Xəbər lenti

 Barmaqları simlərin üstünə yatanda özünü unudur, dünya-aləm onun üçün sirli-sehrli səsə dönür. Səs də ki, göyqurşağı tək rəngbərəng. Hər rəngin də öz dili, öz ahəngi. Bu səslər, bu rənglər aləmində başlayır öz rəngini, öz səsini axtarmağa Mehman Dağlaroğlu. Tapanda bir az təskinlik tapır, rahatlanır. Vay odu ki, axtardığını tapmaya, onda simlərin arasında dəli-divanəyə dönür. Barmaqları pərdələrlə yoxuş aşağı, yoxuş yuxarı qalxıb-düşməkdən qaranəfəs olur. Yolunun bir ucu “Aran gözəlləməsi”nə, o biri ucu da “Dilqəmi”yə dirənəndə, geriyə yol qalmayanda bir az özünə gəlir elə bil. Ağlı kəsəndən elə bu qayda ilə yaşayır. Nə vaxt ki, uşaq idi, sazın dilini bilmirdi, onda içində danışırdı, içindəki səslərlə “müdara” edirdi. Doğulduğu Gədəbəyin Miskinli kəndi onun üçün sehrli bir aləm idi.
Dağda çiçəkləri, düzdə gülləri,
Mehmanın qəlbini köz eləyirdi.
Ətirli yamacı, şehli çöllərı.
 Ruhunu o közə üz eləyirdi.

Soyu uzanırdı gör, hansı qola,
Öz ana babası Miskin Abdala,
Yamacı kökləyib, yal çala-çala,
Cığırı,gədiyi saz eləyirdi.

Saz da işvəliydi, can üzdürürdü,
Durub  pərdələrə xal düzdürürdü,
Hərdən qaş endirib, göz süzdürürdü,
Saz Dağlaroğluna naz eləyirdi.
 Körpə ürəyi sazın bu işvəsini, nazını sinirə bilməyən Mehman günlərin bir günü valideynləri ilə birgə Bakıya köçür. Bakının Suraxanı rayonundakı “Yeni Günəşli” qəsəbəsində yeni yurd-yuva salırlar. 285 saylı orta məktəbin üçüncü sinfində oxuyarkən yenidən ürəyində saza-sözə sevgi hissi közərir. Mehman başa düşür ki, artıq “Bu xına, o xınadan deyil”. Odur ki, üz tutub atasına görək nə deyir:
Dil açanda köz ələyir,
Yer od tutur, göy mələyir,
Yandırıb lap kül eləyir,
Ata. saz məni, saz məni.
Övladının saza-sözə olan sevgisini görən ata Mehmana ürək-dirək verir. Onu daha da həvəsləndirir. Beləcə balaca Mehman bir də gözünü onda açır ki, aşıq Ədalət Dəlidağlı sazın min bir sirrini ona öyrədib. 2008-ci ildə orta məktəbi bitirən Mehman Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə daxil olur. Təhsil illəri quş qanadında uçub gedir. 2012-ci ildə elə həmin Universitetin Musiqi sənəti fakultəsinin  aşıq sənəti ixtisasını qırmızı diplomla bitirir. Həmin vaxtlardan S. Rüstəmov adına Uşaq musiqi məktəbində saz müəllimi işləyir.  Ömrünün otuzuncu Baharını yaşayan Mehman Dağlaroğlu bu gün yeni bir həvəslə çalıb-çağırır. Bir zamanlar şəyird olan Mehman indi özü şəyird hazırlayır, sazın incəliklərini körpə barmaqlara anladır.  Şəyirdi Mirağa Gədəbəyli də öz növbəsində ustadından sazın sirrini-sehrini öyrənməyə həvəslidi. Hazırda tələbələrindən Rafiz, Ramal, Ayxan, Nuhid, Fəqan, Tural, Ruslan, İlham ondan sazın sirlərini çox həvəslə öyrənirlər. 
   Mehman Dağlaroğlu yeni ifalarını  tez-tez Youtubda paylaşır, pərəstikarları onun yaradıcılığını belə daha rahat izləyə bilirlər.
   Onu tez-tez toylarda, el şənliklərində də görmək olar. Mehman Dağlarolu telli sazı köksünə sıxıb onunla həmsöhbət olur. Ömrün həmişə sazlı-sözlü olsun, Mehman Dağlaroğlu.
M. Tahir
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 366          Tarix: 12-04-2018, 08:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma