Xəbər lenti

  

“Son günlərdə bəzi informasiya vasitələrində Bakı şəhərinin və eləcə də digər rayonlarımızın mağazalarında pirotexniki vasitələrin satışı ilə bağlı materiallar yayınlanmaqdadır. Qadağan olunmuş, zərərverici, insan həyatı üçün təhlükəli olan  bu vasitələrin Sədərək Ticarət Mərkəzindən ölkəmizin bir çox satış mərkəzlərinə yayılması iddialar irəli sürülür. Bu iddialar həqiqəti əks etdirmir və müəssisəmizin işgüzar nüfuzuna xələl gətirmək məqsədi güdür”.

Sədərək Ticarət Mərkəzindən Ovqat.com-a verilən məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, Sədərək Ticarət Mərkəzi Qafqazın ən böyük alış-veriş mərkəzlərindən biridir: “Burda on minlərlə adam çalışır. Bu mərkəz ölkəmizin ən böyük vergi daşıyıcılarındandır və müəssisənin təhlükəsizliyi yüksək səviyyədə qorunur.

Ölkəmizin inkişafında böyük töhfələrdə bulunan ticarət mərkəzini bu cür yanlış iddialarla günahlandırmaq heç bir əxlaqa və məntiqə sığmır,  həm də gülüş doğurur. Axı, bu təhlükəli pirotexniki vasitələr Sədərək ticarət mərkəzində necə istehsal oluna bilər ki, ölkəmizə müxtəlif xaricdən ixrac olunur və təbii ki sərhəd keçid məntəqələrindən hansı vasitələrləsə qeyri-qanuni şəkildə keçirilir. Hər il yeni il ərəfəsində pirotexniki vasitələrin qanunsuz satışı ilə bağlı məsələ gündəmə gəlir və geniş müzakirəyə səbəb olur.

Bu il, yeni il ərəfəsində bu problemin yenidən gündəmə gəlməsi anlaşılan və başa düşüləndir. İnformasiya vasitələrini də başa düşmək olar. Amma gərək insafı, haqqı, ədaləti də əldən qoymayaq, kimisə, hər hansı qurumusa bununla bağlı yerli-yersiz ittiham etməyək.

Onu da vurğulayaq ki, Sədərək ticarət mərkəzində Sabit Mühafizə Xidməti və Qaradağ rayon polis şöbəsinin xüsusi bölməsi fəaliyyət göstərir. Bu qurumlar da nəinki pirotexniki vasitələrin, eləcə də digər təhlükəli məhsulların satışa çıxarılmamasına xüsusi nəzarət edirlər. Bu nəzarət təkcə bayram vaxtlarında deyil, həm də ilboyu, müntəzəm və intensiv olaraq həyata keçirilir”.




Ana səhifəyə qayıt        Baxış: 734          Tarix: 25-12-2018, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma