"Topa bülletenlərin atılması müşahidə olunub. Pozuntuların qarşısının alınması üçün lazımi addım atılmayıb", deyən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ( DTİHB) seçkini müşahidə missiyasının rəhbəri Corien Jonker əlavə edib ki, fundamental hüquq və azadlılar seçkinin başlıca şərtidir. Ancaq seçki prosesində hüquq və azadlıqlar ciddi şəkildə məhdudlaşdırılıb ki, bu da ATƏT öhdəliklərinə ziddir.
O, prezidentin seçki kampaniyasında iştirak etmədiyini, amma xarici nümayəndə heyətlərini qəbul etdiyini vurğulayıb.
"Digər namizədlər prezidenti açıq şəkildə tənqid etməyib. Seçkidə əsl rəqabət mühiti olmayıb. Dövlət orqanlarının işçiləri və tələbələrə təzyiqlər ciddi hadisədir və qarşısı alınmalıdır. Jurnalistlər məcburi həbslərə və suçlanmalara məruz qalıb. Tənqidlərə görə onlar belə halla üzləşiblər", ATƏT DTHİB-nin seçkini müşahidə missiyasının rəhbəri Corien Jonker bildirib.
AŞPA-nı təmsil edən nümayəndə heyətinin rəhbəri Viorel Riceard Badea deyib ki, xüsusi koordinatorun dedikləri ilə razıdır. "Hər bir millətin öz rəhbərini seçmək hüququ var. Biz vəziyyəti dərindən təhlil etmişik", deyə o, hakimiyyəti insan haqlarının vəziyyətini yaxşılaşdırmağa, Venesiya Komissiyasının, ATƏT DTİHB-nin tövsiyələrini nəzərə almağa, Avropa Məhkəməsinin qərarlarını icra etməyə çağırıb.
Aprelin 12-də saat 14:30-da ATƏT DTİHB missiyasının konfransında bir qrup hökumətyönlü jurnalist və hakimiyyət nümayəndəsinin qalmaqal yaratmasından sonra missiya tədbiri dayandırmalı olub.
Müşahidə missiyasına hücum çəkənlərin "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Xalq qəzeti"ndən Əliqismət Bədəlov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqalarının olduğunu bildirir.
Missiya seçkilərin gedişində və səsvermə zamanı qeydə alınan pozuntu faktlarını açıqlayarkən sözügedən şəxslər qışqırmağa başlayıblar və etiraz ediblər. Qutulara bülletenlərin topa ilə atılması, eyni şəxslərin bir neçə dəfə səs verməsi haqda fikirlər xüsusilə kəskin reaksiya doğurub.
Qrupdakı adamlar “Yalan danışmağa son qoyun!”, “Bu, doğru deyil!” çığıraraq missiya üzvlərinin oturduqları tribunaya tərəf gediblər.
Nəticədə tədbir dayandırılıb, missiya üzvləri zaldan çıxıblar. “Qoy, getsinlər, onlar kimdir ki, yalan danışırlar”, - bir qrup şəxs qışqırıb.
20 dəqiqədən sonra onlar qayıdaraq öz rəylərini oxumağa davam ediblər. Onlara bildiriblər ki, bir daha qayda pozuntusuna yol verilməyəcək.
Missiya yenidən konfrans zalına qayıdıb.