Və yaxud dövlət sirlərinin, məxfi informasiyaların düşmənə ötürülməsi hansı qüvvlərin maraqlarına xidmət edir?
MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin məhkəməsi davam edir. Məhkəmə prosesi sözdə mətbuata qapalı keçirilsə də, bəzi saytlarda məhkəmənin stenoqramı nöqtə-vergülünə qədər dərc olunmaqdadır. Bu məsələdə tanınmış jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi Haqqın.az və Virtualaz.org saytları daha böyük canfəşanlıq göstərir. Hansı ki, bundan öncə MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun məhkəməsində də analoji vəziyyət yaranmışdı. Belə ki, proses qapalı keçirilsə də, məhkəmənin stenoqramı E.Fətullayevin saytlarında dərc olunurdu.
Hətta vəziyyət o həddə çatmışdı ki, A.Çovdarov məhkəmədə bu məsələyə ciddi şəkildə etiraz etmiş və jurnalistin ünvanına kəskin ifadələr işlətmişdi. Lakin, görünür, ayrı-ayrı hazırlanmış “zərərçəkənlər”in ifadəsinin E.Fətullayevin saytında geniş işıqlandırılması “yuxarıların” maraq dairəsində olduğundan, hakim ittiham olunan şəxsin etirazlarına məhəl qoymadı. Və hazırda da istər A.Çovdarovun, istər də E.Quliyevin məkəməsinin gedişi ya səsyazısı, ya da video-görüntü şəklində bu və ya digər KİV-lərə ötürülməkdədir. Üstəlik, bir çox mətbu orqanları üçün əlçatmaz olsa da, MTN zabitlərinin istintaq ifadələri də bu saytlar vasitəsilə cəmiyyətə açıqlanmaqdadır.
Əlbəttə, şübhə yoxdur ki, bu materialların hər biri onu mətbuata ötürən və yaxud buna göstəriş verən qüvvələrin istəyinə uyğun şəkildə, müəyyən korrektələrlə dərc olunur. Çünki istər istintaq materiallarının, istər də məhkəmədə verilən ifadələrin məhz bu işin sifarişçisi olan məmurların maraqları çərçivəsində dərc olunduğu dəfələrlə vəkillər tərəfindən də bəyan olunub.
Təbii ki, bu materialların mətbuata ötürülməsində məqsəd heç də həmin saytlara reytinq qazandırmaq deyil, əksinə, bu işi təşkil edən qüvvələrin maraqlarının təmin olunmasıdır. Elə görünən də odur ki, bu adamlar ölkədə alternativ media şəbəkəsini faktiki olaraq sıradan çıxardığından, son vaxtlar cəmiyyətdə informasiya savaşından məharətlə yararlana bilirlər. Çünki hazırda ölkədə həmin qüvvələrin əleyhinə yazan mətbu orqan demək olar ki, qalmayıb. Bu səbəbdəndir ki, onlar istədikləri şəxsi “vətən xaini”, “casus”, “agent” və s. yarlıqlarla ləkələməyi bacarırlar. Ortada da alternativ fikir mövcud olmadığından, cəmiyyət də bu informasiyaların axını ilə “üzməyə” məcburdur...
Son zamanlar “MTN işi” çərçivəsində baş tutan məhkəmə prosesləri zamanı bir çox dövlət sirlərimizin faş olunmasına da bu prizmadan yanaşmaq lazımdır. Əslində, qapalı məhkəmə proseslərində açıqlanan informasiyaların son cümləsinədək mətbuat səhifələrinə çıxarılmasına başqa ad qoymaq da mümkün deyil.
Ötən həftə MTN general-mayoru Elçin Quliyevin məhkəmə çıxışında “mənim hər sözüm dövlət sirridir” mesajını verməsi də təsadüf deyildi. Çünki E.Quliyev yaxşı görürdü ki, məhkəmə prosesi zamanı dövlət sirləri, dövlətə çalışan məxfi agentlərin kod adları öz əlimizlə, öz mətbuatımız vasitəsilə düşmənə ötürülür. Amma təəssüf ki, MTN generalının bu mesajı qulaqardına vuruldu və sonuncu məhkəmə prosesi zamanı yenidən bir sıra ciddi faktlar mətbuat səhifələrinə çıxarıldı. Maraqlıdır, görəsən bütün bunlar kimin, hansı qüvvələrin marağına xidmət edir? Yaxşı, dövlətin və millətin maraqlarını qoyaq kənara. Bəs, hakimiyyətin maraqlarına zidd olan informasiyaların ictimailəşdirilməsi kimə lazımdır? Məsələn, müxalifət daxilində, QHT-lərdə və mediada vaxtilə MTN-ə xidmət göstərmiş insanların nəinki kod, hətta öz adlarının de-şifrə olunması, cəmiyyətə açıqlanması kimə lazım ola bilər? Axı, bütün hallarda bu insanlar hakimiyyətə xidmət edib.
Digər tərəfdən, Azərbaycan Milli Ordusunda ermənilərə xidmət edən böyük bir casus şəbəkəsinin ifşa olunmasından sonra bu informasiyaların mediaya sızması kifayət qədər düşündürücüdür. Sanki hakimiyyət daxilindəki qüvvələrdən biri digərinə “sən bizim agentləri (ermənilərə işləyən casusları) ifşa edərsənsə, mən də sənin agentlərini de-şifrə edərəm” mesajı verir. Ən maraqlısı isə odur ki, ermənilərə xidmət edən casusların adları böyük ciddi-cəhdlə gizli saxlanılsa da, hakimiyyətə işlədikləri iddia olunan şəxslərin adları zövqlə mətbuata ötürülür.
Görünən odur ki, burda deyilən çirkin niyyətlərlə yanaşı, məlum qüvvələrin başqa maraqları da yox deyil. Nəzərə alsaq ki, son günlər, xüsusən də casus şəbəkəsinin ifşa olunmasından sonra cəmiyyətdə az qala hamı bir-birini “casus” gözündə görür (!), belə bir vaxtda həmin qüvvənin onun maraqlarına xidmət etməyən və ya bu şəbəkəyə qarşı olan insanları ləkələmək üçün əllərinə geniş fürsət düşüb. Tutaq ki, 5 nəfər agentlə yanaşı, heç bir quruma bağlılığı olmayan daha bir neçə nəfərin adı da mətbuata ötürülərsə, böyük əksəriyyət onların agent olmadığına inanmayacaq. Çoxları belə zənn edəcək ki, həmin 5 nəfərin agent olduğu öz təsdiqini tapıbsa, deməli, digərləri də MTN-ə xidmət edib.
Deməli, bu vəziyyət düşünülmüş şəkildə toplumda parçalanma yaratmağa, insanların bir-birinə inamını öldürməyə, nüfuzlu ziyalıları ləkələməyə və cəmiyyətdə qarşılıqlı ittihamları artırmağa xidmət edir. Təsadüfi deyil ki, son 2 gündə sosial şəbəkələrdə çoxlu sayda insanın bir-birini agent olmaqda ittiham etməsi, bir-birinin ünvanına açıq söyüşlər yazması haqda faktlar müşahidə edilməkdədir. Hansı ki, bütün bunlar dövlətimiz və millətimiz üçün daha böyük, daha acınacaqlı bir faciənin təməlini qoyur.
Hazırda çoxumuz məsələnin ciddiliyini qəbul etməsək də, dövlət sirrimizin faş olunması, insanlar arasında qarşılıqlı ittihamların günbəgün artması gələcəkdə çox böyük fəsadlara səbəb ola bilər. Sizcə, içimizdə olan əsl vətən xainlərinin istəyi də bu deyilmi, cənablar?!
Rəşad, Hurriyyet.org
Paylaş: