Son zamanlar Azərbaycan mediasında “Ekspo-2025” barədə çox danışılır. Keçirilməsinə hələ 7 il qalan bu beynəlxalq tədbirin növbəti prezident seçkiləri dövrünə düşməsi də, görünür, hakimiyyətin ona marağını artırıb. “Ekspo”-dan siyasi divident qazanıb seçki prosesində faydalanmağın mümkünlüyü, yəqin ki, başbilənlərimizin iştahını artıran başlıca səbəblərdəndir. Bəlkə də bu səbəbdən ki, gah ölkənin aparıcı ali təhsil ocağlarından sayılan ADA-da “Ekspo”-nun əhəmiyyətindən bəhs edən tədbirlər keçirilir, gah müxtəlif nazirlər başqa-başqa ölkələrə göndərilir və onlardan Azərbaycanın xeyrinə səs vermələri rica edilir.
Nədən ki, Azərbaycan da 7 ildən sonra keçiriləcək “Ekspo”ya ev sahibliyi etmək istəyənlərdəndir. Bakını bu sahədə Rusiyanın Yekaterinburq və Yaponiyanın Osaka şəhəriylə ciddi rəqabət gözləyir. Əvvəl isə Fransanın da adı rəqiblər sırasında keçirdi. Bu ilin yanvar ayında Fransa bu tədbirə ev sahibliyi iddiasından əl çəkdi. Səbəbini isə necə izah etsə yaxşıdır? – “Ekspo”nun keçirilməsi ilə bağlı maliyyə öhdəliklərini üzərinə götürə bilməməsilə. “Fransa 2024-cü il Olimpiadasını keçirəcəyindən daha bir beynəlxalq tədbirə pul ayırmaq respublika büdcəsi üçün artıq yükdür”- ölkənin baş naziri Eduar Filipp "Le Monde" qəzetinə müsahibəsində belə deyib.
Məsələ aydındır; bundan əvvəl də bir neçə beynəlxalq tədbir başqa dövlətlərin imtinası üzündən ortalıqda qalmış və nəhayət, Azərbaycanın çiyninə yüklənmişdi. Görünür, “Ekspo” da ac xalqımızın çiyninə yüklənmiş növbəti tədbirlərdən olacaq. Həm də ona hətta Fransanın belə gözünü qorxudacaq dərəcədə maliyyə xərclənəcək.
Sual oluna bilər: “Ekspo”-ya ev sahibliyi edən dövlətlər bu tədbirdən nə qazanır, nə itirirlər? Dolayısıyla, Azərbaycanın 7 ildən sonra qazanacağı nə, itirəcəyi nə olacaq?
Zənnimcə, bu suala cavab vermək üçün əvvəl “Ekspo”-nun nə olduğuna, hansı məqsədlə keçirildiyinə nəzər salmaq kifayətdir.
“Ekspo” sözü ingiliscə "exposition", yəni “nümayiş” sözünün qısadılmış formasıdır və beynəlxalq sərgi kimi keçirilir.
İlk dəfə bu sərgi 1851-ci ildə İngiltərədə təşkil olunub. Londonda keçirilən həmin ilk sərgidən sonra hər 5 ildən bir təkrarlanan “Ekspo”lar xüsusilə sənaye inqilabının ardınca imperializmin özünü reklam tədbirinə çevrilib. Məhz bu üzdən də I və II Dünya müharibələrindən sonra uzun müddət beynəlxalq ictimaiyyətin təpkilərinə yol açıb.
Müasir çağımızda “Ekspo” azad rəqabət şəraitində böyük şirkətlərin öz məhsullarını tanıtma məkanı kimi mühüm əhəmiyyət daşıyır. “Ekspo”lar həm də keçirildikləri dövlətlərin özünü tanıtmasında misilsiz rol oynayır. Dünyanın bir çox yerlərindən bu tədbirlərə gələn iş adamları ev sahibi ölkələrin işgüzarlıq potensialıyla tanış olur, müxtəlif iqtisadi əlaqələr qurulur və bəzi sektorlara investisiyalar cəlb edilir. Məsələyə bu aspektdən nəzər salanda sözügedən beynəlxalq sərgilərin inkişaf etməkdə olan iqtisadiyyatlar üçün böyük faydası var. Məhz bu səbəbdən də inkişaf etməkdə olan dövlətlər “Ekspo”-lara ev sahibliyi üçün daha çox can atırlar. Bu mənada Fransanın laqeydliyini, Azərbaycan və Rusiyanın isə ciddi cəhdlə rəqabətə girməsi başadüşüləndir.
Bununla belə, “Ekspo”ların hər dövlətdə keçirilməsinə də xoş baxılmır. Həmin sərgilərin harda keçirilməsi mərkəzi Parisdə yerləşən Beynəlxalq Sərgilər Bürosu tərəfindən müəyyənləşdirilir ki, bu qurum da, adətən, sənayeləşmiş ölkələrə üstünlük verir. Keçirilən beynəlxalq sərgilərin siyahısı da bunu təsdiqləyir:
1851- London (İngiltərə)
1862- London (İngiltərə)
1867- Paris (Fransa)
1873- Vyana (Avstriya)
1876- Filadelfiya (ABŞ)
1878- Paris (Fransa)
1880- Melburn (Avstraliya)
1888- Barselona (İspaniya)
1889- Paris (Fransa)
1893- Çikaqo (ABŞ)
1897- Brüssel (Belçika)
1900- Paris (Fransa)
1904- Sent-luis (ABŞ)
1905- Liege (Belçika)
1906- Milan (İtaliya)
1910- Brüssel (Belçika)
1915- San-fransisko (ABŞ)
1935- Brüssel (Belçika)
1939- New York (ABŞ)
1949- Stokholm (İsveç)
1953- Qüds
1953- Roma (İtaliya)
1958-Brüksel (Belçika)
1962-Seattle (ABŞ)
1970-Osaka (Yaponiya)
1984-New Orlean (ABŞ)
1985-Tsukuba (Yaponiya)
1992-Seville (İspaniya)
1993-Taejon (Koreya)
1998-Lizbon (Portuqaliya)
2000-Hannover (Alim).
2005-Aichi (Yaponiya)
2010-Şanghay (ÇHC)
2015-Milano (İtaliya).
Növbəti “Ekspo” isə 2021-ci ildə Dubayda keçiriləcək.
Maraqlıdır ki, ilk “Ekspo”dan indiyə qədər keçirilən sərgilərin əksəriyyətinə qatılan Türkiyə belə, iki dəfə ev sahibliyi üçün müraciət etsə də, arzusuna çata bilməyib. İqtisadi və demokratik inkişaf baxımından qardaşından xeyli geri qalan Azərbaycanın “Ekspo”-nun ev sahibliyini qazanması bu mənada həqiqətən asan görünmür. Maliyyə naziri Samir Şərifovun Ekspo-2025-in məkanını müəyyənləşdirən seçimdə Azərbaycanı dəstəkləmək üçün Pakistana “xüsusi missiya” ilə göndərilməsi də bu baxımdan anlaşılandır.
Amma bu da var ki, Avropa Oyunlarında olduğu kimi, “Ekspo”da da Azərbaycanın bəxtinə yenə “donqli” sərgi düşə bilər. Belə ki, “Ekspo”-lar da müxtəlif olur. Ən populyar və inkişaf etməkdə olan ölkələrə çox görülən bu beynəlxalq sərgilər sadəcə “World (Dünya) Expo”-lardır. Bir də bunların "Tematik Expo" ve “Botanik Expo" olanları var.
2016-cı ildə “donqili” “Ekspo”-lardan biri Türkiyənin Antalya şəhərində keçirildi. “Botanik Ekspo-2016” adlanan bu sərgi, demək olar ki, çox sönük keçdi. Dünya dövlətlərindən gözləniləndən xeyli az iştirakçının qatıldığı sərginin Türkiyəyə xeyir gətirib-gətirmədiyi həmin ərəfədə xeyli müzakirə mövzusuna çevrildi. Sözsüz ki, sərgini sönük keçməsində Türkiyədə bir il əvvəl baş verən çevriliş cəhdindən sonra yaranmış vəziyyətin də xüsusi payı olmuşdur. Bununla belə, Antalya “Ekspo”-sunun sırf bitkilərin və kənd təsərrüfatı məhsullarının nümayişi ilə məhdudlaşdırılması da diqqət azlığının digər səbəblərindən idi.
İndidən böyük təntənə ilə 2025-ci ildəki nümayişinə hazırlaşdığımız “Ekspo”-nun “World” mu, "Tematik"mi, yoxsa “Botanik"mi olacağı, nə yazıq ki, iqtidar tərəfindən tam təfsilatı ilə açıqlanmır. Bu da istər-istəməz keçiriləcək sərginin Avropa Oyunları kimi “donqili” cinsindən olacağı və millətin boğazından kəsilən pulların havaya uçacağı ehtimalını ağla gətirir.
Növbəti sual ortaya çıxır: “Ekspo-2025”-ə nə qədər pul xərclənəcək?
2025-ci ilə hələ 7 il qaldığından və Azərbaycan hökuməti bu cür məsələləri gizli saxlamağa üstünlük verdiyindən, bəlkə də ölkə əhalisi yuxarıdakı suala heç vaxt cavab tapa bilməyəcək. Bilinən isə bir şey var: “Ekspo”-lar “hacıqaralığı” sevmir. Görünür, bu zamana qədər zəngin dövlətlərin həmin tədbirə ev sahibliyi etməsinin altında yatan hikmət də bundan qaynaqlanır.
Beynəlxalq Sərgi Bürosunun bu tədbir üçün şərtləri də xeyli ağırdır. Bilinən şərtlərə görə, sərgi üçün 1 milyon 500 min kvadratmetr sahə ayrılmalıdır. Hektara çevirəndə bu, 150 ha ərazi deməkdir. Özü də təkcə boş ərazidən də söhbət getmir. 150 hektor ərazidə ən müasir tikililər tikilməli və sərgiyə gələnlərin xidmətinə verilməlidir. Ənənəyə görə, “Ekspo”-ların yadigarı olan böyük adibələr elə inşa olunmalıdır ki, öz möhtəşəmlikləriylə ölkələrin tarixinə düşsün. Məsələn, Parisdəki Eyfel qülləsi, Londondakı “Kristal Palas” binası kimi. Qeyd edək ki, Eyfel qülləsi 1889-cu il, “Kristal Palas” isə 1851-ci il “Ekspo”-sunun yadigarıdır. Böyük ehtimalla, Azərbaycan da “dəstədən geri qalmamaq” üçün bu ənənəni pozmayacaq və bu ada layiq olduğunu göstərmək naminə dəridən-qabıqdan çıxacaq.
“Ekspo”-ların keçirilməsi üçün irəli sürülən digər şərt sərginin keçirilməsi müddəti ilə bağlıdır. Beynəlxalq Sərgilər Bürosunun şərtinə görə, “Ekspo” ən azı 3 ay keçirilməlidir. Bir çox hallarda bu beynəlxalq tədbirin 6 ay sürdüyü müşahidə olunur.
Azərbaycan üçün xarakterik olan bir başqa çətinlik də var. Adətən, bu cür beynəlxalq tədbirlərdən başqa dövlətlər ciddi pullar qazanırlar. Xaricdən qonaqların gəlməsi, birbaşa tele-translasiyalar, uşaqlardan tutmuş böyüklərə hər kəsin zövqünü oxşayan oyunlar, aylarla davam edən sərgilər ev sahibi ölkələrində turizm sektorunun inkişafına səbəb olur.
“Ekspo”lar üçün qurulan infrastrukturlar bəzi hallarda yüzillərlə tükənməyən çörək ağacına da çevrilə bilir. İstər Eyfel qülləsinin, istərsə də “Kristal Palas”-ın Fransa və İngiltərə turizminə bu gün də böyük kapitallar qazandırması bu sərgilərin tükənməz iqtisadi faydasının ən bariz nümunələrindəndir.
Biz isə belə tədbirləri keçirmək üçün nəinki iştirakçılardan pul qazanmır, əksinə, öz cibimizdən pul xərcləməyi qonaqpərvərliyinin vacib şərti hesab edirik. Hər halda Avropa və İslam Oyunlarında belə oldu. Yəqin ki, “Ekspo-2025” üçün də eyni fədakarlığa gedəcəyik. Əks halda kimdir bizə ev sahibliyini verən?
Amma bundan turizmin inkişafı üçün faydalalana biləcəyikmi? Nə yazıq ki, bu sualın cavabı aydın deyil. Çünki İslam və Avropa oyunlarından sonra Azərbaycan turizminin nə qazandığından iqtidar başbilənləri də bixəbərdilər.
Heydər Oğuz
“Hürriyyət”
Paylaş: