Şair Ələsgər Talıboğlu çağdaş Azərbaycan poeziyasında özgür düşüncəsi ilə kimsəyə bənzəməyən ədiblərimizdən biridir. Onun yaradıcılığının ümmanı və ruhuna hakim kəsilən duyğularının nə sınırları bəllidir, nə də ənginlikləri. Ələsgər Talıboğlu nədən və necə yazmasından asılı olmayaraq, yazdığı şeirlərində özümlü biçimlərinin palitrasına əzəmətli boyalar qatan bir sənətkardır. Bəzən ədəbiyyatda elə yazarlara və ya şairlərə rast gəlirsən ki, onların ədəbi düşüncəsinin kimin və nəyin ruhundan qaynaq tapdığının fərqinə vara bilmək mümkün olmur. Onların yaradıcılığının coğrafiyası sanki çağdaş robotlaşmanın bir düzəni olaraq görülür. Bir də var, ruhunun mənbəyi və mənsəbi anındaca bilinən könül duyğularının ədəbiyyatı. Əslində gerçək ədəbiyyat və poetika belə olmalıdır. Onsuz da əsil ədəbi əsərlər heç zaman coğrafi üfüqlər tanımamışdır. Böyük qırğız yazıçısı Çingiz Aytmatov bütün ədəbi yaradıcılığı ilə sadəcə mənsub olduğu soyun ruhunu yazmırdı. Onun əsərləri həm də qırğız kimliyinin ədəbi və estetik duyumları ilə dünyanın özüylə bir bütün oldu. Mirzə Cəlil və Hüseyn Cavid kimi ünlü qələm sahibləri öz zamanlarının ruhunu böyük milli simfoniyaya çevirə bildilər. Eynilə XIX yüzildə böyük alman bəstəçisi Rixard Vaqner kimi. Rixard Vaqner kilsənin yüzillər boyu unutdurduğu və yaddaşlardan sildiyi əski alman əsatirlərini, mifologemlərini simfonizmə gətirməklə möhtəşəm alman ruhunu, kimliyini yaratdı. Beləliklə kilsə tərəfindən param-parça olmuş, kiçik şəhər dövlətlərinə bölünmüş alman xalqının milli birliyinin simgəsini ucaltdı. Bundan sonra nəhəng Almaniya yarandı. O Almaniya ki, iki dünya savaşı görsə də, hər iki savaşda milyonlarla insanlarını itirsə də, minlərlə şəhər və qəsəbələri darmadağın olunsa da, bu gün yenə də möhtəşəmdir. Çünki, Rixard Vaqnerin simfonizminin estetik və duyum, mifologemlərinin və dəyərlərinin hər biri alman dühası üçündür. Bu konsept əslində dünyanın bütün mədəni toplumları üçün böyük bir örnəkdir. Azərbaycan ədəbi-mədəni mühiti məhz bu yöndə özümlü inkişaf doktrinasına sahibdir. Çarlıq Rusiyasının 1812-ci ildən başlanılan Azərbaycanı işğal və böyük bir vətəni ikiyə parçalamaq kimi dərin siyasətləri, xalqımızın dünyanın mədəni inkişafından daim geridə tutmaq kimi hədəflərindən qurtulmanın tək yolunu böyük zəka sahiblərimiz, milli ədəbi-mədəni prosesimizin uzmanları qurtara bildilər. Bu sırada Mirzə Fətəli Axundzadə, Həsən Bəy Zərdabi, Nəcəf Bəy Vəzirov, Məhəmməd Tağı Sidqi, Məhəmmədtağı Şahtaxtı, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Əhməd Bəy Cəfəroğlu, Üzeyir Bəy Hacıbəyli, Firudin Bəy Köçərli, Müslüm Maqomayev, Mirzə Cəlil, Əzim Əzimzadə, Bəhruz Kəngərli və yüzlərlə ədiblərimiz milli fikir babalarımız olaraq Azərbaycan kimliyini dövlətçilik anlamında uzlaşdıra bildilər. Onların ədəbi-mədəni mücadiləsinin sonucu olaraq, bugünki Azərbaycanımızın milli varlığına minnətdarıq. Çarlıq Rusiyası dönəmində olduğu kimi, keçmiş Sovetlər Birliyi də azından qafayuma tipli dərin siyasətlərdə bulundu. Ancaq, bu prosesin də qarşısını ədəbi-mədəni cəbhədə milli mücadilə aparan sənət adamlarımız 70 illik tarixə malik olan böyük bir dərinişi irəli sürdülər. 1920-1940, 1950-1960, 1970-1990-cı illər ədəbi mühiti min dəfələrlə təəssüflər olsun ki, dərindən öz təhlilini tapmamışdır. Bu milli cəbhə bütün ədiblərimizin səngəri oldu. Zamanla milli ədəbi-mədəni cəbhədə böyük uğurlar da əldə edildi. 1980-ci illərdən başlanılan Azərbaycan ədəbi mühiti isə tamamilə unutdurulmuş ədəbi nəslin ağırlıqları ilə müşahidə olunur. O ədəbi nəsil ki, onu təmsil edənlərin indiki ədəbi dərsliklərdə, nə də elmi tənqidi proseslərdə adları demək olar ki, çəkilmir. Aradan 37 illik bir məsafə keçsə də bu ədəbi nəsil 60-70-ci illərin ədəbi nəsli üçün “gənc ədəbi nəsil” olaraq gizli ironik yanaşımla adlandırılmaqdadır. Bu yalnışlıqların nə zaman düzələcəyi də kimsəyə bəlli deyil. Fikrimizcə, ötən yüzilin 80-ci illərindən ədəbi prosesə gələn bütün şair və yazıçılarımızın yaradıcılığı ciddi şəkildə təhlil olunmalıdır. Bu ədəbi nəslin ünlü simalarından biri də şair Ələsgər Talıboğludur. O həyatı boyu heç bir zaman uca kürsülərdən “mən də şairəm” demədi. Ədəbi yaradıcılığa necə gəlibsə, özünə məxsus poetik şəkildə şeirlərini yazır. Məhsuldar bir şair kimi öyünmək iddiasında da bulanmayıb. Ona görə də, ədəbi bürokratiya tərəfindən “tanınmış şair” titulunu qazanmayıb. Bunun gerçək səbəblərindən biri də Çağdaş Azərbaycan ədəbi prosesi çox təəssüflər olsun ki, öz dəyərini ədəbi tənqid tərəfindən hələ də almamasıdır. Ona görə ki, ədəbi tənqid deyil, “ədəbi tərif” hakim rolunda çıxış edir. Bunun əsas səbəbi isə, “kapitalist ədəbiyyatı”nın gündəmdə olması, həm də hakim mövqedə qalmasındadır. Ona görə də, çağdaş Azərbaycan ədəbi prosesinin öz estetik dəyərlərinə sahib çıxması bir qədər “ədəbi bürokratiya”nın basqısı altındadır. Beləliklə də Ələsgər Talıboğlu kimi ədiblərimiz ədəbi prosesdə uzun illərdir öz dəyərlərinə sahib çıxa bilmirlər. Fikrimizcə ötən yüzilin 80-ci illərindən üzü bu yana “unutdulmuş ədəbi nəsil” öz qiymətini almağa daha çox haqlıdır. Onlar heç zaman mənsub olduqları ədəbi nəslin adına ədəbi bürokratiyanın yaxasından sallanaraq, bayağı və ucuz şöhrətin xəstəsi olmadılar. 1980- 2017-ci illər ədəbi nəslin varlığının inkarı, yox kimi davranmaq ədəbi bürokratiyanın milli ədəbiyyatımıza vurduğu ən böyük ziyanlardan biridir. Beləcə Ələsgər Talıboğlu kimi dərin və böyük poetik duyumlu, özgür düşüncəli şair və yazarlarımız cəmiyyətdə çox az tanınırlar. Şair kimi Ələsgər Talıboğlu heç zaman ədəbi bürokratiyanın yanında yer almayıb. O, bütün istedadını və bacarığını yazdığı şeirlərinə, poetik duyğularına sərf edib. Ona görə də, Ələsgər Talıboğlu çağdaş Azərbaycan ədəbiyyatında özümlü yeri olan qələm ustalarımızdan biridir. Sadə və bəsit bir dildə poetik duyğularını ifadə etmək nə qədər çətindirsə, bu həm də çox ağır işdir. Rus ədəbiyyatının ən möhtəşəm siması Aleksandr Puşkindir. Onun adi baxışla çox bəsit şəkildə görünən və rus dilində yazdığı şeirlərini başqa dillərə çevirmək ən çətin sahə sayılır. Çünki, onun sadə dildə yazılmış şeirlərinin ekvivalentini, yəni qarşılığını adi dildə taparaq onu poetik dillə ifadə etmək dünyanın ən əzablı bir işi sayılır. Eləcə də Səməd Vurğunun bəsit dildə yazdığı ədəbi əsərlərini özgə dillərə çevirmək məsuliyyət tələb edir. Bu ənənə çağdaş Azərbaycan ədəbiyyatında bu gün də davam edir. İlk baxışdan çox bəsit bir dildə yazılmış ədəbi əsərlərin poetik hikmətinə nəzər saldıqda bizlər bunun şahidi oluruq. Ələsgər Talıboğlu da bir şair kimi bu ənənəni yaşadan ədiblərimizdəndir. Onun şeirlərini sadə dildə yazması heç o demək deyil ki, şair bəsit düşüncələrdən uzağa gedə bilmir. Ən anlaşıqlı və sadə bir dillə böyük poetik duyumları ifadə etmək əslində istənilən şairin və ya yazıçının dahiliyinin isbatıdır. Mirzə Cəlil “Molla Nəsrəddin”in ilk sayını çap edəndə dərginin titul vəqərinin ən uca yerində bu sözləri yazmışdı: “Çalışın ananızın danışdığı dildə yazın”. Bu deyimin əslində tək bir anlamı var. Yer üzündə ana qədər sadə və anlaşıqlı tərzdə danışan ikinci ilahi varlıq yoxdur. Ananın nə demək istədiyini, nəyi anlatmaq üçün çaba göstərdiyini hər bir insan erkən yaşlarından mənimsəyir. Bütün həyatı boyunca da ananın sadə və anlaşıqlı bir dillə poetik duyumları hər birimizin ruhunda yer alan və hakim olan ən yüksək dəyərdir. Ələsgər Talıboğlu sanki bütün şeirlərində milli düşüncə sistemimizə Mirzə Cəlil demişkən anamızın danışdığı dillə poetik duyğularımızın tərcümanıdır. Biz bu yazımızda Ələsgər Talıboğlunun şeirlərini, ədəbi düşünclərində yer alan poetik duyumlarını təhlil etmədik. Sadəcə onun kimliyini təqdim etməyə çalışdıq. Əslində şairi təhlillə deyil, onun əsərlərini oxumaqla dəyərləndirmək oxucunun vicdan borcudur. Şair Ələsgər Talıboğlunun şeirlərində ucuz və bayağı şəkildə filosofluğa yer yoxdur. Zatən onun duyğularında yer alan şeirlərinin anlamları milli varlığımızın fəlsəfi pıçıltılarıdır. Səsli-küylü, bayağı və ucuz deyim onun şeirlərinə tamamilə yaddır. Şair sanki milli fəlsəfəmizi poetik dillə bir rəssam kimi möhtəşəm tablolarını yaradır. Buna elmi dillə Türkün genetik kodlarının poetik pıçıltısı deyilir. Milli varlığımızın ənginliklərinin poetik duyumlarını şeirə çevirməklə özümlü və ərdəmli olmağımızı təlqin edir. Kimsənin qapısını döyməyən, heç nə ummadan milli ədəbi prosesimizdə şair Ələsgər Talıboğlunun imzası hər şey deməkdir. Sadəcə onun duyğularının pıçıltısı olan şeirlərini sevə-sevə oxumaq gərəkdir.
Ənvər BÖRÜSOY,
sənətşünas
Paylaş: