MEK DİREKTORUNDAN ÇAĞIRIŞ: "Mərkəzi Elmi Kitabxana Azərbaycan kitabxana-informasiya məkanında fəaliyyət göstərən bütün qurumları Azərbaycan dövlətçiliyi maraqları naminə informasiya təhlükəsizliyi mövzusu ətrafında qüvvələrini birləşdirib əlaqələndirilmiş şəkildə əməkdaşlığa dəvət edir".
MƏQALƏDƏN ƏSAS TEZİSLƏR
"MEK-in məqsədi ərazi və informasiya təcavüzü şəraitində yaşayan Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin kontent və texniki baxımdan formalaşdırılmasına öz töhfəsini verməkdir"
"Mərkəzi Elmi Kitabxana Azərbaycana aid informasiyanın idarə oluna bilən və əlaqələndirilə bilən strateji resursa çevrilməsi və informasiya müharibəsində üstünlük qazandıra bilən, təsirli silah formalaşdırılması ehtiyaclarını qarşılaya bilən, kontent və texniki təhlükəsizliyin etibarlı şəkildə kəsişdiyi "Milli yaddaş” modelini təklif edir"
"Milli yaddaşın konseptual əsasları” sənədi "Biz kimik, haradanıq, köklərimiz nədir?”, "Yaşımız və ərazimiz nədir?”, "Əlifbamız, dinimiz, dilimiz, mədəniyyətimiz nədir?”, "İnkişaf istiqamətimiz və məqsədimiz nədir?”, "Bizim üçün hansı vətəndaş və insani keyfiyyətlər əhəmiyyət kəsb edir?”, "Dəyərlərimiz nədir?” suallarını cavablandırır, mövcud və formalaşdırılması arzu edilən vacib prinsipləri əks etdirir
MƏQALƏNİN TAM MƏTNİ
"İstənilən təhlükəsizlik, hətta fiziki təhlükəsizlik belə informasiya əsasında qurulur. İnformasiya təhlükəsizliyi AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) 2015-2019-cu illər üçün müəyyən etdiyi strateji hədəflər sırasında vacib yer tutur. Bu hədəflər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və AMEA-nın prezidenti akademik Akif Əlizadənin iştirakı ilə 2014-cü ilin may ayında MEK-in yeni binasının açılışı zamanı təqdim olunmuş Milli Rəqəmsal Yaddaş və Vahid İdarəetmə Sistemi layihələri əsasında formalaşdırılımışdır.
Ümumilikdə informasiya təhlükəsizliyi kibertəhlükəsizlik ilə yanaşı informasiyanın kontent təhlükəsizliyini də nəzərdə tutur. İTU təşkilatının qiymətləndirməsinə əsasən, Azərbaycan kibertəhlükəsizlik indeksinə görə 25 indikator üzrə 165-dən 48-ci pillədədir. Bu, özündən öndə ABŞ, İsrail, Kanada, Sinqapur, Koreya, Çin, Almaniya, İngiltərənin və özündən sonra Kipr, Litva, İran, Macarıstan, Qazaxıstan, Vatikanın olması ilə Azərbaycan üçün uğurlu göstəricidir. Kibertəhlükəsizlik indeksi isə, öz növbəsində, ölkənin dünya siyasətinə təsir qüvvəsinə öz töhfəsini verir.
Kibertəhlükəsizlik kontent təhlükəsizliyi məqsədi olmadıqda əhəmiyyətini itirir. Kontent təhlükəsizliyi informasiyanın ideyasının, prinsiplərinin, mövqeyinin, mənafeyinin, formatının, anlaşılma dərəcəsinin, təsir qüvvəsinin, çatdırılma qaydalarının, yayım miqyasının və mühafizəsinin hazırlanması üzrə tədbirlər sisteminə deyilir. Kibertəhlükəsizlik göstəricilərindən fərqli olaraq, informasiya təhlükəsizliyi strategiyaları ölkələr üzrə müqayisə edilmir, əsasən mədəniyyət, maliyyə, səhiyyə, idarəçilik və başqa ayrı-ayrı sektorlar üçün hazırlanır və tövsiyə olunur.
İnformasiya təhlükəsizliyi tədbirlər sistemi göstərilən ardıcıllıqda əhəmiyyəti və üstünlüyü artmaq şərtilə fərd, kollektiv, cəmiyyət və milli səviyyələrdə informasiyanı idarə edən və əlaqələndirən qurum (qurumlar) tərəfindən müəyyənləşdirilir və icraçı qismində müəyyən edilmiş fərdlər və strukturlar tərəfindən hesabatlı formada təmin edilir.
Bu gün informasiya təhlükəsizliyi ehtiyaclarının artım sürəti informasiya texnologiyaları və cəmiyyətin inkişafı sürətindən dəfələrlə artıqdır. Bir tərəfdən informasiya industriyasının bütün məhsullarını - həcmi terabaytlarla ölçülən fərdi kommunikasiyalar, sosial şəbəkələr, elektron media, rəsmi saytlar, portallar, veb-səhifələr, teleradio media kanallarının fəaliyyətini - izləmək, nəzarətdə saxlamaq, daha başlıcası, idarə etmək mümkünsüzdür. Eyni zamanda informasiya təhlükəsizliyinin də, artan mühafizə imkanlarına baxmayaraq, tam şəkildə təmin edilməsi mümkünsüzdür. İDC təşkilatının hesablamalarına görə 2025-ci ildə həcmi trilyon giqabayta çatacaq qlobal məlumat bazasının yalnız 50 faizi təhlükəsizlik tədbirləri ilə təmin edilmiş olacaq. Başqa tərəfdən, müharibə şəraitində yaşayan Azərbaycan kimi ölkə davamlı, düşünülmüş və amansız informasiya müharibəsi şəraitində milli yaddaşını qoruya-qoruya, müstəqilliyini, tarixini və mədəniyyətini tanıda-tanıda yaşayır. Bu səbəbdən Azərbaycanda informasiya istehsalı söz, fikir və mətbuat azadlığının verdiyi geniş imkanların, "informasiya azadlığı” və "informasiya təhlükəsizliyi” kimi dəyərlərin, "informasiya sahibi”, "informasiya istehsalçısı” və "informasiya istehlakçısı” kimi anlayışların bir-biri ilə ahəngdə, tənzimlənmiş olmasını tələb edir və yeni məsuliyyətlər formalaşdırır.
MEK elmi kitabxana olaraq informasiya təhlükəsizliyi problemlərinin həllinə nə kimi töhfə verə bilər?
Tarixən kitabxanalar etibarlı informasiya mənbəyi, informasiya mühafizəçisi, yayıcısı, icmanın müzakirə mərkəzi hesab olunub. Adıçəkilən istiqamətdə MEK-in məqsədi ərazi və informasiya təcavüzü şəraitində yaşayan Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin kontent və texniki baxımdan formalaşdırılmasına öz töhfəsini verməkdir. Bu məqsədlə Mərkəzi Elmi Kitabxana sərbəst elektron resurs hesab edilən və hazırkı zamanda əsas axtarış sistemlərinin məlumat sorğusunu cavablandıran müxtəlifdilli vikipediyalarda Azərbaycanın tarixinə, mədəniyyətinə dair, Azərbaycan Respublikası Prezidentinin önəmli tarixlərə dair imzaladığı sərəncamların icrasına dair məqalələr yerləşdirir və mövcud vikiməqalələri redaktə edir. Misal olaraq 2018-ci ildə "AXC-100”, "Milli mətbuat-100”, "Milli Ordu-100”, "Azərbaycanın Milli qəhrəmanları” və başqa mövzularda yerləşdirilmiş 1000-ə yaxın məqalənin adını çəkmək olar. Eyni zamanda MEK ölkə üzrə vikitəlim mərkəzinə çevrilib və AMEA-nın institut və təşkilatları da daxil olmaqla, Vikipediyada məqalələrin yaradılması və redaktəsi üzrə məsələnin ölkə maraqlarına xidmət etməsini də nəzərə alaraq ödənişsiz təlimlər keçir, YouTube sosial şəbəkəsində Azərbaycan dilində videotəlimlər yerləşdirir və Vikipediyanın əsas qaydalarını Azərbaycan icması üçün tərcümə edib istifadəyə verir. Bütün bu fəaliyyətlər MEK-in "Vikipediyanın işlək modeli” çərçivəsində reallaşdırılıb.
Azərbaycan tarixi və mədəniyyəti hər gün müxtəlif təhrif, yalan və başqa formada informasiya təcavüzləri ilə üzləşir. Kibercəmiyyətin dinamik inkişaf etdiyi dövrdə dünya ictimai rəyi çap mediasından daha çox sosial media səhifələrindən bəhrələnir və dəfələrlə artıq sürətlə formalaşır. Bu təcavüzlərə ləngimədən kəsərli arqumentlər və əlçatan mənbələr ilə qarşı durmaq çətindir. Hazırda rəqəmsallaşdırılmış e-resurslar arasında Azərbaycan üçün yüksək əhəmiyyət kəsb edən məlumatlar pərakəndə şəkildə müvəqqəti portallarda, saytlarda, arxivlərdə, bazalarda yerləşdirilir. Eyni zamanda, informasiya məkanında əhəmiyyətli, lakin rəqəmsallaşdırılmamış və sistemləşdirilməmiş şəkildə hərəkət edən məlumat da çoxdur. Ehtiyac yarandıqda bu məlumatların sistemli şəkildə aşkarlanması və istifadəyə verilməsi mümkünsüz olur. Ən vacibi isə, informasiyanın etibarlı olub-olmaması barədə sosial media, sərbəst elektron resurslar və sadə internet istifadəçilərində heç bir məlumat olmur. Nəticədə informasiya güclü silah kimi səfərbər oluna bilmir. Bu səbəbdən Mərkəzi Elmi Kitabxana Azərbaycana aid informasiyanın idarə oluna bilən və əlaqələndirilə bilən strateji resursa çevrilməsi və informasiya müharibəsində üstünlük qazandıra bilən, təsirli silah formalaşdırılması ehtiyaclarını qarşılaya bilən, kontent və texniki təhlükəsizliyin etibarlı şəkildə kəsişdiyi "Milli yaddaş” modelini təklif edir.
Bu modelə əsasən, elmin müxtəlif sahələrini - tarix, dil, ədəbiyyat, folklor, memarlıq, incəsənət, cəmiyyətşünaslıq, hüquq, fəlsəfə, media, psixologiya, marketinq, informasiya texnologiyaları, tərcümə və s. - təmsil edən mütəxəssislər vahid beyin-ekspert mərkəzində birləşir, sahələr üzrə müstəqil ekspert şuraları və bütün şuraların tabe olduğu vahid idarə heyəti və ya əlaqələndirmə şurası yaradılır.
Şura tərəfindən "Milli yaddaş” (və ya "Milli yaddaşın konseptual əsasları”) adlı Azərbaycan tarixi və mədəniyyətinin əsas prinsipial məqamlarını əks etdirən və mübahisəli sualları birmənalı cavablandıran yığcam, 3-4 səhifəlik sənəd tərtib olunur, etibarlı və kəsərli "Milli yaddaş: istinadlar, mənbələr” əlavəsi ilə təmin edilir. Əlaqələndirmə şurasının imzaladığı və təsdiqlədiyi "Milli yaddaş” sənədi öz əlavəsi (istinadları) ilə birlikdə "Milli yaddaş” rəsmi dövlət portalında müxtəlif dillərə tərcümə olunmuş şəkildə açıq istifadəyə verilir, ilk növbədə dövlət qurumlarına bazanın elektron ünvanı bildirilir və istifadəsi mütləq şəkildə tövsiyə olunur. Bazanın strateji əhəmiyyətini nəzərə alsaq, ilk növbədə dövlət müəssisələri, diplomatik nümayəndəliklər, diaspor təmsilçiləri, xaricdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri, Azərbaycan tarixinə və mədəniyyətinə dair ictimai açıqlama, intervü verən məmurlar, müzakirə və mübahisə edən istənilən rəsmi və ya mülki şəxslər, turizm sahəsinin mütəxəssisləri, televiziya, radio, qəzet redaktorları, jurnalistlər, sosial şəbəkələr administratorları istifadə edir. "Milli yaddaş” sənədi etibar və təsir qüvvəsinə görə "ana sənəd”ə çevrilir və müəssisələrdə işçi heyətə, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərə verilən təlimatlarda, dərsliklərdə istifadə olunur.
Yuxarıda səsləndirilənləri ümumiləşdirsək, "Milli yaddaş” İnformasiya Təhlükəsizliyi alqoritmi aşağıdakı kimi görünür:
- Respublika rəhbərliyi tərəfindən multiprofilli informasiya təhlükəsizliyi şurası yaradılır.
- Şura təhlükəsiz informasiya prinsiplərini formalaşdırır.
- Şura "Milli yaddaşın konseptual əsasları” sənədini hazırlayır. Sənəd "Biz kimik, haradanıq, köklərimiz nədir?”, "Yaşımız və ərazimiz nədir?”, "Əlifbamız, dinimiz, dilimiz, mədəniyyətimiz nədir?”, "İnkişaf istiqamətimiz və məqsədimiz nədir?”, "Bizim üçün hansı vətəndaş və insani keyfiyyətlər əhəmiyyət kəsb edir?”, "Dəyərlərimiz nədir?” suallarını cavablandırır, mövcud və formalaşdırılması arzu edilən vacib prinsipləri əks etdirir.
- Şura "Milli yaddaşın konseptual əsasları” sənədini "Milli yaddaş: istinadlar, mənbələr” bazası ilə təmin edir.
- Adı yuxarıda çəkilən qurumlar və əhali "Təhlükəsiz informasiya” prinsipləri üzrə təlimatlandırılır.
- Adı yuxarıda çəkilən qurumlar və əhali "Milli yaddaşın konseptual əsasları” sənədi və "Milli yaddaş: istinadlar, mənbələr” rəqəmsal baza ilə təmin edilir.
- "Milli yaddaşın konseptual əsasları”nın tezisləri dərsliklərdə, informasiya buraxılışlarında, rəsmi çıxışlarda və bəyanatlarda, diplomatik görüşlərdə, ali məktəblərdə, diaspor nümayəndəliklərində, turizm şəbəkələrində, mehmanxanalarda, restoranlarda istifadə olunması vətəndaş borcu və vəzifə öhdəliyi kimi qəbul edilir, icrası nəzarətdə saxlanılır, təhrif olunduqda cəza tədbirləri görülür.
- Orta və ali məktəblərin tədris proqramına mütləq şəkildə vahid fənn kimi daxil edilir.
Yuxarıda əks olunanlara əlavə olaraq qeyd etmək lazımdır ki, informasiya təhlükəsizliyi bütün qabarıq, gözə çarpan, informasiya baxımından əhəmiyyət kəsb edən halları və hadisələri, hətta statistik göstəriciləri də ölkəyə lazım olduğu kimi operativ şəkildə, arzuolunmaz interpretasiyaları proqnozlaşdıraraq və qabaqlayaraq, neqativ məqamları etiraf edərək, hamıdan öncə şərh etməli, həm də onlara ağlabatan şərh verməlidir. Bu məqsədlə informasiya təhlükəsizliyi laboratoriyası, beyin mərkəzi çalışmalı, bütün qurumların fəaliyyəti əlaqələndirilməlidir. Bu yanaşma milli təhlükəsizlik fəaliyyətinin bir hissəsi olmalı, daha güclü əlaqələndirilmiş, informasiya ilə təmin olunmuş, "pelenqator + eleqant hücum” prinsipi ilə çalışmalıdır. İnformasiya təcavüzü olduqda yuxarıda adı çəkilən qurumlar mümkün qədər çox dilə tərcümə edilmiş eyni tezislə öz şəbəkələrində (təsir dairələrində) çıxış etməlidir.
Milli Rəqəmsal Yaddaş layihəsinin ölkə Prezidentinə təqdim olunmasından keçən 4 il ərzində MRY bazası işlək vəziyyətə gətirilmiş, elmiləşmiş, 2018-ci ildə isə Elmin İnkişafı Fondunun dəstəyi ilə "Milli Rəqəmsal Yaddaş” bazasının proqram platformasının texniki planını hazırlayıb təqdim etmiş, MRY kataloqunun və rəqəmsal bazasının zənginləşdirilməsini davam etdirmiş və istifadəyə vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət informasiya siyasətinə və Azərbaycanın informasiya təhlükəsizliyinin yuxarıda səsləndirilən məsələlərinin həllinə Mərkəzi Elmi Kitabxana informasiya dəstəyi verməyə, Milli Rəqəmsal Yaddaş bazasının texniki və proqram imkanlarını, eləcə də sərbəst elektron resursların formalaşdırılması üzrə təcrübəsini səfərbər etməyə hazırdır. Bununla bağlı Mərkəzi Elmi Kitabxana Azərbaycan kitabxana-informasiya məkanında fəaliyyət göstərən bütün qurumları Azərbaycan dövlətçiliyi maraqları naminə informasiya təhlükəsizliyi mövzusu ətrafında qüvvələrini birləşdirib əlaqələndirilmiş şəkildə əməkdaşlığa dəvət edir".
Leyla İMANOVA,
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru
Paylaş: