Xəbər lenti

 

 

  Poeziya bəlkə də bəşəriyyətin tarixi qədər qədimdir, sadəcə olaraq insani reform gerçəkləşmələrindən sonra təzahür etmişdir. Ədəbi irəliləyiş yönündə hər bir addım ümumilikdə inkişafın məzmun və şərtlərini deyil, təzahürlərini reallaşdırmağa xidmət edir.

Xalqların sosial və mədəni həyatlarında dərin izlər buraxan hadisələr xalqın yaddaşı sayılan ədəbiyyatında əks olunur. Azərbaycan ədəbiyyatı da bu baxımdan müstəqillik illərində öz milli yaddaşının ən yüklü dövrünü yaşayır. Həm azadlığının sevincini, həm torpaqlarının erməni işğalçıları tərəfindən zəbt olunmasının ağrısını bir arada yaşayan xalqın yazarları  bu sosial dəyişimin problemlərini real, poetik və tarixi baxımdan yaddaşlara yazmağa çalışırlar.

Müharibə dövründə vətənin bir parçasını itirən, şəhidlər verən, əldə olanları qorumağa, əldən gedənləri almağa çalışan, xalqın harayına hay verən, vətən daşlarını milli mücadiləyə səsləyən şeirlərilə Mikayıl Bozalqanlı da ədəbi inkişafa xidmət edənlərdəndir. O, bütün yaradıcılığı ilə millətçilik, xəlqilik, milli azadlıq ruhunda yaşayan və yaşadan şairdi. “Ey mən türkəm deyən” şeirində bizi bizə bir daha xatırladır və mənfurlara qarşı diqqətli olmağa çağırır.

Anla zamanında, duy zamanında,
Türk qanı axırsa əgər qanında,
Türkün ən xoş yeri türkün yanında-
Çiyin-çiyinə dur, əl-ələ yapış,
Türkün türkdən yaxın dostu olmamış.

 

Kökün bir, soyun bir, dilin də birdir,
Ulusun, elatın, köyün də birdir,
Torpağın da birdir, göyün də birdir-
Çiyin-çiyinə dur, əl-ələ yapış,
Türkün türkdən yaxın dostu olmamış.

 

-misralarıyla bir millilik duyğusu yaradır, vətənpərvərlik ruhu oyadır, torpağın müqəddəsliyini qorumaqda, vətənin müdafiəsi uğrunda nələr edə biləcəyimizi sərgiləyir. Dünyanın içində bulunduğu qarmaşada hiss edilən gərginliyi dəf etmək üçün öz milli gücünə bir daha baş vurur. “Olma zülmün qulu, xalqım,
Qalx ayağa, ulu xalqım, Axtar, ara yolu, xalqım, Taleyin son amanıdı, Hesab sormaq zamanıdı.” - deyən şair vətənpərvərlik duyğularını ən çarpıcı şəkildə dilə gətirir. Oxucuya özgüvənini qazandırıb onu birliyə çağırır, zəfərlərə kökləyir.

 

Haray çəkir Ana Vətən, oyanın,
Həmrəylik istəyir Azərbaycanım.
Bölünməyin, ayıq olun, dayanın,
Həmrəylik istəyir Azərbaycanım.

 

 M.Bozalqanlı klassiklərindən faydalanaraq yaradıcılığında satira ənənəsini də davam etdirir. Bu mənada şairin yaradıcılığında müasir poeziyamızda keyfiyyət dəyişikliyi yaradan, azsaylı mərhələ də nəzərə çarpır. Aşağıdakı nümunədə şair mütərəqqi ümumbəşəri dəyərlərə malik, Azərbaycan mədəniyyəti və ədəbiyyatının satira ustadı M.Ə.Sabirin davamçısı kimi çıxış edir:

Xalq nədi, millət nədi ki,
Çəkillər zillət nədi ki,
Ya insaf, qeyrət nədi ki,
Ay hallı, dullu kişilər,
Nökərli, qullu kişilər.

 

         Burada müəllifin mövcud vəziyyətin izahı yönündə təqdim etdiyi şeir ədəbi anlayış ölçüsündə böyük dəyərə malikdir.

M.Bozalqanlı sevgi şeirlərində belə sosial zamanın içində olduğunu unutmur.

Sufiyəm, dərvişəm dinim başqadı,
Təhərim başqadı, yönüm başqadı,
Mənə vərdiş etsən, dönüm başqadı,
Unut məni, unut, sonra gec olar.

Mən gedən yolların günahı böyük,
Mən gedən yollarda günahsızlıq- yük...
Sən çalış, bu daşı ətəyindən tök,
Unut məni, unut, sonra gec olar.

         Əksər şairlər kimi M.Bozalqanlı da ana dili mövzusuna müraciət edərək, Ş.İ.Xətai­dən süzülüb B.Vahabzadənin qələmindən keçən ənənəyə sadiq qalır.

Dilim laylay, dilim aği, bayatı,
Dilim muğam, dilim segah, heyratı,
Dilim ustad- nəzmə çəkər həyatı,
Ahəstə-ahəstə qandırar səni.

  • deyən şair, “Mikayıl, vəsv eylə ana dilini, Öz dilin hörmətə mindirər səni.” misralarıyla zəmanəmizdə gündəlik həyatında rus və ya başqa əcnəbi dillərdə danışan, hətta düşünən milli “ziyalı”larımıza da bir dərs verir.

Şeirləri oxuduqca, müəllifin fikir və duyğularının mahiyyətinə vardıqca, onun poetik dünyasının incəliklərinin milli məfkurələr, milli təməllər üzərində qurulduğunu görürük. Şairin ümumilikdə poetik düşüncə mədəniyyəti millidir.

        M.Bozalqanlının xarakterindəki ciddilik, sözündəki səmimilik, davranışındakı səliqəlilik şeirlərinə də yansıyır. Hər şeirini oxuyanda oxucu onu bir az da dərindən tanıyır. Tanıyır və bilir ki, şair adicə şeir yazmır, yazdıqları onun kimliyinə işıq salır.

         M.Bozalqanlı yaradıcılığında Azərbaycan poeziyasının bir neçə janrına müraciət olunur – müxəmməs, qoşma, gəraylı, təcnis, lirika və s. Şeirlərinin əsasını qoşma təşkil etsə də məhəbbət və ictimai-siyasi lirikaya da üstünlük verir. Təcnisin müxtəlif formalarında yazdığı şeirlər aşıqlar tərəfindən oxunur. Şairin xeyli sayda müxtəlif mövzulu şeirləri (vətənpərvərlik, türklük, ilahi, sevgi) nəğməyə çevrilib könüllər oxşayır. Onun sevilən şeirlərindən olan “Gəl danışaq” Zəka Vilayətoğlunun bəstəsindən və ifasından keçib, günümüzün hit mahnısına çevrildi.

Danışaq beləcə, duraq üz-üzə,
Sən də sus, mən də.
Qoy gözlər danışsın, belə, göz-gözə,
Sən də sus, mən də.

 

Ürəklər çırpınsın, çıxsın yerindən,
Ciyər nəfəs alsın, dolsun dərindən, 
Əllər xəbər tutsun biri birindən,
Sən də sus, mən də.

 

Qollar kəmər olsun, belə dolansın,
Barmaq şana olsun telə dolansın,
Dodaqlar od tutsun, alışsın, yansın,
Sən də sus, mən də.

 

Təmasın havası beyinə dolsun,
Bədən uçunduqca, gözlər yumulsun,
Nələr olacaqsa, elə qoy olsun,
Sən də sus, mən də...

 

Hər işdə olduğu kimi ədəbi mövzularda da köhnələr təzələrdən öncə gəlir. Amma bu köhnələr kökə bağlı olanda yenilənə bilir, çünki bayağı olan heç bir mövzu özünü yeniləyə bilmir. M. Bozalqanlının yaradıcılığı başdan-sona kökə söykənib. Ona görə də hər mövzusu birmənalı şəkildə qəbulediləndir, şeirləri nostalji yaradan yeni ruhdur.

Yollar, məni sınaq eylə,
Gəlib-getməyə gəlmişəm.
Dünya, məni qonaq eylə,
Gülüb getməyə gəlmişəm.

 

  Şairin təqdim etdiyi adət-ənənələrə söykənən şeir nümunələri keçmişdən süzülüb gələn mədəniyyətin hamisidir. M. Bozalqanlının şeirlərində orijinallığı yaradan və sonadək qoruyan xüsusiyyət onun poetik təzadlardan yerində və düzgün ifadə etməsidir. “Vətən, mənə oğul demə, Ruhum, eşqim ər olmasa.
Sənə əyri baxanlara, Nifrətim hünər olmasa.” misralarıyla ziddiyyətli məqamları qarşılaşdırmaqla, təzadlı “dünyaları” toqquşdurmaqla yaratdığı qığılcımın işığında öz ideyasını həyata keçirir, “Hissim, duyğum qərarımda əzəldi, Duyğulandım, müşküllərim düzəldi.” – deyərək hər iki məqamda mövzunu toparlaya bilir.

“Şərəflə yaşasan ölüm dərd deyil” deyən şairi həyat qayğıları narahat etmir, əksinə, onlar mədəni və milli öhdəçilik olaraq məsələlərin hərəkət nöqtəsini əmələ gətirir. Bu da oxucunu onun yazdıqlarının özü olduğuna inandıra bilir.

Şair elin dar günündə cəsarətinə, xoş günündə şadlığına sarılır. Qışda yaz havasına, qəmdə saz havasına, şeir vaxtı öz havasına köklənir.

Baxıram, görünmür - sisdi, dumandı,
Ömür yolu deyib- sayaqlayıram.
Qatıb qabağıma xeyli zamandı,
Öz ömür yolumı ayaqlayıram...

 

        “Dünya məndən inciməsin” deyir 60 yaşının astanasında. İnsanlığın güzgüsü ola biləcək şairdən dünya inciyə bilərmi?!

 

 

ADİLƏ NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

 




Ana səhifəyə qayıt        Baxış: 649          Tarix: 17-12-2018, 16:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma