Xəbər lenti

  

Əliyeva Mahirə Mirzəağa qızı:

1964-cü ildə Bakıda ziyalı ailəsində doğulub. Kiçik yaşlarından şeir və hekayələr yazmağa başlayıb. Ailə qurduqdan sonra, uzun illər bu sahədən uzaqlaşıb. Moskvada yaşadığı illərdə yenidən yazmağa başlayıb. "Sevgi yarpaqları", " Sevgi yarpaqları 2" , "Damla" və "Könlümə sən düşən kimi"  kitabların müəllifidir. Moskvadakı Şəhriyar ədəbi-mədəni cəmiyyətinin üzvüdür.

Şairənin bir neçə şeirini Ovqat.com oxucularına təqdim edirik:

 

 

Deyirsən payızda gələcəyəm mən

 

Deyirsən - payızda gələcəyəm mən!

Fırtına sovurub daşı, torpağı,

Ağaclar saralıb düşüb yarpağı,

Deyirsən - payızda gələcəyəm mən?

 

Deyirsən - payızda gələcəyəm mən!

Buludun gözündən yağır damcısı,

Küləyin əlində gəzir qamçısı,

Deyirsən - payızda gələcəyəm mən?

 

Deyirsən - payızda gələcəyəm mən!

Köçüb qaranquş da yuvası bomboş.

Bu çılpaq payızın vədəsi də boş

Deyirsən - payızda gələcəyəm mən?

 

Deyirsən -payızda gələcəyəm mən!

Qış da yavaş-yavaş döyür qapını,

Ömrün payız çağı üzüb sapını,

Deyirsən - payızda gələcəyəm mən?

 

Deyirsən - payızda gələcəyəm mən!

Tələs, qurban olum, bilinmir sonu,

Artıq həsrətimin açılmır donu.

Deyirsən - payızda gələcəyəm mən?

 

Deyirsən - payızda gələcəyəm mən!

Daha payızın da ümidi itib.

Gör neçə illərin payızı bitib,

Deyirsən - payızda gələcəyəm mən!

 

Yada salır

 

Qəlb ağrıyır, payız çağı,

Yağış yuyur solu-sağı.

Yağa-yağa ayrılığı,

yada salır.

 

Sular silib izimizi,

Nə cığır var, nə də izi.

Biri gedib, birimizi,

oda salir.

 

 

Yuxu

 

Yuxu axır gözümdən

Alır məni özümdən.

Min bir dərdin üzündən

Ayılmaq istəmirəm.

 

Yuxularda ya xanam

Ya da taxta çıxanam

Mən Allaha yaxınam

Ayılmaq istəmirəm.

 

Yatım qalım əbədi

Oyatmayın nəbadə.

Yuxularım Kəbədi

Ayılmaq istəmirəm.

 

Qoyun məni rahat yatım

 

Qollarimı kəsin atın,

Saçlarımdan dara çəkin.

Dərd kəfəni əynimdədir,

Tabutuma qara çəkin.

 

Yığılmasın dost-tanışlar,

Kimsə deyər torpaq atım.

Mən diriykən torpaq idim,

Qoyun məni rahat yatim.

 

Xəbərin yoxdur

 

Sinəmdə, eşqindən cənnət yaranıb,

Ətri nəfəs kəsir, xəbərin yoxdur.

Tellərim, əlinlə elə daranıb,

Külək, məndən küsür, xəbərin yoxdur.

 

Bəxtəvər gözlərim daha ağlamır,

Qəlbim nifrət bilmir, kin də saxlamır.

Ürəyim, özgəyə könül bağlamır,

Səndən ötrü əsir, xəbərin yoxdur.

 

Sağımda, solumda güldü, çiçəkdi,

Məhəbbət notları töküləcəkdi.

Tanrı da bu eşqə qolunu çəkdi,

Vüsal, bizi gəzir, xəbərin yoxdur.

 

Şirin olur laylası

 

Şirin olur laylası,

Xoş nəvası ananın.

Hər yaranı sağaldar,

Dil dəvası ananın.

 

Gecə çəkər keşiyi,

Yırğalayar beşiyi.

Bürüyər ev-eşiyi,

Gül havası ananın.

 

Dəli olub bu ürək

 

Söz anlamır üzümdən,

Qəmi tökür gözümdən.

Küsür mənim özümdən,

Dəli olub bu ürək.

 

Boğur, gecə nəfəsi,

Nə sözü var, nə səsi.

Yenə gəlib həvəsi,

Dəli olub bu ürək.

 

Sinəm dardı, basılıb,

Bir tərəfə qısılıb.

Dərd ipindən asılıb,

Dəli olub bu ürək.

Bu dünyanı unudum

 

Niyə axı sevinc yox, könül dada, şad ola,

Bir qədəh sevgi meyi, dodağımda dad ola.

Razıyam əzabından ürəyim bərbad ola,

Bu dünyanı unudum.

 

Niyə axı yuxu yox, tuta, gözüm məst ola,

Yuxular, gecələrlə qoşa ola, dəst ola.

Gecənin qucağında ruhum da sərbəst ola,

Bu dünyanı unudum.

 

Niyə axı "niyə" çox, cavab yoxdur tən ola,

Hər dolanbac cavaba, dalan ola, tin ola.

Qorxuram haqsızlığa ürəyimdə kin ola,

Bu dünyanı unudum.

 

Bağışla

 

Mən buluda sığınıb,

Ovunuram yağışla.

Sən günəş qucağında,

tək qalmısan... Bağışla!

 

Mən həsrətin əlində,

Qəmli notlar dilində.

Sən, ağ atın belində,

Tək qalmısan... Bağışla!

 

Mən, dərdlər dənizində,

Sakit, səssiz bir ada.

Sən, bu boyda dünyada,

Tək qalmısan... Bağışla!

 

HƏSRƏTİMİZ ƏRİYƏR

 

Sanırdım külək olsan, saçlarımı qatarsan,

Ay olsan, ulduz olsan, pəncərəmdə yatarsan.

İşığını, nurunu, otağıma atarsan,

Yatağımı bürüyər.

 

Sanırdım səma olsan, zərrə olsam taparsan.

Bir damla yağış olsan, buludlardan qoparsan.

Düşərsən yanağıma, dodağıma hoparsan,

Həsrətimiz əriyər.

 

Sanırdım yuxu deyil, inanırdım özüm də,

Çevrildin xəyallara, yuxu oldun gözümdə.

Sənsizliksə hər gecə, alov tutub üzümdə,

Vücudumda yeriyər.

 

 

Şeir yazmaq istəyirəm

 

Şeir yazmaq istəyirəm

Hisslərimə bürünməsin.

Kəlmələrin arxasında,

Acılarım görünməsin.

 

Misralarda sevinc olsun,

Qüssə, kədər oxunmasın.

Həsrətimin gözyaşına,

Barmaqlarım toxunmasın.

 

Dərd gizlənsin gözlərimdə

kimsə mədən sıxılmasın.

Mən özümü aldadım ki,

Xəyallarım yıxılmasın.

 

Ha yazsam da, boşa çıxır

Kəlmə-kəlmə boğuluram.

Ya hicranın qucağında,

Ya nifrətdə doğuluram.

 

Bəndi bənddən ayırıram,

Nöqtə-nöqtə sona çatım.

Qarışdırıb mürəkkəbə,

Qələmimdən səni atım.

 

 

Qəlbim niyə sızlayır

 

Tənhalığın qolunda dolaşıram, gəzirəm,

Cığırlara birəbir, xəyalları düzürəm.

Düşünürsən mən daşam, yoxluğuna dözürəm,

Qəlbim niyə sızlayır?

 

Məhəbbətim üşüyür, qızınmağa donu yox,

Hicranın da, qəmin də qılıncının qını yox.

Könlüm, elə deyir ki, bu sevdanın sonu yox,

Qəlbim niyə sızlayır?

 

Keçmişə boylanıram, geriyə yol bağlanıb,

Ümid artıq fələyin, baltasıyla doğranıb.

Yumuram gözlərimi, xatirələr saxlanıb,

Qəlbim niyə sızlayır?

 

 

Payız sevgisi

 

Şirindir payızda doğan sevgi də,

Sevinci, qismətin bir an da olsa.

Şirindir qırılan hər bir yarpağı,

Qızarmış, saralmış xəzan da olsa.

 

Sıxırsan sinənə üşüməsini,

Yazırsan beyninə həzin səsini,

Yuxular görürsən, tərsinəsini,

Anlada-anlada yozan da olsa.

 

Bilirsən qışı var, küləyi əsər

Şaxtası düşüncə, nəfəsi kəsər.

Hər fəslin sevgisi yeni bir əsər,

Sonunu yarımçıq yazan da olsa.

 

Ömür keçib

 

Duman tutub gözlərimi,

Külək alıb sözlərimi,

Bükə-bükə dizlərimi,

ömür keçib.

 

Gecə, dərdli gecələyib,

Dərd, gecəyə güc eləyib.

Dərmanını kəc eləyib,

ömür keçib.

 

Qəm əzdirib susa-susa,

Həyatını pusa-pusa,

Səadəti qusa-qusa,

ömür keçib.

 

Mən uduzdum, dünya yaşa,

İstəmirəm qalaq qoşa.

Lap köksündən sevgi daşa,

ömür keçib.

 

Səndən sonra

 

Xəyallarım küsür məndən,

Ümid dodaq büzür məndən.

Yuxu uzaq gəzir məndən,

səndən sonra.

 

Gücüm gedib, dizə gəlmir

Dilim susub, sözə gəlmir.

Məhəbbətim gözə gəlmir,

səndən sonra.

 

Günəş bəlkə hədər doğur,

Qürubuna qədər doğur.

Hər gün yeni kədər doğur,

səndən sonra.

 

Həsrətimin adı yoxdur,

Ürəyimin odu yoxdur,

Səssizliyin dadı yoxdur,

səndən sonra.

 

Doldururam, dolum boşdu

Sinəmdəki, solum boşdu.

Necə yatım, qolum boşdu,

səndən sonra?!

 

 

Kipriyimdə gecə yatıb

 

Yanağımda günəş batıb,

Kölgə-kölgə qarası var.

Ürəyimin közü qopub

Sağalmayan yarası var.

 

Kipriyimdə, gecə yatıb,

Mışıl-mışıl yuxusu var.

Bəbəyimi zülmət örtüb,

Ölüm kimi qoxusu var.




Ana səhifəyə qayıt        Baxış: 1 680          Tarix: 12-10-2018, 00:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma