan 58 yaşlı  Məharət  Mustafayev  səlahiyyətlərindən sui istifadə edərək 27 yaşlı xanım işçisi, 2 uşaq anası Gülnar Günəşlini  özünə məşuq etmək üçün onu ölüm həddinə çatdırır.

İndi özünüz deyin: Xudayar dəhşətli idi, yoxsa Gəncənin meri ?

Yazıq   Xudayarın bir günahı da bugünkü   dillə desək,  “legitim kəndxuda” olmaması idi.

Ozamankı cəhalətlə bügünkünü müqayisə etmək üçün gəlin  Mirzə Cəliin özünə istinad edək. Mirzə Cəlil yazırdı ki, Xudayar bəy özgә kəndxudalar  kimi   katda olmayıbdı: “ Axır, adәt bu сürdü ki, kəndxudanı  CAMAAT  SEÇƏR. Amma Xudayar bәyi camaat seçməmişdi”.

Yəni  Xudayarın günahı o idi ki, balaca bir kəndin camaatı  onu  demokratik yolla  kəndxuda seçməmişdi.

Bəs  XXI  əsrdə  vəziyyət necədir ?

Cəhalət  parlamentə qədər gedib çıxıb.

Bugünkü  cəhalətin  parlament  təmsilçisi olan, xalqın “sevib-seçdiyi”   professor-ziyalı-deputat  Astan Şahverdiyev   millətə  “otxod” deyir ?

Hansı daha qorxulu və iyrəncdir: legitim  olmayan Xudayar, yoxsa  demokratik yolla seçilmiş alim deputat Astan Şahverdiyev?

Mən müəyyən nüansları nəzərə alaraq  çox dərinliklərə getmək istəmirəm. Məgər Xudayar bəy  Eldar  Mahmudovdan, general Çovdarovdan dəhşətli idi?

Hətta  bu gün dünyada Tramp, Berluskoni, ərəb şeyxləri kimi  elə transmilli xudayarlar var ki, bizimkilər  onların yanında toya getməlidir. 

Ona görə də gəlin Xudayardan xortdan düzəltməyək, ondan imtina etməyək.  Və nəzərə alaq ki,  əslində Xudayar hamımızın babasıdır. Onun adı Kazım da, Novruzəli də, Ziya da, Kamal da, Eldar da ola bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 612          Tarix: 14-02-2018, 00:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma