Xəbər lenti

 

“Kiçik və orta sahibkarlığın vergi risklərinin minimallaşdırılması, uçotun təkmilləşdirilməsi və sadələşdirilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişiklik edilməlidir. Çünki orada Prezidentin müvafiq fərmanı ilə zidiyyətli məqamlar var”.

Ovqat.com xəbər verir ki, bunu iqtisadçı ekspert Elçin Qurbanov qələmə aldığı şərh yazısında qeyd edib.

Onun fikrincə, əgər biz uçot sistemini təkmilləşdiririksə, inkişaf etdiririksə və bununla da şəffaflıq və hesabatlılığa nail olmaq istəyiriksə, deməli, həm müəyyən güzəştlər tətbiq etməliyik, həm də uçotu sadələşdirməliyik:

“Vergi Məcəlləsində bilavasitə bu məsələləri tənzimləyən müddəalarla digər normativ sənədlər arasında bir sıra ziddiyyətlər vardır, hansı ki, diqqətdən kənarda qalmaqdadır. Bu zidiyyətlərin qanunvericilik səviyyəsində aradan qaldırılması daha məqsədəuyğundur. Məsələn; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotu Qaydası”-nın 3-cü maddəsinin (Pərakəndə ticarət sahəsində malların mədaxilinin sənədləşdirilməsi) 3.2. bəndində  3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” tərtib edilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Bu maddə sahibkarın vergi ödəyicisi olmayan şəxsdən aldığı malların uçota alınması və sənədləşdirilməsi barədə müvafiq hərəkətlərin həyata keçirilməsini müəyyən edir.

İndi isə Vergi Məcəlləsinin 58-ci maddəsində vergi hüquq pozuntularına münasibətdə sanksiya tətbiqi nəzərdə tutulan müddəanın aşağıdakı tələbinə diqqət verək:

“Maddə 58Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları   

58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda:

58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi  miqdarında; maliyyə sanksiyası tətbiq edilir”.

Əgər sahibkarlıq subyektinin sahibliyində olan malların uçotu qaydalarında vergi ödəyicisi kimi uçotu olmayan şəxslərdən alınan malların alış aktı vasitəsilə həyata keçirilməsinə yol verilirsə onda 58.8. maddədə nəzərdə tutulan sənədlərin olmamasına görə yenidən məsuliyyət tədbirinin nəzərdə tutulması düz ola bilməz.  Belə nəticəyə gəlmək olar ki, sahibkar hər hansı əsas vəsaiti, mal-materialı vergi ödəyicisi olmayan şəxsdən almışdırsa və onu mühasibat hesabatında və vergi hesabatında əks etdirsə də məsuliyyət tədbiri istisna edilmir. Bu, həm fərmana ziddir, həm də vəziyyəti çətinləşdirir. Əgər hədəf şəffaflıq və hesabatlılıqdırsa uçotun qurulması üçün bütün imkanlardan istifadə edilməli və bunun üçün əlverişli şərait yaradılmalıdır. Məsələn metallurgiya sənayesi sahəsində fəaliyyət göstərən istehsal obyektləri təkrar emal üçün metal tullantıların əsas qismini fərdi tədarükçülərdən alırlar. Belə çıxır ki, vergi nəzarəti həyata keçirilərkən alınmış metal tullantılarına görə maliyyə sanksiyası tətbiq olunmalıdır. Anoloji münasibətlərin düzgün tənzimlənməməsi sosial biznesin, habelə fərdi təsərrüfatların da inkişafına ciddi zərbə vura bilər. Bunu kənd təsərrüfatı yerli istehsal məhsullarına da aid etmək olar. Hansı ki, ƏDV məqsədləri üçün vergitutma obyekti ticarət əlavəsinin kəmiyyət ifadəsidir. Maliyyə sanksiyasının kortəbii şəkildə tətbiqi heç də məsələnin həlli yolu deyil. Ona görə də maddənin məzmununda müvafiq dəyişikliyin edilməsi zəruri əhəmiyyət daşıyır.

Məsələn aşağıdakı redaksiyada dəyişiklik edilə bilər.

 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, uçot məlumatlarında əks edilmiş alış aktı,  idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda:

 




Ana səhifəyə qayıt        Baxış: 1 235          Tarix: 30-05-2018, 07:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma