Xəbər lenti

 Elçin Qurbanov

İqtisadçı ekspert

 

Vergi Məcəlləsinə əlavə (dəyişiklik) barədə qanunvericilik layihəsi

Problemin ümumi təsviri

Biz sahibkarlıq investisiya mühitini yaxşılaşdırmaq , habelə inkişaf etdirmək üçün ilk olaraq hökmən vergi ödəyicilərinin qanunla qorunmalı olan mənafelərini həm iqtisadi, həm də sosial məqsədlər üçün nəzərə almalıyıq. Bir sözlə elə etmək lazımdır ki, vergilər həm sahibkarlarlıq fəaliyyətini stimullaşdırsın, onlar üçün vergi risklərini minimallaşdırsın, həm də qiymətlərin artımına , sosial vəziyyətin pisləşməsinə səbəb olacaq əlavə xərclər yaratmasın. Ona görə də vergi qanunvericiliyinin zaman keçdikcə təkmilləşdirilməsi zəruri olan yeni qanun normalarının yaradılması, mövcud olanlara isə əlavə və dəyişikliklərin edilməsi məsələ kimi ortaya çıxır. Əgər biz həqiqi tərəqqiyə nail olmaq, şəffaf iqtisadi mühit yaratmaq istəyiriksə, hüququn ümumi prinsiplərinin ali səviyyəsini təmin etməliyik. Bu dəfə qanunvericiliyə əlavə kimi nəzərdə tutduğum təklif çox aktual, həm də vacib bir məsələni özündə əks etdirir, hansı ki, sahibkarlar belə hallarla tez-tez rastlaşırlar.

Bu problem sadələşdirilmiş vergi ödəyicilərinə, hansı ki 2 faiz, 4 faiz , 6 faiz və 8 faiz  dərəcəsi ilə vergi ödəyənlərə aiddir. Belə ki, ənənəvi olaraq sahibkarlıq subyektlərində obyektiv və subyektiv səbəblərdən aktivlərin həqiqi sahibi işçilərin və yaxud yaxın etibar etdiyi insanların adı ilə fəaliyyət göstərir. Ona görə də vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ( vöen) həmin şəxslərə aid olur. Lakin hər hansı zəruri tələblər üzündən, məsələn, ailə quran, dövlət qulluğuna gedən, yaşayış yerini əhəmiyyətli dərəcədə dəyişən və s.  şəxslər vergi ödəyicisi kimi qeydiyyatını ləğv edir. Bu halda vergi ödəyicisi kimi qeydiyyatda olan şəxsin adında qalan mal qalığı (maddi aktivlər) yeni qeydiyyata alınan şəxsə ötürülə bilmir. Çünki malların alışına dair (idxal əməliyyatlarına münasibətdə Gömrük Bəyənnaməsi, qaimə faktura, elektron qaimə faktura, elektron vergi hesab fakturası)  müvafiq sənədlər qeydiyyatı ləğv olunan şəxsin adına rəsmiləşdirilir. Lakin malların həqiqi sahibi, yəni sahibkarlıq subyektinin müdiri digər şəxsin adına malları sənədləşdirmək üçün alqı-satqı əməliyyatı həyata keçirməli olur. Daha sadə ifadə etsək, bir şəxsin adından digər şəxsə qaimə faktura ilə satılır. Bu zaman ikiqat vergitutmadan zərər riskləri yaranır. Çünki son nəticədə aktivlərin sahibi malları özü –özünə satır və təkrar sadələşdirilmiş vergini ayrı-ayrı şəxslərin adı ilə özü ödəyir. Bu səbəbdən də malların qiyməti təbii şəkildə bahalaşır və rəqabət qabiliyyəti aşağı düşür, müflisləşmə riskləri isə artır. Belə hallar ƏDV ödəyiciləri üçün problem yaratmır. Sadələşdirilmiş vergi ödəyicilərinə isə ona görə problem yaradır ki, onlar üçün vergitutma obyekti birbaşa ticarət dövriyyəsinin kəmiyyətcə ifadəsidir. Ödənilmiş vergi məbləği heç bir halda əvəzləşdirilmir. Bu səbəbdən vergi risklərinin yüksək həddini şərtləndirir.

Ona görə də belə hadisələrin ədalətli və tərəflərin hüquqlarına zidd olmayan şəkildə tənzimlənməsi zəruridir. Biz iqtisadiyyatı inkişaf etdirmək üçün sahibkarlar və investorlar üçün bütün riskləri qarşılaya bilən qanunvericilik sistemi yaratmalıyıq. Əks halda qeyri-neft sektorunun əsasını təşkil edən özəl sektorun ( kiçik və orta sahibkarlığın) inkişafına şərait yarada bilməyəcəyik.

Yuxarıda sadalanan problemlərin həlli məqsədilə Az. Res. Vergi Məcəlləsi-nə aşağıdakı əlavənin edilməsi üçün lahiyəni təklif kimi nəzərə almağınızı xahiş edirəm:

219.1.1. Sahibkarlıq fəaliyyətinə xitam verən şəxslərin sahibliyində qalan mal qalığının sadələşdirilmiş vergi məqsədləri üçün vergi öhdəlikləri malları təhvil alan şəxsə münasibətdə vergitutma obyektidir. Bu müddəanın şərtləri yalnız təsərrüfat subyektinin ünvanı və maddi məhsul şəxs dəyişmədikdə tətbiq oluna bilər. O şərtlə ki, aktivlərin həqiqi sahibinin maddi məhsul şəxs olmasını təsdiq edən əvvəlcədən bağlanmış elektron əmək müqaviləsi olsun.

219.1.2. Bu Məcəllənin 219.1.1. maddəsində göstərilən maddi məhsul şəxs malları təhvil alan şəxslə 14 iş günü müddətində maddi məhsul şəxsi kimi əmək müqaviləsi bağlamağa borcludur. Əks halda, fəaliyyətinə xitam verilmiş vergi ödəyicisinin sahibliyində qalan mal qalığının dəyəri vergitutma obyekti hesab olunur.




Ana səhifəyə qayıt        Baxış: 1 554          Tarix: 20-12-2017, 12:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma