Ötən həftə yayımladığımız “Böyük tender talanı: Məntiqə sığmayan anomal xərclər” adlı araşdırması cəmiyyətdə böyük rezonans doğurdu və söz verdiyimiz kimi, “Böyük tender talanı: Anomal xərcləmələr” silsiləsindən ikinci araşdırmamızı ictimaiyyətin diqqətinə cəlb edirik.
Qeyd edək ki, Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev PİA.az saytının “Böyük tender talanı: Məntiqə sığmayan anomal xərclər” adlı araşdırmasına mövqe bildirərək bizi səriştəsizlikdə ittiham edib və qeyd edib ki: “2019-cuil dövlət büdcəsi haqqında” Qanunda Ucar rayonu üzrə ümumilikdə xərclər 7 milyon 248 min manat təşkil edir. Maliyyə Nazirliyi sözçüsünün məntqisiz açıqlamasına ayrıca cavab yazdığımıza görə, sadəcə onu bildiririk ki, qeyd olunan xərcləmələr heç də 2019-cu ilə aid deyil və bu xərcləmənin hansı ilə aid olduğunu Maliyyə Nazirliyi yaxşı bilir.
Anormal xərcləmələrlə bağlı əldə etdiyimiz yeni faktlara keçməzdən əvvəl qeyd edək ki, bu dəfəki xərcləmələr 2010-2016-cı illəri əhatə edir və Maliyyə Nazirliyi zəhmət çəkib bu yazıda təqdim edilənlərin “2019-cu il dövlət büdcəsi haqqında” Qanunda yer almadığını söyləməsin!
Keçək faktlara. Bakının Xətai rayonunda Xocalı küçəsi 12V-də yerləşən 3 saylı uşaq evi ümumilikdə 120 uşaq üçün nəzərdə tutlub. Qeyd edək ki, 3 saylı uşaq evində Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə 2014-cü ilin iyul ayında başlanan əsaslı təmir-tikinti və bərpa işləri 2016-cı ildə başa çatıb. Hazırda uşaq evində neçə uşağın yaşadığını deyə bilmərik, amma qeyri-rəsmi əldə etdiyimiz məlumata görə, həmin müəssisədə 70-dən az uşaq tərbiyə alır.
Qeyd edək ki, 2017-ci ildən sonra uşaq evlərinin ərzaqla təminatını Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC həyata keçirir. 2017-ci ildən əvvəl isə uşaq evlərinin ərzaqla və digər yaşayış vəsaitlərini təminatı açıq tender yolu ilə həyata keçirilib.
Anomal olan isə odur ki, Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi https://etender.gov.az veb saytına görə, bu uşaq evinə ərzaq məhsullarının satın alınması üçün elan olunan tenderi 15. 000.13 AZN (15 milyon 13 manat) məbləğlə “AQRO-İNPEKS” MMC şirkəti qazanıb.
Yanlış duymadınız. Xətai rayonundakı 3 saylı uşaq evinin sakinləri bir il ərzində 15 milyon 13 manatlıq ərzaq tükədiblər.
Əgər biz 15. 000.13 manatı 120 nəfərə bölərsək, hər uşaq bir ildə 125 min manatlıq ərzaq istifadə edib. Və yaxud hər bir uşaq gündə 342 manatlıq yemək yeyib. Qeyd edək ki, bu anormal xərcləmə uşaq evində maksimum 120 uşağın yaşadığı halda mümkündür. Əgər biz 15. 000.13 manatlıq ərzağı 70 nəfər uşaq arasında bölərsək, o zaman hər bir uşaq bir ildə 214 min manatlıq ərzaq düşür. Bu halda hər bir uşaq gündə 587 manatlıq ərzaq yeyib.
Sizdə etiraf edərsiz ki, hər iki halda ortaya bir fantastika çıxmış olur və bu fantastikanın yaradıcıları da Təhsil Nazirliyi, Maliyyə Nazirliyi və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradıb.
Onu da qeyd edək ki, başqa bir tenderdə görə Xətai rayonundakı 3 saylı uşaq evinə ərzaq alınması üçün 160. 000 AZN (yüz altmış min) vəsait ayrılıb. Bildirək ki, bu tenderin də qalibi “AQRO-İNPEKS” MMC şirkəti olub. 160. 000 manatı 120 nəfərə bölərsək, görərik ki, bir ildə hər uşaq 1.333 manatlıq, bir gündə isə 3.62 manat ərzaq tükədib. Və yaxud da həmin vəsaitlə alınan ərzağı 70 uşaq arasında bölərsək, görərik ki, bir uşaq bir ildə 2.285 manatlıq, bir gündə isə 6.26 manatlıq ərzaq tükədib. Etiraf etməliyik bu rəqəmlər reallıqdan xəbər verir və çox inandırıcı görünür.
Bəs hansı səbəbdən bir il Xətai rayonundakı 3 saylı uşaq evində tərbiyə alan uşaqların hər biri gündə ortalama 450-550 manat, o biri il isə gündə ortalama 4.5-6 manat arasında ərzaq yeyib? Bunun izahını kimsə verə bilərmi? Gördüyünüz kimi, ortada olan fərq 100 dəfəyə qədər yüksəlir və bu fərqi doğrudan da çəkinmədən fantastik adlandırmaq olar.
Yenə də ortalığa sual çıxır: Necə olur ki, bu anormallığı Maliyyə Nazirliyi görmür? Ya da Təhsil Nazirliyində kimlər və necə bir uşağın bir gündə 450-550 manatlıq ərzaq yeyə biləcəyini düşünüb və uşaqlara səxavət nümunəsi olaraq belə fantastik hesabı aparıb tender keçiriblər?
Qeyd edək ki, bu sualla biz Təhsil Nazirliyinə sorğu ilə müraciət etsək də bir həftə keçməsinə baxmayaraq, hələ ki, cavab ala bilməmişik. Amma cavab almaq istərdik. Həm Təhsil Nazirliyindən, həm də Maliyyə Nazirliyindən...
Başqa bir tenderdə isə Xətai rayonundakı 3 saylı uşaq evinə qapı üstünə vurmaq üçün şüşə lövhələrin alınması üçün 199. 995 AZN sərf olunub. Bu xərcləməni kim və necə şərh edə bilər?
Onu da qeyd edək ki, uşaq evlərinin ərzaqla təminatında anormal xərclər təkcə Xətai rayonundakı 3 saylı uşaq evində müşahidə olunmur. Misal üçün, Nizami rayonunda yerləşən 1 saylı uşaq evinin çörək, süd və süd məhsulları ilə təminatı üçün 4. 878. 356 AZN-lik ( dörd milyon səkkiz yüz yetmiş səkkiz min üç yüz əlli altı manat) tenderi “Xətai 3” KİM qazanıb.
Başqa bir tenderdə isə Gəncə şəhər uşaq evinə ərzaq alınması üçün 5. 549. 993 AZN-lik (beş milyon beş yüz qərx doqquz min doqquz yüz doxsa üç manat) xərcləmə müşahidə etdik. Tenderi “ALOV SERVİS” MMC qazanıb.
Yenə də başqa bir tenderə görə, Nizami rayonunda yerləşən 1 saylı uşaq evinin ərzaq, meyvə və tərəvəz məhsulları ilə təminatı üçün 1. 495. 161 AZN (bir milyon dörd yüz doxsan beş min yüz altmış bir manat) sərf olunub.
İstənilən halda bu siyahını bir qədər də uzada bilərik. Amma bu faktiki olaraq heç bir şeyi dəyişməz. Çünki tender talanının miqyası ortadadır və bizi maraqlandıran əsas məslə odur ki, baş verən talana görə birbaşa hansı qurum, ya da qurumlar məsuliyyət daşıyır? Ümid edirik ki, Maliyyə Nazirliyi bu talanlara dair normal və dürüst bir açıqlama ilə çıxış edəcək.
Bu araşdırmada adı keçən bütün dövlət qurumlarının, hüquqi və fiziki şəxslərin mövqeyini dərc etməyə hazırıq... \\PİA.AZ\\
Paylaş: